525.Az

Elçin Əhmədov: “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək”


 

“PREZİDENT İLHAM ƏLİYEVİN TARİXİ AZƏRBAYCAN TORPAQLARI İLƏ BAĞLI ÇIXIŞLARI DÜŞMƏNİ TƏLAŞA SALIR VƏ GÜLÜNC BƏYANATLAR VERMƏSİNƏ GƏTİRİB ÇIXARİR”

Elçin Əhmədov: “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək”<b style="color:red"></b>

“Prezident İlham Əliyevin son illərdə tarixi faktlara əsaslanan, strateji xarakterli fikirləri düşmənin rahatlığını tamamilə pozub”.

Bunu 525-ə açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bildirib. O qeyd edib ki, təcavüzkar Ermənistanın cinayətkar siyasi rəhbərliyi və işğal edilmiş torpaqlarda yaradılan qondarma rejim böyük qorxu, təlaş içində məntiqsiz cümlələrlə dövlət başçısı İlham Əliyevin fikirlərinə münasibət bildirməyə çalışır: “Azərbaycan prezidentinin tarixə, hüquqa, ədalətə əsaslanan fikirlərini aydın dərk edən hər bir kəs ermənilərin nə qədər gülünc və miskin bir vəziyyətə düşdüklərini daha yaxşı anlayır”.

E.Əhmədovun sözlərinə görə,  Ermənistan dövlətinin yaradıldığı tarixi Azərbaycan torpaqları - İrəvan, Zəngəzur, Göyçə barədə dövlət başçısı çıxışlarında dəfələrlə bildirib ki, bu məsələ gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır: “Biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahalıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı-indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Professor qeyd edib ki, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması istiqamətində Azərbaycan dövləti çox mühüm işlər aparır: “Xüsusilə, Azərbaycan prezidentinin qəti və prinsipial mövqeyi, hər zaman Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində çıxışları təcavüzkar Ermənistanı və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı, heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimin rəhbərlərini hər zaman təşvişə salır. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təşkil olunan təntənəli hərbi paradda 2003-cü ildən bugünə qədər bizim hərbi xərclərimizin 15 dəfə artdığını bildirərək, əminliklə bəyan edib ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır... Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir”.

E. Əhmədov prezident İlham Əliyevin çıxışlarının hər zaman həm tarixə, həm hüquqa, həm də ədalətə əsaslandığını vurğulayıb: “Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqlarına, o cümlədən, Zəngəzur və Göyçəyə qayıtmaqla bağlı verdiyi bəyanatlar, eləcə də iyunun 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi parada çıxışı düşməni təlaşa salır və gülünc bəyanatlar verməsinə gətirib çıxarır. Prezident doğru olaraq vurğulayıb ki, Azərbaycan müharibə aparan dövlət olaraq hər zaman öz torpaqlarını işğaldan azad etmək üçün güclü orduya malikdir. Azərbaycanın bu güclü ordusu Ermənistanın ianələr hesabına yaratdığı ordusu ilə müqayisə oluna bilməz. Bu ordu istənilən zaman nəinki Qarabağda, Ermənistanın özündə ən strateji obyektlərini məhv etməyə qadirdir. Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin ayrı-ayrı vaxtlarda sərsəm bəyanatlar verməsi gülüş doğurur. İlk növbədə qeyd etmək lazımdır ki, Dağlıq Qarabağda yaradılan qondarma rejim heç bir dövlət tərəfindən tanınmayıb. Aprel hadisələri göstərib ki, “Dağlıq Qarabağ ordusu” bir mifdir. Çünki Aprel hadisələri zamanı məhv edilən əsgərlərin içərisində bir nəfər belə Dağlıq Qarabağ ermənisi yox idi.  Məhv edilənlər Ermənistandan Qarabağa göndərilən hərbçilər idi. Hazırda Qarabağda 1992-ci ilə qədər yaşayan ermənilər çox az qalıb. Hazırda Dağlıq Qarabağdakı ermənilərin  əksəriyyəti Ermənistandan, Suriyadan olanlardır. Həmin imkanı olmayan erməniləri də şirnikləndirərək ora yerləşdiriblər. Onların da sayı 20-30 mindən artıq deyil. Bu səbəbdən prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisi olub və orada azərbaycanlılar aborigen əhali kimi yaşayıb yaradıblar. Hazırda Dağlıq Qarabağda yaşayan ermənilərin sayı digər yerlərdən köçürülən ermənilərin hesabına süni surətdə artırılıb”.

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri deyib ki, Ermənistanın rəhbərliyi, eləcə də qondarma rejimin rəhbərləri unutmamalıdırlar ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, Xankəndində, Şuşada Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan xalqı Xocalı və Qaradağlıda, ümumiyyətlə Dağlıq Qarabağda qanı tökülən azərbaycanlıların qisasını alacaq: “Bunu onlar unutmasınlar. Ona görə də prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz nəyin bahasına olursa olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağda Azərbaycanın bayrağı dalğalanacaq. Bunu Ermənistanda və Dağlıq Qarabağdakı qondarma rejimin cinayətkar nümayəndələri  heç zaman unutmasınlar. Bu, tezliklə baş verəcək. Onların verdikləri bəyanatlar isə daxili auditoriyaya hesablanıb və insanları təsir altında saxlamağa çalışmaqdan başqa bir şey deyil.  Azərbaycan prezidentinin hər zaman verdiyi bəyanatlar həm tarixə, həm də hüquq və ədalətə əsaslanır. Bu, Azərbaycan dövlətinin, prezidentinin və xalqının qəti və prinsipial mövqeyidir”.

Ceyhun ABASOV

 





07.07.2018    çap et  çap et