525.Az

Millət vəkilləri tətillərini necə və harada keçirəcəklər?


 

<b style="color:red">Millət vəkilləri tətillərini necə və harada keçirəcəklər?</b>

Milli Məclisin (MM) yaz və növbədənkənar sessiyalarının başa çatması ilə millət vəkillərinin də yay tətili başladı. Yəni iyunun 29-da millət vəkilləri rəsmən yay tətilinə, sentyabr ayının 15-nə kimi iki ayyarımlıq məzuniyyətə çıxdılar. Bəs görəsən, millət vəkilləri yay tətilini, məzuniyyət dövrünü harada keçirəcəklər?

Millət vəkili Qənirə Paşayeva yay tətilini yenə iş başında keçirəcəyini, məzuniyyətə, istirahətə geniş vaxt ayıra bilməyəcəyini deyib. O, yay tətili dövründə deputat seçildiyi doğma Tovuzda seçicilərlə görüşlərini davam etdirəcəyini bildirib: “Bundan başqa, bizim təşkilatın - “Avrasiya” İctimai Birliyinin xarici ölkələrdə Azərbaycan həqiqətləri, mədəniyyəti, Qarabağla bağlı tədbirləri var. Əsas diqqət onlar üzərində olacaq. Ona görə istirahət üçün tətilə gedə bilməyəcəm”.

Millət vəkili Fazil Mustafa  yay tətilini Azərbaycanda, Bakı şəhərində və doğulub boya-başa çatdığı Naxçıvan bölgəsində keçirəcəyini bildirib: “Daha çox da istirahəti Bakıda keçirəcəyəm”.

Millət vəkili Eldəniz Səlimov öz növbəsində həmkarları kimi yay tətilində istirahətə geniş yer ayıra bilməyəcəyini deyib. Millət vəkili bildirib ki, yay tətilini daha çox doğma Xaçmaz rayonunda keçirəcək: “Yay tətili fürsətindən istifadə edib seçicilərimlə daha çox bir arada olmağa, onları dinləməyə, onları narahat edən problemlərin, məsələlərin həllini yerli və aidiyyatı qurumlarla həll etməyə üstünlük verəcəyəm. Yəni yay tətilini də qeyri-rəsmi iş başında keçirəcəyəm. Əslində, bunun özü də bir mənəvi istirahətdir. İnsanlarla, seçicilərlə bir arada olmaqdan məmnunluq duyuram. Ola bilər ki, arada da vaxt tapıb ailəmlə, dostlarımla Azərbaycanın hansısa bölgəsinə gedim...”.

Millət vəkili Kamilə Əliyeva hər il olduğu kimi, bu il də yay tətilini, istirahətini Azərbaycanda, Bakıda və ya ölkənin səfalı guşələrindən birində keçirməyə üstünlük verəcəyini bildirib: “Millət vəkilləri, siyasətçilər, elm adamları üçün tətil sözü bir qədər qəribə səslənir (gülür)... Çünki onların funksiyası elədir ki, gərək daim öz işlərinin başında olsun, qeyri-rəsmi də olsa belə... Amma təbii ki, bizlər də insanıq, dincəlməyə bizim də haqqımız çatır. Bu baxımdan, yay istirahəti dövründə vaxt edib, Bakıdan bir qədər kənarda olmağa da çalışacam. Amma yay tətilinin böyük hissəsini Bakıda olacam”.

Millət vəkili Vahid Əhmədov da həmkarlarından fəqli düşünmür. O da yay tətilini, istirahətini daha çox Azərbaycanda, doğma bölgəsi olan Quba rayonunda keçirəcəyini deyir: “Rəsmən yay tətilinə, məzuniyyətə çıxsaq da, yenə də seçicilərimin arasındayam. Elə bu günlərdə yenidən Qubada oldum, seçicilərimlə görüşdüm, qəbul keçirdim, insanları dinlədim. Qəbuldan əvvəl isə seçicilərin arzusunu nəzərə alaraq, deputat-seçici dialoqu formasında tədbir təşkil etdik. Arzu edən hər bir vətəndaşa da istədiyi məsələ ətrafında öz fikir və mülahizələrini demək və cavab almaq imkanı yaratdıq. İnsanları narahat edən bir çox məsələlər - əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, rayonda kənd təsərrüfatı məhsullarının emalı üçün iri müəssisələrin açılması, Qubada turizmin inkişafı və əhalinin məşğulluğuna müsbət təsiri, şəhərin abadlaşdırılması işlərinin daha keyfiyyətli və planlı aparılması, gənclərin işlə təmin olunmasına qayğının artırılması və s. problemlər ərtafında da geniş müzakirələr keçirdik. Özünüz də görürsünüz ki, istirahətə, dincəlməyə o qədər zamanımız yoxdur. Bunların özü də elə bir növ istirahətdir”.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsin sədri Hadi Rəcəbli yay tətilini, istirahət mövsümünü Bakıda, təmsilçisi olduğu Lənkəran rayonda keçirəcəyini söyləyib: “Neçə illərdir bir-birimizi tanıyırıq və yaxşı bilirsən ki, mənim üçün istirahət anlayışı fərqlidir. Yəni tətilə çıxsaq da, yenə parlamentə gəlib-gedir, qanunvericilik planlarımızla, görüləcək işlərimizlə maraqlanır, işləyirəm. Eyni zamanda, həm təmsilçisi olduğum, həm də doğma yurdum olan Lənkəranda oluram, orada insanlarla, seçicilərlə təmasda olmağa üstünlük verirəm. Fürsətdən də istifadə edib, “Palıdlı sahil” istirahət məkanında ailəmlə, nəvə-nəticələrimlə dincəlirəm... Hələlik ölkədən kənara çıxmaqla da bağlı planımız yoxdur... Daha çox Bakıda, Lənkəranda olacağıq”.

Millət vəkili Sahibə Qafarova işlərin çoxluğundan yay tətilində istirahətə geniş zaman ayırmaq imkanı olmadığını bildirib:

“İşlər həddindən artıq çoxdur. Odur ki, istirahətə vaxt ayırmaq da bir qədər mümkün olmur. Həmçinin, xarici səfərlər istirahətə vaxt, zaman ayırmağa imkan vermir...”

Digər millət vəkili Tahir Rzayev də yay tətilində daha çox Bakıda və Ağcabədi rayonunda olacağını bildirib: “Mən ağcabədiliyəm, 4 çağırışdır o bölgəni parlamentdə təmsil edirəm. Həm də orada evimiz var. Odur ki, yay tətilinin çoxunu Ağcabədidə keçirməyə çalışıram. Bakıda da olacağam. Ola bilsin, vaxt tapıb qısa müddətə Azərbaycanın istirahət bölgələrindən birinə də gedim”.

Kamil HƏMZƏOĞLU

 





07.07.2018    çap et  çap et