525.Az

Antiazəbaycançı sayt və sosial şəbəkə istifadəçiləri ilə necə mübarizə aparmalı?


 

Antiazəbaycançı sayt və sosial şəbəkə istifadəçiləri ilə necə mübarizə aparmalı?<b style="color:red"></b>

Azərbaycanın günü-gündən güclənib inkişaf etməsinə, regionun aparıcı dövlətinə çevrilməsinə sevinənlərlə yanaşı, uğurlarımıza sevinməyən və nəyin bahasına olursa-olsun dövlətimizə qarşı qarayaxma kampaniyası aparan, ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq, vətəndaşlar arasında qarşıdurma yaratmaq, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq istəyənlər də az deyil.

Səbəb isə məlumdur. Son illər Azərbaycan iqtisadi və siyasi baxımdan kifayət qədər güclənib, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir.

Azərbaycan daim beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə hansısa dövlətin daxili işlərinə qarışmır. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə nüfuz etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərib.

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışır, istədiklərinə nail olmaq üçünsə bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Son dövrlər isə onlar ölkəmizə qarşı kampaniya vasitəsi kimi internet vasitələrindən - müxtəlif saytlardan və sosial şəbəkələrdən daha çox istifadə etməyə başlayıblar. Əsas hədəf isə yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda vətəndaş qarşıdurması alovlandırmaq, milli, etnik, dini ayrıseçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmaqdır. Bu cür saytların sayının artması isə narahatlıq doğurmaya bilməz. Belə saytlara misal olaraq Nuraz.com, Abna.com,  Aran.news, Qafqaz.ir, Rasthaber.com,  Ru-clip.ru və s. qeyd edə bilərik.

Saytlarla yanaşı, sosial şəbəkələrdən dövlətimizə qarşı istifadə hallarının artması da diqqət çəkir. Mingəçevirdə qəza baş verərkən, xüsusən də Gəncədəki iğtişaş və terror hadisələri zamanı bunun əyani şahidi olduq. Bəzi üzdəniraqlar sosial şəbəkələr vasitəsilə əhalini dövlətə qarşı ayaqlanmağa, siyasi qarşıdurmaya çağırmaqla xarici dairələrin sifarişini icra etməyə çalışdılar. Yunis Səfərovu az qala qəhrəman elan edən, iğtişaşlara, qanuni hakimiyyəti devirməyə çağıran, bu alınmadıqda isə hadisələrin baş vermə səbəbləri ilə əlaqədar müxtəlif versiyalar uyduran xaricdəki Qənimət Zahid, Arif Məmmədov, Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlının dövlətə və xalqa qarşı düşmənçiliyi bir daha ifşa olundu. Lakin xalq bu təhriklərə, çağırışlara uymadı və növbəti dəfə həmrəylik nümayiş etdirərək bədnam qüvvələrin, dairələrin arzularını gözlərində qoydu.

Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Gəncədə törədilmiş hadisələrə münasibət  bildirib. Dövlət başçısı deyib ki, iyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir.

Prezident xatırladıb ki, iki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb: “Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib”.

Prezident qeyd edib ki, bu cinayətkarlar müsəlman deyillər: “Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.

Dövlət başçısı əlavə edib ki, müstəqillik illərində bir neçə belə cinayət törədilib, onlar niyyətlərinə çatmayıb. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var. Xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər: “Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır”.

Prezident qeyd edib ki, xaricdən idarə olunan media tərəfindən də qaralama kampaniyası aparılır: “Bunun da nəticəsi olmur. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı”.

Məlumat üçün bildirək ki,  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib.

Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Politoloq Tofiq Abbasov hadisə ilə bağlı bildirib ki, Gəncədə baş verən son hadisələr ölkənin mövcud ictimai-siyasi vəziyyəti ilə qeyri-mütənasibdir və təxribat xarakteri daşıyır.

Onun sözlərinə görə, bu cür hadisələrin baş verməsinə heç bir əsas olmayıb. Bütün bunların arxasında Azərbaycanın bugünkü stabil inkişafından narahat olanların əli var. Onlar istəyirlər ki, ölkəmizi Liviya və ya Suriyaya çevirsinlər.

“Azərbaycan dövlətinin qüdrəti, ölkənin qarşıya qoyduğu yüksək vəzifələr və onlara nail olması, stabil geosiyasi trend - bütün bunlar ölkənin daxilində optimizmi təşviq etdiyi halda, xaricdən başqa cür qarşılanır”.

Politoloq əlavə edib ki, Azərbaycanı sevməyən xarici qüvvələr təhlükəli plan və ideyalar hazırlayaraq, ölkədə yeni risklər yaratmaq istəyir: “Gəncə hər zaman yüksək mədəniyyəti və tolerantlığı ilə tanınıb. Gəncəlilər isə hamısı ziyalı, təmkinli insanlardır. Bir neçə təxribatçı sakinlərin narazılığından istifadə edərək vəziyyəti qarışdırmağa, şəhərdə kütləvi iğtişaşlar yaratmağa çalışıb. Lakin gəncəlilər aldanmağa və təxribatçılarıın xaos yaratmasına imkan verməz”.

T.Abbasov bildirib ki, dünyada yerli idarəetmə orqanlarından razı olan az şəhər tapmaq olar. “Hər yerdə zəif idarəetmələr, həll olunmamış problemlər var. Lakin problemi silah vasitəsilə həll etməyə heç kəsin haqqı çatmır.

Bu insanlar dövlətin təyin etdiyi nümayəndələrdir. Regionların inkişafı ilə bağlı konseptual proqramların təminatçısı olaraq ölkə prezidentindən nümunə götürməlidirlər. Buna görə də yerli idarəetmə orqanları sakinlərin maraqlarına diqqətlə yanaşmalı, onların sorğularını dinləməlidir”, - deyə politoloq bildirib.

İctimai xadim,  jurnalist Azər Həsrət isə ayrı-ayrı saytlar, eyni zamanda, ayrı-ayrı fərdlərin sosial media üzərindən müxtəlif vasitələrlə Azərbaycanın gözdən salınması ilə bağlı iş aparmalarına toxunub: “Bu saytlar normal vaxtlarda digər saytlar kimi adi xəbər verməklə məşğul olurlar, yəni qeyri-adi nəsə etmirlər. Düşünürsən ki, normal media qurumudur. Eyni zamanda, sosial media fəalları bəzi hallarda üstüörtülü təbliğat aparsalar da, bir qayda olaraq radikallıq nümayiş etdirmirlər. Lakin hazırda da müşahidə etdiyimiz bəzi kritik məqamlarda həmin saytlar və sosial media fəalları öz gerçək mahiyyətlərini açıq ortaya qoyurlar. Belə ki, qızışmaqda olan ixlilafları bir qədər də qızışdırırlar, yaxud da insanları özündən çıxarmaq, ölkəni xaosa sürükləmək, qarşıdurma yaratmaq üçün paylaşımlar edir, materiallar dərc edirlər. Gəncə hadisələri zamanı bunu bir daha müşahidə etdik”.

A.Həsrətin sözlərinə görə, ölkəmizə qarşı fəaliyyət göstərən saytlar üç başlıca mərkəzdən idarə olunur: “Bu cür saytların xeyli hissəsi birbaşa İrana bağlıdır. Bəzi saytlar Qərb ölkələrində olan mərkəzlər və ayrı-ayrı dövlətlər tərəfindən maliyyələşirlər. Çox vaxt da bunu azərbaycanlıların vasitəsilə edirlər. Həmin saytlar da guya insan haqları, demokratiya uğrunda mübarizəyə töhfə vermək adı ilə fəaliyyət göstərirlər. Amma baxırsan ki, yenə də Azərbaycana, Azərbaycan dövlətinə qarşı çıxış edirlər.

Bəzi saytlar isə üzdə müstəqil kimi görünsələr də, Rusiyaya bağlıdırlar. Bu cür saytlar Azərbaycanda etnik qrupların qızışdırılması, separatçılıq toxumlarının səpilməsi ilə məşğuldurlar”.

Dövlətin, medianın və sosial şəbəkə istifafəçilərinin bu resursların və onların arxasında duran qüvvələrin ifşa edilməsi üçün görə biləcəkləri işlərə gəlincə, A.Həsrət həmin saytlar və sosial şəbəkə istifadəçiləri ilə bağlı ayrıca qurumun yaradılmasını təklif edib:

“Ölkəmizə qarşı təbliğat aparan qüvvələrin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycana qarşı daim istifadə edə biləcəkləri “rıçaqlara” sahib ola bilsinlər. Həmin saytlar, həmin sosial şəbəkə istifadəçiləri də məhz bu rolu oynayır. Bunlar böyük bir şəbəkədirlər. Ona görə də Azərbaycan vətəndaşları və dövləti bu tip resurslarla bağlı diqqətli olmalı, onların yaydıqları xəbəri şübhə ilə qarşılamalıdır.

Digər tərəfdən Dövlət Təhlükəsizliyi Xidməti nəzdində məhz bu cür şübhəli resurlarla bağlı ayrıca bir struktur vahidinin yaradılması yaxşı olardı. Onlar şübhəli saytlar və sosial şəbəkə istifadəçiləri ilə bağlı gündəlik monitorinq aparsınlar, materialları yığaraq təhlil etsinlər və qabaqlayıcı tədbirlər görsünlər. Belə olarsa, ölkəmizə qarşı təbliğat aparan saytların və sosial şəbəkə istifadəçilərinin də fəaliyyəti neytrallaşdırılmış olar”.

PƏRVANƏ

 





14.07.2018    çap et  çap et