525.Az

On illik zəhmətin bəhrəsi - "Azərbaycan Tərcümə Ensiklopediyası"


 

On illik zəhmətin bəhrəsi -<b style="color:red"> "Azərbaycan Tərcümə Ensiklopediyası"</b> Puşkinin təbirincə desək, tərcüməçilər maarifin poçt atlarıdır. Çünki böyük coğrafi məkanda, ölkələr və xalqlar arasında, həm də keçmişlə bu gün arasında əsas ünsiyyət vasitəsi olan tərcümə işini növbəti nəsillərə ötürən məhz onlardır.

Tərcümə işi özü də bir yaradıcılıqdır və çox vaxt tərcüməçilərə tərcümə etdikləri əsərin ikinci müəllifi kimi baxırlar. Onların kimliyini ictimaiyyətə təqdim etmək özü də çox dəyərli işdir. Hansı ki, bu işə akademik Kamal Abdulla öz imzasını atdı - “Azərbaycan tərcümə ensiklopediyası” kitabını araya-ərsəyə gətirməklə.

On illik zəhmət hesabına başa gələn bu kitab tərcümə işinin bütün sahələrini özündə ehtiva edir.

Məlum olduğu kimi bütün dünyada ensiklopediya işi ciddi və çox mürəkkəb intellektual fəaliyyət növü sayılır. Bu mənada “Azərbaycan tərcümə ensiklopediyası” kitabı öz sambalı ilə seçilir. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərindən bəhs edir.

Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. “Azərbaycan Tərcümə Ensiklopediyası” “tərcümə haqqında hər şey” prinsipi ilə tərtib edilib, yəni, o, tərcümə haqqında mövcud olan bütün biliklərin sistemləşdirildiyi kitabdır.

Ensiklopediyada ayrı-ayrı tərcümə ədəbiyyatları da öz əksini tapıb. Burada Azərbaycan dilinə və dilimizdən tərcümə nümunələri və bədii, elmi, publisistik ədəbiyyatın tərcüməsi haqqında ətraflı məlumatlar verilib.

Ensiklopediyada tərcümə işi ilə məşğul olan yazıçı və tərcüməçilərinin adları, fəaliyyət istiqamətləri aydın şəkildə verilib.

Tərcümə ilə bağlı nə varsa hamısı bir vəsaitdə toplanaraq praktik şəkildə oxuculara təqdim olunur. Kitab bu sahənin adamları üçün nəinki stolüstü kitaba çevriləcək, hətta bu sahə üçün çox maraqlı hadisə kimi hələ neçə illər müzakirə mövzusu olacaq.

Düşünürəm ki, ölkəmizdə özünəməxsus həyat tərzinə çevrilən multikulturalizmlə bağlı vəsaitlər hazırlanması Kamal Abdullanın adıyla bağlıydısa, indi bu sıraya tərcümə işi də əlavə olundu.
 





06.07.2018    çap et  çap et