525.Az

“Gəncədə baş vermiş iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur”


 

“Gəncədə baş vermiş iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur”<b style="color:red"></b>

“Gəncədə baş vermiş iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq müəyyən qüvvələrdən istifadə edərək buna dini rəng verməyə çalışırlar”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən deyib.

Komitə sədrinin birinci müavini bildirib ki, təxribata cəhd edən qrupların göstəriş verənləri xaricdədir. “Bu məsələlər dövlətin müvafiq orqanları tərəfindən ciddi şəkildə araşdırılır. Bütün məsələlər məlum olacaq və hər kəs cəzasını alacaq. Bu hadisə millətə, dövlətə qarşı xəyanətdir, xalqın əleyhinə olan hərəkətdir, Azərbaycanın qüdrətlənməsini, güclənməsini istəməyən, xüsusilə, xarici dairələrin və onların yerlərdəki əlaltılarının fitnəkarlığıdır, arxadan vurduqları zərbədir. Məqsəd xalqın rifah halına kölgə salmaq, ölkədə sabitliyi pozmaqdır. Bu, Azərbaycandakı həm siyasi, həm mənəvi, həm psixoloji həyatın sarsıdılmasına yönəldilən hərəkətdir. Bir sözlə, xəyanətdir”.
 
S.Salahlı qeyd edib ki, Azərbaycandakı tolerantlıq və multikultural yaşayış tərzi və ənənələr həm tarixdən qonşularımıza və digər dövlətlərə məlumdur, həm də Azərbaycanın bu istiqamətdə keçirilən son illərdəki böyük və möhtəşəm beynəlxalq tədbirlərindən bəllidir. “Dünən Gəncədəki iğtişaş dinlə bağlana bilməz. Sadəcə orada bir sıra dini ruhlu insanlar var ki, onlar adətən belə hallarda müəyyən şüarlardan istifadə edirlər”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrinin müavini Gündüz İsmayılov isə deyib ki, Gəncədə baş vermiş hadisənin əsl dindarlarla, dinlə və islamla heç bir əlaqəsi yoxdur: “Bu, Azərbaycan dövlətinə, xalqına və milli dövlətçiliyimizə qarşı təxribatdır. Bu hadisəyə sadə vətandaşlarımızın, xüsusilə də ziyalı şəxslərin münasibəti bir daha onu göstərdi ki, sosial durumundan, təhsilindən, heç bir mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar dövlətçiliyimizin yanındadır”. Qurum rəsmisinin dediyinə görə, insanlarımız bu təxribatın arxasında kimlərin dayandığını və durduğunu artıq hiss ediblər: “Mən sosial şəbəkələrə göz gəzdirdikdən sonra belə bir qənaətə gəldim ki, Azərbaycan ziyalıları, xüsusilə, media mənsubları bu küləyin haradan əsdiyini və onun istiqamətini çox dəqiq bilirlər və çox da dəqiq hədəfi tutublar. Bir daha təkrar edirəm ki, Gəncədə baş vermiş hadisə dövlətçiliyimizə və xalqımıza qarşı təxribatdır. Bu hadisəni törədənlər və arxasında duran şəxslər mütləq öz cavablarını almalıdırlar və alacaqlarına da inanıram. Əsl dindarlar təəssübkeş müsəlman olduqları kimi, həm də təəssübkeş azərbaycanlıdırlar və milli dövlətimizin də təəssübkeşləridir. Bu cür hadisələri din adına yazmaq olmaz. Bu, din pərdəsi altında və dindən istifadə edərək dövlətimizə qarşı həyata keçirilən məkrli bir plandır”.

Qeyd edək ki Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyatçı alimləri də Gəncədə baş verən terror hadisələrinə dair Bəyanat yayıb. Bəyanatda deyilir: “Radikal qüvvələrin Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan qədim Gəncə şəhərində törətdikləri terror əməllərini bütün ölkə ictimaiyyəti kimi biz ilahiyyatçı alimlər də qətiyyət və nifrətlə qınayır, şəhid polislərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Günahsız yerə insan həyatına qəsd etməyin Allah qatında ən böyük günahlardan olduğu bütün səmavi dinlərin müqəddəs kitablarında öz əksini tapmışdır. İslam dininin əsas mənbəsi olan Müqəddəs Qurani-Kərimdə günahsız bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş hesab edilir. Peyğəmbərimiz (s), onun Əhli-beyti və səhabələri də bu əməlin ən böyük günahlardan biri olduğunu bildirmişlər. Bu baxımdan radikalların öz əməllərini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı həssas olmağa çağırırıq. Əminik ki, ölkə dindarları radikal qrupların bir çox şərq ölkəsini necə məhv etdiyini yaxşı dərk edir və onların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər.

Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir. Gəncədəki “İmamzadə” kompleksinin milyonlarla vəsait ayrılaraq dövlət hesabına əsaslı təmir edilməsi bunun ən bariz nümunələrindən biridir.

Biz ilahiyyatçı alimlər olaraq bütövlükdə Azərbaycan ictimaiyyətini və xüsusən də inanclı insanları ölkədəki stabilliyi pozmağa, dövlət-din münasibətlərinə xələl gətirməyə çalışan destruktiv qüvvələrə qarşı mübarizədə dövlətçiliyimizin yanında olmağa, onlara qarşı öz kəskin mövqelərini bildirməyə çağırırıq”.

S.QARAYEVA

 





14.07.2018    çap et  çap et