525.Az

"Dil sənin şəxsi malın deyil ki, onunla istədiyin kimi rəftar edəsən..."


 

MİLLƏT VƏKİLLƏRİ DÖVLƏT BAŞÇISININ AZƏRBAYCAN DİLİ İLƏ BAĞLI SON SƏRƏNCAMINI YÜKSƏK QİYMƏTLƏNDİRDİLƏR

"Dil sənin şəxsi malın deyil ki, onunla istədiyin kimi rəftar edəsən..."<b style="color:red"></b>

"Prezidentin Azərbaycan dili ilə bağlı növbəti sərəncamını çox vacib və təqdirəlayiq hesab edirəm. Doğrudan da, belə bir sərəncama ehtiyac vardı. İstər elektron məkanda, istər virtual məkanda, istər də yazılı məkanda - mediamızda, qəzet və jurnallarımızda, ədəbiyyatımızda, efir məkanımızda Azərbaycan dilinin istifadə və işlənmə qaydaları, ədəbi normaları kobudcasına pozulmaqdadır. Bu məsələdə böyük bir xaos, sistemsizlik, özbaşınalıq var".

Bunu "525"ə açıqlamasında millət vəkili, şair Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, adıçəkilən məkanlarda, sahələrdə Azərbaycan dilinin qayda-qanunlarına bir sıra hallarda əməl olunmur:

"Kim necə istəyir, o cür də yazır, kim necə düşünür, o cür də danışır. Bu məsələni insanların kefinə buraxmaq olmaz. Dil müqəddəsdir, bayraq, gerb, himn, ordu kimi ən vacib atributlardandır, milli kimlik və mənlik məsələrindəndir. Dilimizi şərəfimiz, namusumuz kimi qorumalıyıq. Burada "mən necə istəyərəm, o cür də edərəm" kimi yanlış və zərərli yanaşmaya, tendensiyiya son qoyulmalıdır. Əgər biz öz dilimizə sahiblik, onun qayda-qanunlarına riayət etməsək, o zaman əcnəbilərdən, digər millətlərin nümayəndələrindən nə gözləyə və ya nə tələb edə bilərik? Öncə özümüz, sonra da başqaları, yəni el məsəlində deyildiyi kimi, "əvvəl evin içi, sonra çölü"... Bəzən efirlərdə, mediada, ədəbiyyat nümunələri kimi təqdim olunan "əsərlər"də elə sözlərə, elə ifadələrə rast gələrsən ki, mat-məətəl, donub yerində qalırsan, deyirsən, İhahi, görəsən, bu, bizim dilimizdir? Ayağı-başı bilinməyən söz, ifadə olarmı, onu haradan tapıblar, beləsinin əlinə kim qələm və ya mikrofon verib? Ona görə hesab edirəm ki, Azərbaycan dili ilə bağlı verilən hər bir qərar, sərəncam olduqca vacibdir, təqdirəlayiqdir və onun da bütün şərtlərinə, müddəalarına əməl olunmalıdır. Bu, hər bir kəsin, ələlxüsus, qələm əhlinin, yazarların, efir insanlarının, söz adamlarının borcudur".

Digər millət vəkili Kamilə Əliyeva da həmkarı kimi düşünür.

O da hesab edir ki, Azərbaycan dilinin saflığı, incəliyi, zənginliyi qorunmalıdır:
 
"Dilimizə xələl gətirməyə kimsənin haqqı yoxdur. Belə bir haqq kimsəyə verilməyib. Dil sənin şəxsi malın deyil ki, onunla da istədiyin kimi rəftar edəsən, davranasan. Dil sənin millətinin, sənin xalqının, sənin toplumunun, sənin dövlətinindir, onun əmanətidir. O əmanətə də xəyanət etmək olmaz və olmamalıdır". Millət vəkili deyib ki, Azərbaycan dili, Azərbaycan türkcəsi dünyanın ən gözəl, ən zəngin dillərindəndir: "Bu dildə istədiyin fikri, mövqeyi çox gözəl, çox sadə və çox anlaşıqlı şəkildə ifadə edə bilərsən və etmək də mümkündür. Əsrlərdir də belədir, bu dil əsrlərin, yüzilliklərin süzgəcindən keçərək, saflaşaraq bü günlərimizə-bizlərə gəlib çatıb, bizlərə əmanət edilib. Bizim də bir vətən övladı, Azərbaycan insanı kimi borcumuz və müqəddəs vəzifəmizdir ki,  bu əmanətə sahib çıxaq, dilimizə yiyə duraq, onu yad və zərərli elementlərdən, bayağılaşmaqdan qoruyaq. Amma bunu edə bilirikmi, dilmizi qoruyuruqmu, dilimizin necə deyərlər, qayda-qanunlarına sonunacan əməl edirikmi? Təəssüf ki, yox! Bu, çox ağrılı və narahatedici, həm də hər birimizi düşündürməli olan məsələdir. Mən bir dəfə də bu məsələni parlamentdə dilə gətirmişdim və narahatlığımı ifadə etmişdim ki, belə hallara artıq son qoyulmalıdır, dilimiz bərbad durumdan çıxarılmalıdır. Xüsusilə də, dərsliklərimiz, dərs vəsaitlərimiz - hansı ki, uşaqlarımız, gələcəyimiz olan övladlarımız onunla formalaşır - normal dildə yazılmalıdır, Azərbaycan dilinin bütün incəliklərinə əməl olunmalıdır. Vallah-billah, dərsliklərimizdə, dərs vəsaitlərimizdə, uşaqlarımızın istifadə etdikləri və etməli olduqları ədəbiyyat nümunələrində elə sözlərə, elə cümlələrə rast gəlirik ki, adamın deməyə sözü də qalmır. Niyə belə edirlər, nə məqsəd güdürlər, qəsdləri nədir, axı? Biz öz dilimizə sahib çıxmasaq, başqaları sahib çıxacaq və onunla da istədiyi kimi davranacaq. Buna heç bir halda haqqımız yoxdur. Bunu axır-əvvəl anlamalıyıq. Əvvəl özümüzdən başlamalıyıq, sonra başqalarından tələb etməliyik".

Kamil HƏMZƏOĞLU

 





19.07.2018    çap et  çap et