525.Az

İlham Əliyev Ermənistana: "Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən"


 

"AZƏRBAYCANIN APARDIĞI TƏCRİD SİYASƏTİ ERMƏNİSTAN İQTİSADİYYATININ VƏ BU ÖLKƏDƏKİ KRİMİNAL REJİMİN ÇÖKMƏSİNDƏ MÜHÜM ROL OYNADI"

İlham Əliyev Ermənistana: "Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən"<b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 8-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı müşavirədə cari ilin ilk 6 ayı ərzində ölkədə müxtəlif sahələrdə həyata keçirilən tədbirlər, buraxılan nöqsanlar, əldə olunan inkişaf göstəriciləri və qarşıdakı dövr üçün görülməsi nəzərdə tutulan işlərə toxunub, müvafiq qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.

Prezident bildirib ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edilib, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bilib.

Bu il Azərbaycanın həm iqtisadi, həm də beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini deyən ölkə başçısı qeyd edib ki, Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir: "Bu ilin altı ayında xarici siyasət sahəsində böyük işlər görülüb, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələrimiz var. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olub. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş "İslam Həmrəyliyi İli" bu əlaqələri daha da möhkəmləndirib. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxt şəhəridir... Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər var. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Deyə bilərəm ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxıb. Amerika prezidenti Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlayıb. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək".

Azərbaycanda həyata keçirilən inkişafyönümlü tədbirlər fonunda Ermənistanda gedən təlatümlü proseslər, hərtərəfli böhrana toxunan dövlət rəhbəri bildirib ki, işğalçı ölkədə 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğrayıb: "Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir.

Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz".

Prezident vurğulayıb ki, iki il bundan əvvəl baş verən Aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıdıb: "Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə olub ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilməyiblər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edilib. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları "möhkəm istehkam"ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış anti-milli siyasət, həm Azərbaycanın apardığı inamlı siyasət, o cümlədən, bizim inkişaf dinamikamız, bax, bunun əsas səbəbkarı olub. Çünki Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilib: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir daha göstərib ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək".

Dövlət başçısı münaqişənin həllinin bir yolu olduğunu deyib: "İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq".

Prezidentin keçirdiyi müşavirədə səslənən fikirlərlə bağlı mövqeyini bildirən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, əgər Ermənistanın siyasi hakimiyyətində normal düşüncəli insanlar təmsil olunsa idi, təbii ki, onlar çoxdan prezident İlham Əliyevin Ermənistana yönəlik mesajlarından, xəbədarlığından nəticə çıxarmalı idilər. O, SİA-ya bildirib ki, indi ermənilərin özləri sübut etməyə başlayıblar ki, Robert Koçaryan, Serj Sarkisyan kriminal aləmin adamları olublar: "Yəni onlar hərbi canilər və cinayətkarlar olublar. Bu gün bunlar hamısı sübut olunur. Ermənistan hüquq-mühafizə orqanları onların hamısını məsuliyyətə cəlb edir. Hətta deyərdim ki, bugünkü siyasi hakimiyyətdə olanlar da heç onlardan geri qalmırlar. Hesab edirəm ki, artıq siyasi hakimiyyətə yox, erməni xalqı özü-özünə istinad edib nəticə çıxarmalıdır. Çünki onlar bundan da pis vəziyyətə düşəcəklər. Əgər onlar Azərbaycana qarşı olan bu işğalçılıq, düşmənçilik siyasətindən əl çəkməsələr, daha böyük fəlakətlərlə üzləşəcəklər. Çünki Azərbaycanın səbri sonsuz deyil. Artıq Azərbaycan bunları sözlə yox, güc tətbiq etməklə başa salmağa məcbur olacaq".

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə bildirib ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı düzgün olaraq vurğulayıb ki, Azərbaycan ordu quruculuğu istiqamətində inamla irəliləyir: "Hətta deyərdim ki, Azərbaycan bütün istiqamətlərdə inamla irəliləyir. Azərbaycanın digər sahələri - iqtisadiyyatı, elmi və s. irəliləməmiş ordu irəliləyə bilməz".

Ehtiyatda olan polkovnikin sözlərinə görə, ordu dövlətin əsas tərkib hissəsi olaraq digər sahələrdən daha çox irəliləyir: "Təbii ki, bu, belə də olmalıdır. Ona görə ki, bu gün bizim 20 faiz torpaqlarımız işğal altındadır. Torpaqlarımızı işğaldan ancaq Azərbaycan ordusu azad edə bilər. Prezident, ali baş komandan İlham Əliyevin diqqəti və qayğısı altında bu gün Azərbaycan ordusu bölgədə ən güclü ordu sayılır. Hətta nüfuzlu statistik informasiya tədqiqat orqanlarının verdiyi məlumata görə, Azərbaycan ordusu 130 ölkə arasında 53-cü yerdə qərarlaşıb. Ermənistan isə 130 ölkə arasında 86-cı yerdə qərarlaşıb. Bu onu göstərir ki, Azərbaycan ordusu potensialına görə inkişaf etmiş dövlətlər sırasındadır. Bu gün ordumuzun silah-sursatı, texnikası ən müasir standartlara cavab verir. Artıq heç kimdə şübhə yoxdur ki, Azərbaycan güc variantını seçməli olacaq və müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməli olacaq".

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə təşkil olunan Hərbi Paradda yeni silahların nümayiş olunduğunu xatırladan Ş.Ramaldanov qeyd edib ki, bu silahların imkanlarına görə biz artıq bütün strateji obyektləri hədəf altına ala bilirik: "Hətta 300 kilometrə qədər uzaq olan hədəfləri biz nişan ala bilirik. Bu nə deməkdir? Yəni artıq biz 300 kilometrə qədər düşmənə zərbə endirə bilirik. Bunun nəticəsində düşmənin müqaviməti azalır. Əlbəttə ki, zəifləyən düşmənin şəxsi heyəti tərəfindən bizim əsgərlərə ziyanı da azalır. Belə olanda isə bizim itkilərimiz də azalır. İnanıram ki, gələcək statistik nəticələrdə biz 53-cü yerdən də daha yuxarı irəliləcəyik. Bunun üçün isə bütün göstəricilər və peşəkar hərbi mütəxəssislərimiz var. Azərbaycan ordusu nəinki silah-sursat tərəfdən, həm də ki, peşəkarlığı ilə seçilir".

Ceyhun ABASOV

 





11.07.2018    çap et  çap et