525.Az

"Bu, regional təhlükəsizliyə ciddi təhdiddir"


 

ATƏT PA-NIN VİTSE-PREZİDENTİ: "ƏSRİN DÖRDDƏBİRİNDƏN ÇOXDUR Kİ, BİZ REGİONUMUZDA SUVERENLİYİN VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜN POZULDUĞUNU MÜŞAHİDƏ EDİRİK"

"Bu, regional təhlükəsizliyə ciddi təhdiddir"<b style="color:red"></b>

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Berlində keçirilən 27-ci illik sessiyası davam edir.

Dünən sessiya çərçivəsində qurumun  siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib.

İclasın işində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasda öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır. "Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən, ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır", - deyən A. Quliyev Ermənistan-Azərbaycan münaqişəsini buna əyani nümunə kimi göstərib, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən, 45-ci hərbi birləşməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb: "Bu, regional təhlükəsizliyə ciddi təhdiddir".

Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan bütün məsələlərdə Azərbaycanı ittiham etməklə təqsiri qarşı tərəfə yıxmağa çalışıb. Sonra söz alan deputat Elşad Həsənov həm Naqdalyana, həm də iştirak edən bütün həmkarlarına xatırladıb ki, hərbiləşdirmənin beynəlxalq səviyyədə qəbul edilən meyarına görə, ölkənin hərbi xərclərinin onun ÜDM-ə nisbəti hesablanır. Millət vəkili deyib ki, bu baxımdan Azərbaycan və Ermənistan arasında rəqəmlər müvafiq olaraq 3,6 faiz və 4,1 faizdir. Beləliklə, Ermənistan həm Avropada, həm də üçüncü dünyada daha çox hərbiləşdirilmiş ölkədir. "Onsuz da cüzi olan dövlət büdcəsini sosial proqramlara xərcləmək əvəzinə, Ermənistan öz vətəndaşlarını lazımi səhiyyə, təhsil və s. məhrum edir, silahlanmağı davam etdirir", - deyə deputat bildirib.

Həmçinin, təşkilatın Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclası olub və iclasda kiprli məruzəçi Kiriakos Kiriaku Haciyanni tərəfindən təqdim olunmuş "ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu" adlı qətnamənin layihəsinə dair debatlar keçirilib. B. Muradova müzakirələr zamanı həlli uzadılan münaqişələr məsələsinə toxunaraq öz vətəninin ərazisində doğma yurdlarından qovulmuş məcburi köçkünlərin faciəli taleyi məsələsinə diqqəti cəlb edib.  O, ermənilərin və azərbaycanlıların "etnik uyuşmazlığı" barədə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vaxtilə söylədiyi və böyük hay-küyə səbəb olmuş biabırçı tezisi xatırladıb.  B. Muradova nümayəndə heyətlərinin diqqətini bu fakta cəlb edib ki, vaxtilə Azərbaycanın Qarabağ regionuna köçürülmüş erməni əhali indi həmin ərazidə artıq monoetniklik şəraitində yaşamaqda davam edir, Azərbaycanın yerli əhalisi isə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz və Azərbaycan ərazisinin iyirmi faizinin işğal edilməsi nəticəsində oradan qovulub:  "Bu, əsas insan haqlarının Yerevan tərəfindən ciddi pozulması deməkdir".

Eyni zamanda, sessiyanın gedişində "ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu" mövzusunda qətnamə layihəsi müzakirə olunub. Müzakirə zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili dövlətlərin əsas diqqəti informasiya müharibəsinə, saxta xəbərlərə və qanunsuz olaraq istifadəçilər haqda kütləvi informasiyanın toplanmasına yönəltməyin vacibliyini qeyd edib.

Deputat bu sahədə bütün ölkələrdə qanunvericiliyin zəif olmasını, texnologiyaların inkişaf sürətinin yüksəlməsini və ondan sui-istifadə hallarının da artmasını önə çəkərək ATƏT PA çərçivəsində ortaq əməkdaşlıq platformasının vacibliyini bildirib. O, mövzunun həyati əhəmiyyət daşıdığını nəzərə alaraq ATƏT PA tərkibində kibertəhlükəsizlik üzrə ayrıca komitələrin yaradılmasının vacibliyini qeyd edərək bu ideyaya dəstək verəcəyini də bəyan edib.

Kamil HƏMZƏOĞLU

 





10.07.2018    çap et  çap et