525.Az

Helsinki görüşünün əsas nəticəsi: Dialoq davam edəcək


 

Helsinki görüşünün əsas nəticəsi: <b style="color:red">Dialoq davam edəcək</b>

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Helsinkidə keçirilmiş görüşü hələ də müzakirə olunmaqdadır.

İyulun 16-da baş tutan ikitərəfli görüşə bir saat yarım vaxt ayrılsa da, Trampla Putinin yalnız tərcüməçilərin iştirakı ilə olan təkbətək görüşü 2 saat 10 dəqiqə çəkib.

Qeyd edək ki, Trampla Putinin görüşü onların çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirdikləri ilk təkbətək görüşdür. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin, beynəlxalq gündəliyin aktual məsələləri - Suriya və Ukraynadakı böhrandır. Bağlı qapılar arxasında görüşü davam etdirməzdən əvvəl Tramp bildirib ki, indi ikitərəfli əlaqələrin normallaşması üçün imkan yaranıb və ümid edir ki, Rusiya ilə xüsusi münasibətlər formalaşacaq.

Görüşlə bağlı rusiyalı təhlükəsizlik məsələləri üzrə ekspert və siyasi şərhçi Yevgeni Mixaylov "Sputnik"ə bildirib ki, hələlik ötən gün baş tutan görüşün Rusiya-ABŞ münasibətlərinə müsbət təsir etməsindən danışmaq tezdir: "Fikrimcə, Putin və Tramp arasında baş tutan ilk genişmiqyaslı görüşün Rusiya-ABŞ münasibətlərinə necə təsir edəcəyini qiymətləndirmək çətindir. Lakin baş tutan görüş dünya birliyində, beynəlxalq ictimaiyyətdə dünyanın ən böyük nüvə dövlətlərinin qarşılıqlı münasibətlərində və maraqlarında təmas nöqtələrinə dair hər hansı konsensus tapacaqlarına ümid yaradır".

Rusiyalı ekspertin sözlərinə görə, görüşün təşkil olmasında hər iki tərəfin qarşılıqlı marağı var idi: "Prezident Vladimir Putin təcrübəli strateqdir və əgər o, anlasaydı ki, Tramp qarşılıqlı güzəştsiz və razılığa hazır olmadan, yalnız Rusiyaya təzyiq etmək niyyətindədir, onda bu görüş qeyri-müəyyən müddətə, amerikalıların yenidən iki ölkənin liderləri arasında qarşılıqlı maraq şəraitində görüşün baş tutması barədə istəklərini ifadə edənə qədər təxirə düşəcəkdi".

Mixaylov qeyd edib ki, siyasət həmişə güzəşt tələb edir və Vladimir Putin ilə Donald Trampın baş tutan görüş barədə pozitiv danışmaları hər şeydən əvvəl onu deməyə əsas verir ki, liderlər qarşılıqlı əlaqələr üçün nöqtələri tapıblar: "Məhz bu qarşılıqlı nöqtələri inkişaf etdirməklə ölkələrimiz genişmiqyaslı qarşılıqlı tərəfdaşlıq əlaqələrini bərpa edə bilər. Bunu da vurğulmaq istəyərdim ki, Tramp doğrudan da Putin haqqında çox ehtiramla danışıb. Bu, özü də çox mətləblərdən xəbər verir. O anlayır ki, Rusiya Qərbi Avropadakı faktiki vassal dövlətlərdən fərqli olaraq güclü rəqibdir".

"Zənnimcə, görüşün həqiqi nəticələrini biz bir müddət sonra dəyərləndirəcəyik. Yalnız bir müddət keçdikdən sonra biz təkbətək görüş zamanı müzakirə olunan məsələlərin və əldə olunan müsbət razılaşmaların bütün dünyada vəziyyətə necə təsir etdiyini görə biləcəyik" - ekspert vurğulayıb.

Onun sözlərinə görə, hələlik görüş faktının özü uzun müddət müzakirə olunacaq: "ABŞ prezidentinin verdiyi sözlərin həyata keçib-keçməyəcəyi bəlli deyil. Biz Rusiya prezidentindən fərqli olaraq, Trampın dəfələrlə öz qərarını bir gün içərisində necə dəyişdiyinin şahidi olmuşuq".

Politoloq Elxan Şahinoğlu ABŞ və Rusiya prezidentlərinin Helsinkidəki görüşlərinin ardından keçirdikləri birgə mətbuat konfransından gəldiyi nəticələri açıqlayıb. Onun sözlərinə görə, birincisi, Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında terrorizmlə birgə mübarizənin aparılmasının tərəfdarıdır:

"Məsələn, Putin təklif edib ki, xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq davam etsin və bu, sistemli şəkil alsın. İkincisi, Putin istəyir ki, iki ölkə arasında Suriyada əməkdaşlıq formatları tapılsın. Putin Trampa kompliment edərək onun Şimali Koreya nüvə məsələsinin həllindəki yüksək rolunu vurğuladı. Halbuki Tramp özününkülərindən narazıdır ki, niyə Amerikada onun Şimali Koreya nüvə məsələsinin həllindəki rolunu lazımınca qiymətləndirmirlər".

Onun sözlərinə görə, Putin bu mənada Trampın zəif damarını tapıb: "Üçüncüsü, İran məsələsində razılaşma əldə olunmadı, tərəflərin mövqelərində dəyişiklik baş vermədi, bu, heç gözlənilmirdi də. Tramp İranı çökdürmək istəyir və bu planında heç bir dəyişiklik etməyəcək. Dördüncüsü, prezidentlər Suriya məsələsində də hər hansı razılıq əldə etmədilər.

Rusiya ABŞ-dakı seçki prosesinə qarışmayıb və qarışmayacaq" - bu fikri Putin bir daha amerikalı həmkarının diqqətinə çatdırdı. Trampdan olsa Putinə inanardı. Məsələ burasındadır ki, Trampa Amerikada müxalif olanlar, o cümlədən Konqres və media Putinin dediklərinə inanmır və Ağ Ev sahibi durumu dəyişə bilmir. Putinin mətbuat konfransında amerikalı jurnalistin sualına cavab olaraq "bəli, mən Amerikada prezident seçkisində Trampın qələbə qazanmasını istəyirdim" etirafı da Ağ Ev sahibinə ölkəsində az problem yaratmayacaq. Putin inanır ki, Trampla dialoq ümumi işin xeyrinədir. Ancaq Konqres və Amerikadakı müxtəlif siyasi və media mərkəzləri belə hesab etmir".

E.Şahinoğlu bildirib ki, Ukrayna məsələsində tərəflərin mövqeləri dəyişməyib: "Bu görüşə qədər ehtiyat edilirdi ki, Donald Tramp Krımın ilhaqını qəbul edə bilər. Helsinkidə bu, baş vermədi. Mətbuat konfransında prezidentlər Ukrayna mövzusuna ümumiyyətlə toxunmadılar. Tramp üçün Ukrayna mövzusu açıq-aşkar arxa plana keçib. Halbuki Barak Obamanın dövründə Ukrayna mövzusu aktual idi. Çünki Ukraynadakı hadisələr məhz Obamanın dövründə cərəyan etmişdi. Obama özünə borc bilirdi ki, Ukraynanı dəstəkləsin. Trampın isə belə bir dərdi yoxdur.

Bu görüşə baxmayaraq, Tramp Avropanın Rusiyadan enerji asılılığının əleyhinədir və bu durumu dəyişməyə çalışır. Ancaq Tramp mətbuat konfransında Rusiyanı və Putini düşmən deyil, yaxşı mənada rəqib adlandırdı. Tramp Putinin gözünün içinə baxaraq onu düşmən adlandıra bilməzdi. Ona görə də əvvəlki ritorikasını zəiflətdi. Ancaq görüşdən sonra Tramp yenə də istədiyi kimi danışacaq. Tramp mətbuat konfransında onu da açıq dedi ki, Rusiya iki ölkə arasındakı münasibətlərin soyumasında Amerikanın keçmiş administrasiyalarından az günahkar deyil.

Helsinki görüşünün əsas nəticəsi budur ki, iki ölkə arasında müxtəlif məsələlərdə dərin fikir ayrılıqları olsa da, dialoq davam edəcək. Trampa və Putinə də elə bu lazım idi. Ancaq Putinin amerikalı həmkarı ilə dialoqda bir problemi yoxdursa, Trampı daxildə ciddi suallar gözləyir. Amerikadakı siyasi mərkəzlər və media ABŞ prezidentinin Putinlə dostluğunun və sıx dialoqunun əleyhinədir".

PƏRVANƏ

 





19.07.2018    çap et  çap et