525.Az

“Azərbaycan xalqı pozucu qüvvələrə meydan vermədi”


 

“Azərbaycan xalqı pozucu qüvvələrə meydan vermədi”<b style="color:red"></b>

İyulun 10-da Gəncədə baş verənlərə etirazlar, təpkilər səngimək bilmir. Ölkə ictimaiyyəti, ziyalılar, siyasi partiya təmsilçiləri, qeyri-hökumət təşkilatları nümayəndələri, media mənsubları Gəncə hadisələrini törədənləri və onların arxasında dayanan qüvvələri lənətləyərək, pisləyərək, ölkənin sabitliyinin pozulmasına yol və imkan verilməyəcəyini, bundan sonra da buna yönəlik cəhdlərinin iflasa uğrayacağını bildirirlər.

Xanım millət vəkilləri də “525”ə açıqlamasında Azərbaycan dövləti, ölkə rəhbərliyi və ictimaiyyətlə həmrəy olduqlarını, başqa cür mövqe sərgilənməsinin yolverilməz və qəbuledilməzliyini diqqətə çatdırıblar.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Gəncə şəhərində baş verən son hadisələr təsadüfi deyil: “Son vaxtlar sosial şəbəkələrdə ölkəmizdə sabitliyin pozulması məqsədinə xidmət edən çağırışlar səslənirdi. Səbəb isə Azərbaycanın uğurlu inkişafıdır”.

M.İbrahimqızı bildirib ki,  Azərbaycan sabitlik adasıdır, ölkəmizdə əmin-amanlıq hökm sürür. Onun sözlərinə görə, Azərbaycan həyata keçirdiyi qlobal layihələrlə beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırır: “Bu gün Azərbaycan Avropanın enerji xəritəsini dəyişir. Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri buna sübutdur. Eləcə də ordumuz güclənir. 26 iyunda keçirilən möhtəşəm parad ordumuzun gücünü göstərdi. Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi ərəfəsində Naxçıvanda 11 min hektar ərazinin erməni işğalından azad edilməsi də bir daha ordumuzun gücünün nümunəsidir. Bütövlükdə, ölkəmiz Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı, özünün müstəqil siyasəti ilə böyük nailiyyətlər əldə edir. Bunu isə müəyyən beynəlxalq dairələr həzm edə bilmir. Ona görə də, bu cür təxribatlara əl atırlar”. Millət vəkili qeyd edib ki, bu qüvvələr ölkəmizdə fitnə-fəsad törətmək istəyirlər və Gəncə hadisələri bunun bir hissəsidir. O deyib ki, xalqımız həmişə dövlətimizin keşiyindədir: “Bu xalq 20 Yanvar hadisələri zamanı sovet ordusuna qarşı əliyalın çıxaraq öz sözünü dedi. Həmçinin, 1994 və 1995-ci il dövlət çevrilişlərinə cəhd zamanı xalqımız birmənalı şəkildə dövlətçiliyimizi, Ümummilli liderimiz Heydər Əliyevi müdafiə etdi. Bu gün məkrli niyyəti olan qüvvələr bilməlidir ki, əgər hansısa  təxribatlara əl atmaq istəsələr, yenə də qarşılarında Azərbaycan xalqını, sadə insanları görəcəklər. Bizim bir düşmənimiz var. O da torpaqlarımızı işğal edən Ermənistandır”.

Deputat Sona Əliyeva da deyib ki, Gəncədə baş verən hadisələrdə də belə pozucu qüvvələrin izləri var: “Əvvəla bildirim ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sahələrdə yenilənməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu inkişafa sevinənlər olduğu kimi, uğurlarımızı həzm edə bilməyən, bizə xaincəsinə zərbələr vurmağa çalışan qüvvələr də var”. Bu baxımdan S.Əliyeva hesab edir ki, Gəncədə baş verən hadisələrdə də Azərbaycanı, onun inkişafını istəməyən pozucu qüvvələrin izləri var: “Əminəm ki, hüquq mühafizə orqanları qısa müddətdə həmin təxribatçıların hamısını ifşa edib layiqli cəzalarını verəcək.  Eyni zamanda, ölkəmizin suverenliyinin qorunması uğrunda şəhid olan iki polis zabitimizə Allahdan rəhmət diləyirəm. Şəhid polislərimiz iğtişaşlar zamanı ölümü belə gözə alaraq vəzifə borclarını şərəflə yerinə yetirdilər. Vətəndaşlar belə məqamlarda diqqətli olmalı, ətrafımızdakı insanların da təxribata uymamaları üçün təbliğat aparmalıdır. Biz belə sınaqlardan həmişə üzüağ çıxmışıq. Bu dəfə də pozucu qüvvələrin məkrli niyyəti baş tutmadı. Azərbaycanda güclü xalq-iqtidar birliyi var. Xalq Prezidentimizin, dövlətimizin yanındadır”.

Gəncəni parlamentdə təmsil edən millət vəkili, professor Pərvin Kərimzadə öz növbəsində deyib ki,  Azərbaycan xalqı, ictimaiyyəti kimi, bütün Gəncə əhalisi də baş verən hadisələri qətiyyətlə pisləyir. P.Kərimzadə bildirib ki, ümumiyyətlə, azərbaycanlılar hər zaman bu tipli hadisələri pisləyiblər: “Sözsüz ki, Gəncə sakinləri də hər zaman dövlətə sədaqətləri ilə seçiliblər. Bu gün də ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın davam etməsi hər bir azərbaycanlının ən böyük məqsədidir”.

KAMİL

 





14.07.2018    çap et  çap et