525.Az

Vətəndaşları itaətsizliyə çağıranlara qarşı ciddi tədbirlər görülməlidir


 

Vətəndaşları itaətsizliyə çağıranlara qarşı ciddi tədbirlər görülməlidir<b style="color:red"></b>

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsd hadisəsi ölkə gündəmini zəbt edən əsas mövzulardan biridir.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin hadisəsi barədə yaydıqları birgə məlumatda bildirilib ki, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib: "Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. 2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında onu izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayaraq hadisə yerindən qaçıb.

Bu il iyul ayının 3-də isə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gələrək qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib".

Məlumatda, həmçinin, qeyd olunub ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub: "Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir".

Eyni zamanda, bildirilir ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi xalqın qəzəbi kimi qələmə verən, vətəndaşları itaətsizliyə çağıran, terror və qarşıdurmanı alovlandırmağa çalışan şəxslər, eləcə də "Facebook" istifadəçiləri, səhifələri, KİV-lərə qarşı ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, 2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin, ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb: "Həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrinə, o cümlədən, sosial şəbəkə istifadəçilərinə ("facebook", "twitter", "instagram" və s.) "Kütləvi informasiya vasitələri" haqqında Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək.

Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək divident qazanmaq, yaxud manipulyasiya etmək, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur: "Çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür və siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasyadan asılı olaraq, Şimal, yaxud Cənuba istiqamətlənənlərin, sərbaz, yaxud kazak çəkməsi həsrəti yaşayanların illüziyalarının bu ölkəyə necə baha başa gəldiyi unudulur. Kölgəsiz yaşaya bilməyənlər, əcnəbi əsgərin süngüsünü, diplomatın bəyanatını özü üçün ən yaxşı dayaq hesab edənlər yenə iş başındadır. Azərbaycan tarixi ibrət götürməli epizodlarla o qədər zəngindir ki, yalnız əbləhlər bunu qulaqardına vura bilər. Bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar. Amma unudurlar ki, anarxistlər, yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar. Gəncə elə vahid, bölünməz, ən başlıcası suveren Azərbaycan ideyasının rəmzlərindən biridir. Gəncəlilər də Azərbaycanın müstəqilliyinin ən sadiq, cəsur, mərd fədailərdir. Gəncə, gəncəlilər dövlət və dövlətçiliyin qorunması, kənar müdaxilələrə qarşı müqavimətdə ən möhkəm sipərdi. Heç şübhə etimirik ki, bu dəfə də onlar tarixi missiyalarına sadiq qalaraq dövlətçilik ənənələrinə necə bağlı olduqlarını hər kəsə sübut edəcəklər". Ə.Nuriyev qeyd edib ki, Azərbaycan cəmiyyəti vaxtaşırı ölkədə sabitliyi pozmağa çalışanların, dövlətimizin asılı vəziyyətə düşməsini arzulayanların, dövləti yox, hakimiyyəti əsas görənlərin həmlələrinə layiqli cavab verib: "İstər meydanlarda, istər KİV-də, istərsə də, daxili siyasi proseslərdə, hər zaman dövlətin, dövlətçilik maraqlarının yanında olub. Məhz bu cür yanaşma dəfələrlə kənardan Azərbaycana eksperimentlərin ixracının qarşısını almağa imkan verib. Bütün bu səylər bu xalqın müdrikliyinə məğlub olub. Şübhə etmirik ki, bu dəfə də siyasi şarlatanların aksiya, filan keçirilməsi çağırışları yalnız xalqın, gəncəlilərin ironiyası ilə cavablandırılacaq. Xalqımız bu cür insanlara hər zaman gülüb və onlara layiqli qiymətini verib. Yəqin ki, zəngin siyasi lətifə irsimiz özünəməxusus yumoru ilə seçilən gəncəlilərin yaradıcılığı sayəsində yeni "qəhrəmanlar"la zənginləşəcək".

"Atlas" Araşadırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat"a şərhində bildirib ki, Gəncədə məlum kriminal olayının arxasında kimlərin dayandığını və ya dayanmadığını istintaq göstərəcək: "Ancaq artıq rəsmilərimiz iki dövlətə dolayısı ilə də olsa işarə ediblər. Biri Rusiya, digəri İrandır. Halbuki rəsmilərimiz açıqlamalarında hər iki dövləti Azərbaycanın strateji tərəfdaşı adlandırırlar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı hazırlanan sui-qəsd planında Rusiyanın xüsusi xidmət orqanlarındakı dairələrdən şübhələnməliyik. Elə 1990-cı illərdə də Surət Hüseynovu Gəncədə qızışdıran bəlli mərkəz idi. Hərbi prokurordan fərqli olaraq hakimiyyət içərisində Rusiyanı müttəfiq adlandıranlar çoxdur. Belə çıxır ki, iki fərqli Rusiya var? Biri Azərbaycanın əleyhinə işləyir və xaos yaratmaq istəyir, o biri Azərbaycanla dostluq etmək istəyir. Gəncəni və Azərbaycanı qarışdırmaq Rusiyanın nəyinə lazımdır sualı gündəmdə ağırlığını qoruyur. Eyni sualı İrana da şamil etmək olar. Doğrudur, cinayəti törədənin İranın Qum şəhərində bir neçə ay yaşaması, o cümlədən, Gəncənin icra hakiminin dindarlarla münasibətlərinin soyuq olması İran versiyasının ciddiliyini artırır. Hətta Gəncədə baş verən hadisə ilə eyni günlərdə Avropa ölkələrində bir neçə iranlı diplomat həbs edildi. Həmin diplomatlar Avropa ölkələrində terror olaylarını hazırlayanlara təlimat verməkdə ittiham edilirlər. İran prezidenti Həsən Ruhani Avropa və qonşusu Azərbaycanla münasibətləri korlamaq istəməz. Bu, onun maraqlarına uyğun deyil. Ancaq İranda hakimiyyət bir qüvvədən ibarət deyil. Mən istisna etmirəm ki, İranın mühafizəkar dairələrində Qərb ölkələrində və Amerikanın bölgədəki tərəfdaşlarında problem yaratmaq istəyən qruplar var. Məhz həmin qruplar tətiyi çəkə bilərlər".

Ekspert qeyd edib ki, bütün hallarda sözügedən cinayət hadisəsi ciddi tədqiq edilməlidir, bəlkə də cinayət şəxsi intiqam zəminində həyata keçirilib: "Ancaq o da faktdır ki, ətrafımızda Azərbaycana problem yaratmaq istəyən mərkəzlər var. Azərbaycanı bir neçə saatlığa işıqsız qoyan Mingəçevirdə baş verən son hadisə də həmin mərkəzlərin maraqlarına cavab verir. Ona görə də çox ciddi araşdırmalar olmalıdır".

AZAD

 





10.07.2018    çap et  çap et