525.Az

Prezidentin korrupsiya və şəffaflıqla bağlı dediklərindən ciddi nəticələr çıxarılmalıdır


 

Prezidentin korrupsiya və şəffaflıqla bağlı dediklərindən ciddi nəticələr çıxarılmalıdır<b style="color:red"></b>

İyulun 8-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı nitqində 6 ayın yekunlarını müsbət qiymətləndirərək, ölkədə həyata keçirilən islahatların daha da dərinləşdirilməsinin, iqtisadi dayanıqlılığın tam təmin olunmasının vacibliyini vurğulayıb.

Prezident çıxışında vergi və gömrük orqanlarından böyük gözləntilərin olduğunu, bu qurumların və sistemin dünya standartlarına cavab verə biləcək səviyyəyə çatdırılmasının gərəkdiyini dilə gətirib. O, həmçinin, korrupsiyanın qarşısının alınmasının, şəffaflığın təmin olunmasının, vergilərdən yayınma hallarının aradan qaldırılmasının, hər kəsin qanun qarşısında bərabər səviyyədə cavabdehlik daşıdığının siqnalını verib. Dövlət başçısı məsuliyyətsizliyə, səhlənkarlığa, qanunsuzluğa yol verənlərlə də bağlı güzəştsiz mövqe tutulacağını, onların cəzalandırılacağanı bir daha diqqətə çatdırıb.

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə də "525"ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası çox əhəmiyyətli və müsbət hadisə kimi qiymətləndirir.

Onun dediyinə görə, bu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm əhəmiyyətə malikdir: çünki burada ölkənin 6 ayda keçdiyi yola bir daha nəzər salınır, müsbət tendensiyalar vurğulanır, harada çatışmazlıqlar, problemlər var, onlar deyilir və nöqsanların aradan qaldırılması, çıxış yolları göstərilir. O, artıq illərdir ənənənə halını alan bu iclasların ölkə iqtisadçıları, iqtisadiyyatla bağlı olan elm adamları üçün də böyük əhəmiyyət daşıdığını, onları da yaxından maraqlandırdığını deyib.

Komitə sədrinin sözlərinə görə, çünki bu tipli iclaslarda ölkənin bütün sahələrinə sərf-nəzər yetirilməklə yanaşı, daha çox sosial-iqtisadi sferada, iqtisadiyyatda baş verən hadisələrə diqqət yetirilir və ölkə iqtisadçıları, iqtisadi mərkəzlər, bu sahə ilə əlaqəli olan ekspertlər də gələcək fəaliyyətlərində bundan bir növ özləri üçün nəticələr çıxarır, deyilənləri öz fəaliyyətlərində, çıxışlarında, elmi araşdırmalarında nəzərə alırlar: "Odur ki, təkcə bir millət vəkili, parlamentin müvafiq komitə sədri kimi yox, həm də iqtisadçı alim olaraq bu iclaslar məni də çox maraqlandırır, gələcək fəaliyyətimə, yoluma obrazlı desək, bir işıq salır. Şəxsən bir alim olaraq da bu tipli iclasları, müşavirələri çox vacib və son dərəcədə önəmli sayıram".

Z.Səmədzadə qeyd edib ki, belə bir iclasın ölkənin enerji sistemində yaranmış vəziyyətdən, yəni 3-4 iyul olaylarından, bu yöndə prezidentin məlum müşavirəsindən cəmi 4 gün sonra keçirilməsi də mühüm, yerinə düşən məqamlardan sayıla bilər: "Bildiyiniz kimi, 3-4 iyul tarixlərində Mingəçevirdə yerləşən "Azərbaycan" İES-də baş verən qəza ilə bağlı ölkənin enerji sistemində, cəmiyyət həyatında bir qədər xoş olmayan, dövləti də, cəmiyyəti də narahat edən məqamlar yaşandı. Dövlət başçısı da hər zaman olduğu kimi, yenə xalqı və dövlətinin yanında oldu, vəziyyətə nəzarəti dərhal öz üzərində götürdü, qısa zamanda hər şey yoluna qoyuldu, ölkədə xaos olmasını istəyənlərin arzuları yenə gözlərində qaldı. Xüsusilə də, 4 iyul müşavirəsi elə bilirəm ki, hələ uzun illər yaddaşlardan silinməyəcək. Çünki bu müşavirədə ölkə prezidenti nöqsanlarla, qüsurlarla, buna yol verənlərlə bağlı barışmayacağını, öz işinin öhdəsindən layiqincə gəlməyənlərə qarşı sərt mövqe nümayiş etdiriləcəyini bir daha qətiyyətli şəkildə ortaya qoydu. Bu müşavirə bütövlükdə Azərbaycan cəmiyyətində böyük rezonans doğurdu, insanlar bir daha Azərbaycan dövlətinin, ölkə prezidentinin qətiyyətinə, iradəsinə şahidlik etdilər və dövlətlə, prezidentlə birgəliklərini göstərdilər. Bundan cəmi 4 gün sonra isə ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclasının keçirilməsi, orada dövlət başçısı tərəfindən iqtisadi inkişafımızla, sosial rifahımızla, ölkəmizin gələcək "yol xəritəsi" ilə bağlı dəyərli fikirlərin səsləndirilməsi, ciddi tapşırıqların verilməsi də çox mühüm və təqdirəlayiq məqamlardandır".

Millət vəkili Eldəniz Səlimov da həmkarı kimi düşünür və hesab edir ki, son iclas da əvvəlki iclaslar kimi ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük rol oynayacaq, özünün müsbət töhfələri, müsbət tendensiyaları ilə müşayiət olunacaq.

E. Səlimovun dediyinə görə, bu cür iclaslar həm də bir növ hesabatdır, xalq, dövlət qarşısında hökumətin, dövlət başçısının hesabatı: "Bundan gözəl nə ola bilər ki?! Bu, Azərbaycan dövləti və hökumətinin nə qədər məsuliyyətli, nə qədər açıq və şəffaf, insanlara, ölkə vətəndaşlarına nə dərəcədə sayğılı olduğunu göstərir. Düzdür, Nazirlər Kabineti hər il mart ayında, parlamentin 5-ci iclasından gec olmayaraq, son bir illik fəaliyyəti ilə bağlı deputatlar və onların vasitəsilə bir növ cəmiyyət qarşısında hesabat verir, amma bu iclasların da cəmiyyət, dövlət qarşısında hesabatlılıq baxımından ayrı, özünəməxsus yeri var. Xüsusilə də, dövlət başçısının, fəaliyyətinin baş istiqamətini, ana xəttini yalnız və yalnız xalqının və dövlətinin maraqları təşkil edən cənab İlham Əliyevin bu iclaslara qatılması, sədrlik etməsi ona ayrı bir rəng qatır, ona ayrı bir gözəllik verir. Hər dəfə ölkə başçısı yeni mesajlarla, təzə, bir-birini təkrarlamayan, amma bir-biri ilə üzvü sintez təşkil edən çağırışlarla çıxış edir. Öz irad və tapşırıqlarını verir, hər kəsi, ən çox da məsul şəxsləri və aidiyyatı qurumları xüsusi məsuliyyətə dəvət edir, ölkənin gələcəyinə, inkişafına yönəlik çağırışlarını edir. Bu dəfə də məhz belə oldu. Bu iclasda da cənab prezident ölkənin, cəmiyyətin inkişafı ilə bağlı fikirlərini bəyan etdi, öz tövsiyə və tapşırıqlarını verdi".

E.Səlimov dövlət başçısının çıxışında işğalçı dövlətlə bağlı da çox mühüm və maraqlı məqamların dilə gətirildiyini söyləyib: "Dövlət başçısı dedi ki, Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Artıq onun dediklərini erməni xalqı da deyir. "Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal - xunta rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış, oğru rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir" - deyən dövlət başçımız onu da sözlərinə əlavə etdi ki, bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki dövlət başçımızın sözlərinə görə, əgər müstəqilliyinin 26 ilinin 20 ili bu hakimiyyətin altında keçmişdirsə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Yəni Azərbaycan prezidentinin fikrincə, Ermənistan uğursuz dövlətdir, onların qəhrəmanları oğrulardır, onların generalları oğrulardır, oların ordusu oğru ordusudur. Tamamilə haqlı, çox sərrastlıqla söylənmiş fikirlərdir. Bu fikirlər bütün Azərbaycan cəmiyyətinin fikirləri və mövqeyidir. Bu məsələdə heç bir fikir, mövqe ayrılığı da ola bilməz və olmamalıdır. Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti bundan sonra da ifşa edilməlidir..."

Millət vəkili sonda bildirib ki, 8 iyul iclasında dövlət başçısı tərəfindən səslənən fikirlər, verilən mesajlar birmənalı şəkildə ölkəmizin sürətli və dinamik inikişaf yolunda daha iri addımlarla addımlamasında öz müsbət rolunu oynacayaq, müsbət töhfələrini mütləq şəkildə vermiş olacaq: "Kimsə də buna şübhə edə bilməz. Çünki Azərbaycan "gəmi"sinin sükanı İlham Əliyev adlı kapitanın etibarlı əllərindədir".

Kamil HƏMZƏOĞLU

 





11.07.2018    çap et  çap et