525.Az

Keçən altı ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri güclənib


 

Keçən altı ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri güclənib<b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 8-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
 
Dövlət başçısı iclasda ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişaf templərini saxlaya bildiyini söyləyərək əlavə edib ki, bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə edib. Aprel ayında keçirilmiş prezident seçkilərindən danışan İlham Əliyevin sözlərinə görə, bu seçkilər bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir: "Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq. Seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş "exit-poll"lar rəsmi nəticələrlə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir".

Dövlət başçısı bildirib ki, seçkilərə kölgə salmaq istəyənlər isə növbəti dəfə iflasa uğradılar. Onların sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərəfindən rədd edildi. Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş "etiraz" mitinqinə min nəfərdən çox adam yığa bilməyiblər: "Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir.

Seçkilərdən sonra bir çox ölkələrin dövlət və hökumət başçıları mənə təbrik məktubları göndərmişlər. Onların arasında dünyanın bütün aparıcı ölkələrinin dövlət və hökumət başçıları vardır. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir".

Xarici siyasətlə bağlı danışan dövlət başçısı bildirib ki, ilin altı ayında bu sahədə böyük işlər görülüb, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib: "Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş "İslam Həmrəyliyi İli" bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir.

Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Deyə bilərəm ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək".

Prezident İlham Əliyev çıxışında Ermənistandakı vəziyyətə xüsusi diqqət ayıraraq Dağlıq Qarabağ münaqişəsinə toxunub: "Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb.

Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq".

Bu siyasət nəticəsində Ermənistanın iqtisadi iflasa uğradığını deyən dövlət başçısı Ermənistanın iqtisadi perspektivlərinin demək olar ki, olmadığını söyləyib: "Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz".

İki il bundan əvvəl aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıtdığını deyən prezident İlham Əliyev Ermənistanın yeni hökumətinin kriminal rejimin səhvlərini təkrarlamayacağına ümid etdiyini bildirib: "Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq".

Millət vəkili Elman Nəsirov bildirib ki,  keçən 6 ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri güclənib, dünyada ölkəmizə etibarlı tərəfdaş kimi yanaşırlar. Azərbaycanın müstəqil xarici siyasət kursu dünya tərəfindən qəbul edilir.

"Dövlət başçısı ilk növbədə ona diqqət yetirdi ki, aprel ayında ölkəmizdə keçirilən prezident seçkiləri əhalinin siyasi iradəsinin ifadəsi olmaqla çox şəffaf, ədalətli, demokrat bir seçkilər keçirildi. Xüsusilə də bir çox ölkələrin, xüsusilə də aparıcı dövlətlərin rəhbərlərinin təbrik məktubları bir daha onu göstərdi ki, Azərbaycanda gedən demokratik proseslər dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Cənab prezident çıxışında xarici siyasət məsələləri ətrafında xüsusi dayandı. Dövlət başçısının da dediyi kimi, keçən 6 ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri güclənib, dünyada ölkəmizə etibarlı tərəfdaş kimi yanaşırlar və Azərbaycanın müstəqil xarici siyasət kursu dünya tərəfindən qəbul edilir. Bu kurs isə ilk növbədə bərabər hüquqa, qarşılıqlı əməkdaşlığa, bir-birinin işlərinə qarışmamaq prinsiplərinə söykənir".

Elman Nəsirov ölkəmizin həm qonşu dövlətlər, həm də İslam dövlətləri ilə yüksək əlaqələrə malik olduğunu qeyd edib: "Qonşu dövlətlərlə münasibətlər ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Son 6 ay ərzində həmin dövlətlərin rəhbərləri, dövlət və hökumət başçıları ilə bir neçə dəfə  görüşlər keçirilib və belə görüşlər bundan sonra da keçiriləcək.

Dövlət başçısı, eyni zamanda, müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirdi və vurğuladı ki, 2017-ci il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edildi və bu il çərçivəsində çoxsaylı tədbirlər keçirildi. Eyni zamanda, 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəri seçilib. Bu da Azərbaycanın müsəlman aləmində çox böyük hörmətə malik olduğunu göstərir".

Millət vəkili ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin yüksək səviyyədə olmasına da diqqət çəkərək bildirib ki, prezident İlham Əliyevin çıxışında sözügedən qurumla yeni  saziş üzərində iş aparıldığını diqqətə çatdırıb: "Dövlət başçısı bu sazişin perspektivlərindən də danışaraq Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, bu da Azərbaycanın Avropa üçün strateji əhəmiyyət daşıyan ölkə olduğunu göstərir".

E.Nəsirov prezidentin çıxışında ABŞ-la münasibətlərə toxunmasına da diqqət çəkərək bildirib ki, ABŞ prezidenti Donald Trampın iki ay ərzində Azərbaycan prezidentinə üç məktub göndərməsi bu dövlətin, onun rəhbərliyinin ölkəmizə verdiyi önəmdən xəbər verir: "Prezident İlham Əliyev son 6 ayda xarici siyasət məsələlərindən danışarkən ABŞ-la münasibətlərə də xüsusi diqqət ayırdı və qeyd etdi ki, ölkələrimiz arasında münasibətlər elə bir yüksək səviyyədədir ki, bu Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Bir fakt xüsusi qeyd olundu ki, tək aprel-may aylarında ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidentinə üç məktub göndərib. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir".

PƏRVANƏ

 





12.07.2018    çap et  çap et