525.Az

Bakı-Paris münasibətlərində yeni mərhələ başlayır


 

Bakı-Paris münasibətlərində yeni mərhələ başlayır <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev yaxın günlərdə Fransya rəsmi səfər edəcək. 

Səfər zamanı dövlət başçısı fransalı həmkarı Emmanuel Makronla ilk rəsmi görüşünü keçirəcək.

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez daha əvvəl bildirib ki, bu səfər bizim tərəfdaşlığımızın keyfiyyətini, ikitərəfli siyasi münasibətlərin gücünü və Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəal iştirakını göstərəcək. Səfir bildirib ki, bu səfər həmçinin, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcək. Diplomat 2018 ili Fransa ilə Azərbaycan münasibətlərdə xüsusi bir il adlandırıb:"Bu il Fransanın xarici işlər naziri Le Drian Azərbaycan Xalq Cumhurriyətinin yaranmasının 100 illiyi ilə bağlı Azərbaycana ilk səfərini edib. Bundan sonra, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edib".

Məlumat üçün bildirək ki, Fransa Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə həmin ilin 21 fevralında qurulub. Həmin il Fransa Azərbaycanda, iki il sonra 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi təsis edilib.Azərbaycan bu gün Fransa ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, Bakıda çoxsaylı fransız şirkətləri fəaliyyət göstərir. Fransanın həmçinin, ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir.

Rəsmi Bakı, eləcə də Azərbaycan ictimaiyyəti Fransadan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli addımlar gözləyir.

 Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bir neçə gün əvvəl bildirib ki, isə öz növbəsində bildirib ki, prezident İlham Əliyevin Fransaya səfəri zamanı müzakirə mövzularından biri, gözlənildiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olacaq. Nazir müavini qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Avropada və dünyada liderlik edən ölkədir: "Gözləyirik ki, Ermənistanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar ədalətli və beynəlxalq hüquq prinsiplərinə riayət edilməklə aparılacaq".

XİN rəsmisi iqtisadi əlaqələrə də diqqət çəkib və deyib ki, Azərbaycan öz ixrac potensialının genişlənməsində Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır: "Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İki ölkə arasında əməkdaşlıq diplomatik münasibətlərin yarandığı gündən dinamik inkişaf edib. Düşünürəm ki, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük potensial var". M.Məmməd-Quliyev bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişafında da Fransanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.

Ümumiyyətlə, Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr də son onilliklər ərzində əhəmiyyətli dərəcədə möhkəmlənib. Xüsusilə, nəqliyyat, ərzaq-yeyinti, mehmanxana, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, telekommunikasiya və s. sahələrdə iqtisadi əlaqələr qurulub.

Azərbaycanın ilk peyki - "Azərspace-1''

Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5'' daşıyıcı raketi ilə orbitə buraxılıb. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olub.

Politoloq Fikrət Sadıqov hesab edir ki, bu səfər  iki ölkənin gələcəkdə ikitərəfli münasibətlərinin inkişafına ciddi təkan verəcək: "Fransa prezidenti heç bir siyasi partiyaya mənsub olmayan, yeni  siyasi güc təsis edən və kifayət qədər parlaq bir fiqurdur.  Fransız seçiciləri ona dəstək verdi.  Makronun çox maraqlı fikirləri, yanaşmaları var. Yeni dalğanın insanıdır. Makron özünü kifayət qədər aydın göstərir və Fransanın mövcud problemlərini həll etməyə qadir bir gücə sahibdir".

Politoloqun fikrincə, Bakının da maraqlarına cavab verən Fransanın yeni siyasəti Azərbaycanda kifayət qədər müsbət qiymətləndirilir: "Xüsusilə, Fransa və Avropa İttifaqının aparıcı ölkələrindən biri olmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsəd dövlətidir.  Aydındır ki, Azərbaycanda Minsk qrupunun formatında təmsil olunan hər üç ölkəyə(ABŞ, Rusiya, Fransa)  qarşı dərin rəğbət bəslənilmir, ancaq həmsədr ölkələrin hər biri ilə öz maraqlarımızı həyata keçirmək üçün işləməliyik. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya qarşıdakı səfəri həm siyasi, həm iqtisadi, humanitar sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün ciddi təkan olacaq. Bu səfər çərçivəsində iki ölkə prezidentləri əməkdaşlığın mümkün sahələrini hərtərəfli müzakirə edəcəklər".

F.Sadıqov əlavə edib ki, Ermənistan və Fransa arasında ikitərəfli münasibətlərin uzun tarixi olmasına baxmayaraq, təcrübə göstərir və həyat sübut edir ki, Azərbaycan Fransa üçün daha əhəmiyyətli tərəfdaşdır. Bu, özünü  həm Cənubi Qafqazın lideri dövləti, həm də bir çox regional və beynəlxalq layihələrin həyata keçirilməsində, Avropa qitəsinə enerji resurslarının tədarükündə göstərir.

PƏRVANƏ

 





19.07.2018    çap et  çap et