525.Az

Hönkür-hönkür ağlamaq... - Kəramət Böyükçöldən iki esse


 

Hönkür-hönkür ağlamaq... - <b style="color:red">Kəramət Böyükçöldən iki esse </b>

Yaxınlarda yazıçı dostum Aslan Quliyev mənə zəng elədi. Özü də gecə saat üç idi. Düzü, xətrini çox istədiyim və qələminə hörmət etdiyim Aslan müəllimin gecə zəngi məni diksindirdi. Görəsən, xeyirdirmi? Ancaq onun mehriban səsini eşidəndən sonra ürəkləndim. Xeyli hal-əhval tutduq. Bilirdim axırda nəsə deyəcək və bu nəsə onun gecə zənginin əsas səbəbi olacaq.

Bir az ədəbiyyatdan, ədəbi prosesdən danışandan sonra Aslan müəllim nə üçün zəng etdiyini açıb söylədi. İsti yay günlərinin birində onun başına gəlmiş hadisə içimi ağrıtdı. Axı bu qədər pis adamlar dura-dura niyə dünyanın hər çətin işi elə yazıçıların başına gəlir?!

Bilən bilir, bilməyən də bilsin ki, Aslan Quliyev Yardımlıda yaşayır, ancaq dar rayon ədəbi mühitinə sığan insan deyil. Bakıda da xeyli tanınır. Ümumiyyətlə, içində az-çox ədəbiyyat iddiası olan və istedadlı bir adamın rayon yerində yaşaması çətin məsələdir, bunun nə demək olduğunu atam mənə çox danışıb.

Aslan Quliyev dedi ki, bir səhər yuxudan durmağımla çöldə tufan qopmağı bir oldu. Toz dumana qarışdı. Elə bil Yardımlı rayonu toza çevrilib üstümə gəlirdi. Ay Allah, bu nə işdi? Deyirlər, külək allahın sözüdü. Çölə çıxdım ki, görüm nə deyir Allah? Baxdım ki, evimin üstü yoxdu. Bəs mənim evimin damı hanı? Külək evimin damını aparıb qonşunun həyətinə qoymuşdu. Özü də necə var elə, nə taxtası qırılıb, nə də bir şiferi.

Deyirlər, Allah nə elədiyini özü yaxşı bilir. Deməli, evimin damını götürüb qonşunun həyətinə qoymağını da yaxşı eləyib? Ona görə də fikirləşdim ki, ev nəyimə lazımdı, külək hara aparır-aparsın, əsas odur ki, allah məndən razı qalsın. Ancaq evsiz də olmur. Bəs nə eləyim? Evimin üstü yoxdu axı. İstədim qonşuların, dost-tanışın köməyi ilə evin damını gətirib yerinə qoyum. Amma heç kim mənə əl tutmadı. Heç yanıma da gəlmədilər. Səbəb nədir, bilmirəm. Adamlar birdən-birdə məndən küsdülər, heç kim məni danışdırmadı.

Axırda qonşunun yanına tək getdim, dedim ki, külək mənim evimin damını gətirib sənin həyətinə qoyub. Onu aparmağa gəlmişəm.

- Öldür, damı vermərəm.

- Niyə?

- Həyətimdə iki mərtəbəli ev tikəcəm, onda bu dam mənə lazım olacaq.

Aslan müəllim:

- Bəs mənim evimin üstü açıq qalsın?

- Mənə dəxili yoxdu, sən get söhbətini küləklə elə.

- Külək hardadı?

- Mən nə bilim.

Külək də çıxıb gedib. Bəs Aslan müəllim sözünü kimə desin? Bilmir nə etsin, axırda məcbur olub polis çağırır. Polis əvvəl Aslan müəllimin sözünü desə də, sonra fikrini dəyişir, o da qonşunun tərəfinə keçir. Yəni polis də eyni sözü deyib: bu adam həyətinə iki mərtəbəli ev tikəcək, onda bu örtük ona lazım olacaq.

Aslan müəllim:

- Bəs mənim evimin üstü açıq qalsın?

Polis:

- Onun bizə dəxli yoxdu.

Aslan Quliyev neyləsin? Məcbur olub zəng eləyir Yardımlı rayonunun deputatına. Aslan müəllim yazıçıdı deyə deputat onun xətrini çox istəyir, bir yerdə çox yeyib-içiblər, həm də lap gənclikdən ailəvi dost olublar.

Deputat müəllim:

- Bu saat məsələni həll eləyərəm, qəti narahat olma.

Aslan Quliyev arxayın olur, oturub həyətində cavab gözləyir, evinin damı da qonşunun həyətində. Deputat müəllim zəng eləyir Yardımlı rayonunun icra başçısına ki, belə-belə... İcra başçısı da deyir, bu saat məsələni həll eləyərəm, yazıçı dostumuza de ki, qəti ürəyini sıxmasın. Aslan Quliyev yenicə sakitləşibmiş ki, icra hakimiyyətindən beş-altı adam gəlib. Əvvəlcə hörmətli yazıçımızla mehriban görüşən icra nümayəndələri qonşunun həyətinə keçib bir-iki kəlmə danışandan sonra üzləri çönüb və fikirlərini dəyişiblər, onlar da qonşunun tərəfinə keçiblər.

İcra nümayəndələri də Aslan Quliyevə deyib ki, bu adam həyətində iki mərtəbəli ev tikəcək, onda bu örtük ona lazım olacaq.

Aslan müəllim soruşub:

- Onda mənim evimin üstü açıq qalsın?

İcra nümayəndələri:

- Onun bizə dəxli yoxdu.

Təzədən böyük ümidlərlə deputat müəllimə zəng eləyən Aslan Quliyev nə görsə yaxşıdı? Deputat da fikrini dəyişib, qışqırıb yazıçı dostunun üstünə ki, sən məni niyə işə salırsan, niyə mənə belə məsələlərə görə icra başçısına zəng elətdirirsən, niyə problem yaradırsan? Başçı mənə ağzına gələni dedi. Külək sənin evinin damını qonşunun həyətinə aparıb, yaxşı eləyib, get haqq-hesabını küləklə çək, sən nə haqla dava eləyirsən?

Deputat da qonşunun tərəfinə keçir və Aslan Quliyevə deyir:

- Bu adam həyətində iki mərtəbəli ev tikəndə örtük ona lazım olacaq.

Aslan müəllim:

- Onda mənim evimin üstü açıq qalsın?

Deputat:

- Onun mənə dəxli yoxdu.

Aslan Quliyev çox çarəsiz bir vəziyyətdə üstü açıq qalmış evinə qayıdır. Uzaqdan öz evinin örtüyünü qonşunun həyətində görüb ürəyi şan-şan olur. Öz halal qazancı ilə tikib düzəltdiyi evin açıq qalmış üstünə baxa-baxa göz yaşı tökür. Aslan müəllim o qədər ağlayır, o qədər ağlayır, bir də görür ki, yayın yay günündə göy guruldadı, ardınca yağış başladı.

Aslan Quliyev ora qaçdı, bura qaçdı, qonşuların heç biri köməyə gəlmədi. Evinin üstünə çadır çəkmək istədi, yenə heç kəs onun köməyinə çatmadı. O, bir tərəfdən çadırın yerə sallanan ucuna daş bağladı ki, külək götürüb atmasın, sonra o biri tərəfə daş bağlamaq istəyəndə külək çadırı da götürüb apardı.

Axırda Aslan Quliyev istədi ki, qəfil ürəyi partlasın, o da olmadı. Ürəyi də ona kömək eləmədi. Nə qədər istədi ölsün, hamını peşman eləsin, başını divara vurdu, özünü qaldırıb yerə çırpdı, xeyri olmadı. O günü Aslan Quliyevin gücü bircə hönkür-hönkür ağlamağa çatdı. 

03.05.2013 

İçib küçədə yatsam...

O gün xətrinə dəydim. Daha bağışla deməyə üzüm yox. Allah öldürsün məni. Səni çox sevirəm, aşkım. Axı söz vermişdim özümə ki, bir də xətrinə dəyməyəcəyəm. Daha utanıram söz verməyə, vallah. Adam nə qədər yalançı olar, nə qədər söz verib üstündə durmaz. Lap xəcalət çəkirəm. Anamcanı, başım necə qarışıbsa görməmişəm zənglərini. Nolar, inan mənə, aşkım. Şair-yazıçıların yeyib-içmək məclisində ağız deyəni qulaq eşidir ki? Hamı danışır. Bilmirsən qulaq asan kimdi. O qədər zəng eləmisən, axırda telefonun enerjisi qurtarıb və öz-özünə sönüb. Sən də düşünmüsən ki, bilə-bilə söndürmüşəm. Küsmüsən buna görə, ağlamısan, darıxmısan...

Bacın dedi, həmin gün yuxun gəlməyib, səhərə qədər yatmamısan. Zəng çatmayan nömrəmə çoxlu mesajlar yazmısan. Sonra cavab gözləmisən. Mesajlarını səhər-səhər yerimin içində oxudum. Yorğanımı başıma çəkib xeyli gülümsədim. Allah haqqı, bircə-bircə mesajların üzündən öpdüm. Sən çox təmizsən, əzizim. Çox. Hisslərin o qədər təzədi ki, rədd ol, başımdan, məni bir də narahat eləmə mesajının ardınca aşkım, nolar az iç, içki ziyandı sözünü yazmısan. O sözünü qucaqlayıb nə qədər ağladım. Mən əclafın yekəsiyəm, aşkım. Səni incitdiyimə görə.

Bayaqdan zəng eləyirəm. Telefonu niyə açmırsan? Baxdım, bloka da atmısan feysbukda. Ay Allah, nə edim? Bu gün də sevgililər günü. Bilirəm ki, darıxırsan. Hansı mahnılara qulaq asdığını da bilirəm. Özünə ayrı profil açıb statuslarımı izləyirsən, hə? Görüm nə yazır, vəziyyəti necədi? Adım kimi əminəm.

Məsələn, elə bu yazımı oxuyan kimi zəng edəcəksən. Dəqiq. Özü də bilinməyən nömrəylə. Düzdür? Yüz faiz. Mənim həssas balacam, çox dözə bilməzsən küsülü qalmağa. Həmişə deyirsən ki, niyə uşaq kimi baxırsan mənə? Uşaq deyiləm axı. Axı uşaqsan, hələ 18 yaşın var. Sən mənim bapbalacamsan, bapbalacam. Sənə ömür boyu uşaq kimi baxacağam. Səni heç vaxt böyüməyə qoymayacağam. Həmişə balaca qal. Adam böyüdükcə kirlənir, balacam, kirlənir.

O günü Sahil bağında görüşdük. Yadına gəlir? Hava da soyuq. Yadımdan çıxmaz o gün. Qar da bir yandan. Soyuq səni qucaqlamağım üçün yaxşı bəhanə oldu. İkimiz bir canda üşüdük. Qəfil üzümə elə sevgiylə baxdın ki, ürəyim titrədi. İstədim o sevgini götürüm üzündən. Özü də barmaqlarımın ucunda. Yavaşca. Tərpənmə, əzizim, nolar, tərpənmə, birdən üzündəki sevgi yerə yıxılar. Tozlanar. Birdən əzilər. Birdən qolu sınar o sevginin. Balaca uşaqların domino daşlarıyla qurduğu evə oxşayır o sevgi. Nolar, gözlərini qəfil yumma. Yavaş yum. Birdən kimsə oğurlayar. Saçın üzünə dağılanda ehtiyatlı ol. Sevgi üzdə olur həmişə. Üzünü təmiz saxla, əzizim. Üzünü təmiz saxla. Həmişə. Mən sənin üzünü sevirəm.

Uçub-dağılmışdım, sən təzədən qurdun məni. O günü yediyin dönərin içindən bir ət götürüb ağzıma uzatmağın qurdu məni. Yanında olanda kəpənək əllərinlə üst-başımı təmizləməyin qurdu məni. Barmaqlarınla saçlarımı daramağın qurdu məni. Mən sınmağa meyilli adamam. Məni sınmağa qoyma, aşkım. Allah haqqı, elə bil pərt olmaqdan ötrü ölürəm. Qoyma pərt olum. Oturub çay içəndə ofisiant şokoladları, ləbləbiləri stolun üstünə yığanda etiraz elə. Pulumuz yoxdur axı. Aşkım, utanıram ofisianta deyəm ki, bunları geri qaytar. Özümü sındırmaq istəmirəm. Mənim dillənməyim yaxşı deyil. Pis çıxır. Sən dillən. De ki, lazım deyil bunlar. Sadə çay istəyirik. Hətta desəm qoy qalsın, qoy qalsın, sən razılaşma, de ki, qalmasın. Yaxşımı?

Məni sənin gözündən salmaq üçün haqqımda çox söz deyə bilərlər. Heç kəsə inanma. Mənə inan. Bircə mənə. Həmişə inan. Həmişə. Başqa heç kim inanmasın mənə. Maraqlı deyil. Ömrünün axırına qədər inan mənə. Yalan desəm də inan. Yalanıma da inan. Səni aldatsam, yenə inan. Səni atıb getsəm, inan ki, qayıdacağam. Sənə min dəfə söz verib heç birinin üstündə durmasam inan yenə. Sənə xəyanət eləsəm də inan. Sev məni. Qədrini bilməsəm, yenə məni tək qoyma. Heç vaxt tək qoyma. Evə gec gəlsəm, səhərə qədər gözlə. Görsən ki, gəlmədim, sən də yatma. Görsən ki, içib küçədə yatmışam, gəl uzan yanıma, əzizim, gəl uzan yanıma.

Mənim haqqımda sənə nə deyə bilərlər ki? Elə özüm deyirəm də. Mən avarayam, fərsizin biriyəm, gecələr evə gec gəlirəm, bəzən heç gəlmirəm də. Çoxlu içirəm. Gic-gic yazılar yazıram. Maaşım da çox az. Özümü güclə dolandırır. Pulum yox. Etibarsızam, yalançıyam, tərbiyəsizəm, ağzımı açanda söyüşlə açıram... Di bildin? De görüm, mənlə ömür çürütməyə hazırsan? Razısansa gəl bir yerdə darıxaq, bir yerdə ağlayaq, bir yerdə sınaq, bir yerdə pərt olaq, bir yerdə üşüyək... Söz verirəm, pulum olan kimi sənə qəfəsdə bülbül alacağam. Açıb buraxarsan havaya. Tullanıb əl çalarsan arxasınca, mənim balacam.

Dünən aldığın ətirdən vurmuşam. Qəşəngdi. Çox sağ ol. Sevgililər günü hədiyyəsi. Özün niyə gəlmədin ki? Bacından yolladın. Guya küsmüsən, hə? Uşaq! Ətirin üstündə balaca kağızı da gördüm. Oxudum yazdığın sözləri. Sözləri o qədər aydın, səliqəylə yazmısan ki, birdən nəyisə səhv başa düşərəm deyə. O nədi, ürək dərmanı da tökmüsən kağızın üstünə? Öpdüm o kağız parçasını, aşkım. Ovcuma alıb sıxdım üzümə. Səni çox sevirəm. Dəli kimi, it kimi sevirəm. Ən çox da üzünü sevirəm. O təmiz üzünü. Həmişə təmiz qal.

Aşkım, o qədər əminəm ki, məndən ayrıla bilməyəcəyinə. Düzdü, buna görə hərdən qudururam da. Yekəbaşlıq edirəm. Başlayıram özümü pisləməyə ki, əclafam, etibarsızam, yalançıyam... Axı sən məni yaxşı tanıyırsan. Bilirsən necə adam olduğumu. Biz xoşbəxt olacağıq. Çox xoşbəxt. Pulumuz olmayacaq, amma təmiz üzümüz olacaq, baxıb doymaq üçün.

Narahat olma, evdəyəm. Oturub çay içə-içə yazı yazıram. İndi durub çiməcəyəm. Bu gün çıxmayacağam heç yana. Dünən məclisdəydim, çoxlu içmişəm. Dayımgil də bizdəymiş. Bir az dayımla ağızlaşdıq. O da şapalağı qulağımın dibinə necə ilişdirdisə qan təzyiqim qalxdı. Çimib yatacağam. Məni sənin zəngin oyatsın bu qəşəng sevgililər günü.

Aşkım, pulum olan kimi sənə gül də alacağam. Söz.

 





09.07.2018    çap et  çap et