525.Az

Prezident: “Ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir”


 

“MİNGƏÇEVİRDƏKİ QƏZA İLƏ BAĞLI DÖVLƏT BAŞÇISININ MÜŞAVİRƏ KEÇİRƏRƏK MƏSƏLƏYƏ DƏRHAL MÜDAXİLƏ ETMƏSİ ONUN ÖLKƏNİN HƏR BİR SAHƏSİNDƏKİ PROBLEMƏ HƏSSAS YANAŞMASINDAN XƏBƏR VERİR”

Prezident: “Ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir”<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə üzrə işıq sisteminin çökməsi ciddi narahatlığa səbəb olub və problemin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Prezident İlham Əliyev yaranmış vəziyyəti şəxsi nəzarətinə götürüb, Dövlət Komissiyası yaradaraq qəzanın səbəblərinin araşdırılması, günahkarların müəyyənləşdirilərək cəzalandırılmasıyla bağlı tapşırıqlar verib.

Hadisə baş verən gecə bir neçə saat ərzində ölkə üzrə işığın bərpa olunmasına nail olunsa da, ikinci dəfə eyni hal təkrarlanıb. İyulun 3-də, günortadan sonra işıq sistemi yenidən çöküb, müəyyən fasilədən sonra elektrik enerjisinin bərpası mümkün olub.

Yaranmış vəziyyətin ciddiliyini nəzərə alan dövlət başçısı İlham Əliyev iyulun 4-də ölkənin enerji sistemində baş vermiş hadisə ilə əlaqədar müşavirə keçirib.

Prezident çıxışında qeyd edib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranıb: “Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilib. Səhər mənim sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb və komissiya öz işinə başlayıb. Komissiya qarşısında bir neçə vəzifə qoyulub. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır”.

Dövlət başçısı bildirib ki, iyulun 3-də axşam saatlarında enerjinin verilməsi yenidən kəsilib: “Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddət ərzində enerjinin verilməsi bərpa edilib. Qeyd etməliyəm ki, mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, biz bu vəziyyətdən şərəflə çıxa bilək. Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırılıb. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verilib, heç bir ağır hadisə baş verməyib”.

Prezident tapşırıq verib ki, iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır: “Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurub. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.

Ümumilikdə, prezident İlham Əliyev müşavirədə məlum hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvlərini dinlədikdən sonra bəzi nazirlərə, eləcə də “Azərenerji”nin sədri Etibar Pirverdiyevə öz iradlarını bildirib. Ölkə rəhbəri ümumrespublika üzrə işıq sisteminin çökməsi nəticəsində bir çox strateji əhəmiyyətli obyekt və müəssisələrdə, o cümlədən, metropolitendə, bəzi xəstəxanalarda generatorların olmamasını qəbuledilməz hal kimi qiymətləndirib. Bu problemlərin köklü şəkildə həll olunmasını tapşırıb.


Prezident yekun nitqində bildirib ki, strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır: “İlk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz. O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”.

Mingəçevirdə baş vermiş qəzanın aradan qaldırılması istiqamətində prezidentin ciddi nəzarəti altında həyata keçirilən təxirəsalınmaz tədbirlər, eyni zamanda, müşavirədə səslənən fikirlər, dövlətin enerji sektorunda məsul şəxslərə tutulan iradlara münasibət bildirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qeyd edib ki, Azərbaycanın enerji sistemində baş verən qəza ilə bağlı prezident İlham Əliyevin müşavirə keçirərək məsələyə dərhal müdaxilə etməsi dövlət başçısının ölkənin hər bir sahəsindəki problemə həssas yanaşmasından xəbər verir. O, “Trend”ə bildirib ki, məsələnin ciddi araşdırılması üçün dövlət başçısı dərhal tapşırıqlar verib: “Heç bir dövlət qəza hallarından sığortalanmayıb. Lakin məsələ baş vermiş hadisəyə yanaşma səviyyəsi və insanların bu qəzadan ən az ziyan çəkməsinə çalışmaqdır. Prezident İlham Əliyev bununla bağlı operativ tədbirlər həyata keçirib, lazımi tapşırıqlarını verib, dərhal məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb”.

B.Sadıqov deyib ki, baş vermiş hadisə Azərbaycan xalqı üçün bir sınaq idi: “Xalq da bu sınaqdan uğurla çıxıb. Bu hadisədən sonra baş verən proses bir daha onu göstərib ki, hakimiyyətlə xalq birdir. Xalqımız çox böyük səbr və dözüm nümayiş etdirdi, anlaşıqlı olub, Azərbaycan mətbuatı çox gözəl mövqe nümayiş etdirib və hadisəni obyektiv işıqlandırıb. İnsanlar bir-birlərinə yardım edib, dəstək olublar”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, Azərbaycanın enerji sistemində vəziyyətlə bağlı prezident İlham Əliyevin keçirdiyi müşavirə hələ uzun müddət təhlil olunacaq. O, SİA-ya bildirib ki, bu hadisə zamanı insanlar əziyyət çəkiblər, onlar indiyədək ənənəvi olaraq rastlaşmadıqları problemlərlə üzləşiblər, böyük çətin bir mərhələdən keçməli olublar: “Amma buna rəğmən gələcəyə yönəlmiş, gələcəkdə nəzərə alınmalı olan bir sıra nümunələr var”. “Hər şeydən əvvəl onu deyim ki, xüsusilə də hökumət müşavirəsində prezidentin çıxışı, ayrı-ayrı sahə ilə birbaşa və yaxud dolayı şəkildə bağlı olan dövlət adamlarının hesabatları enerji sektorumuzda mövcud olan boşluqların, texniki nasazlıqların bütünlüklə enerji təchizat sisteminin, bu infrastrukturun ölkənin tələbatına nə dərəcədə cavab verib-vermədiyi bir daha aşkar olub. Yəqin ki, bunların hər biri təhlil olunacaq. Bundan başqa, fövqəladə şəraitdə dövlət orqanları, onların rəhbərlərinin cəmiyyətin mənafeyi qarşısında nə qədər məsuliyyət hiss etdiklərini, öz peşə borcunu və prezidentin prinsiplərinə uyğun işləmək baxımından nə dərəcədə səmərəli fəaliyyət göstərib-göstərmədikləri ortaya çıxıb. Düşünürəm ki, bu da çox əhəmiyyətlidir” - deyə, A.Quliyev bildirib.

Baş redaktor deyib ki, bu hadisələr cəmiyyətin, sadə insanların ölkə prezidenti İlham Əliyevə nə qədər dərin etimad bəslədiyini, bütün fövqəladə hallarda onun mövqeyinə, fikirlərinə xüsusi önəm verdiyini bir daha ortaya qoyub: “Həmçinin, baş verən hadisə, xüsusilə də hökumət müşavirəsində gedən müzakirələr ölkə rəhbəri İlham Əliyevin enerji infrastrukturu sisteminə nə dərəcədə yaxından bələd olduğunu, onun bugünkü vəziyyətini, gələcək inkişaf meyllərini nə dərəcədə dəqiq və aydın gördüyünü bir daha sübut edib”.

Deputat Rüfət Quliyev isə xatırladıb ki, prezidentin sərəncamı ilə Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb: “Komissiya bu işlərlə məşğul olacaq və bütün səbəbləri üzə çıxaracaq. Amma ümumilikdə, Azərbaycanda energetika sahəsində daha ciddi yoxlamaların aparılmasına ehtiyac var”.

Deputatın sözlərinə görə, prezidentin keçirdiyi müşavirədə qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi “Azərenerji”yə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında ciddi nöqsanların olması barədə dəfələrlə məktub yazsa da, “Azərenerji” həmin məktubda yazılanları öz fəaliyyətində nəzərə almayıb. Dövlət başçısı müşavirədə qəzanın baş verməsində günahı olan bütün şəxslərin cəzalanacağını söyləyib. Təbii ki, günahkarların cəzalanacağı birmənalıdır. Onlara qarşı cəza tədbiri görülməlidir ki, gələcəkdə belə hal bir daha təkrarlanmasın”.

Ceyhun ABASOV

 





07.07.2018    çap et  çap et