525.Az

Mərkəzi Elmi Kitabxanada Mətbuat Günü qeyd olundu


 

Mərkəzi Elmi Kitabxanada Mətbuat Günü qeyd olundu <b style="color:red"></b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul - Milli Mətbuat Günü münasibətilə "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbir keçirilib. Ziyalıların, ictimai xadimlərin, media nümayəndələrinin qatıldığı tədbirdə MEK-in ayrı-ayrı şöbələrinin mövzu ətrafında əlaqələndirilmiş fəaliyyəti təqdim olunub.

Tədbiri giriş sözü ilə açan MEK-in direktoru Leyla İmanova mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara fərdilik, inkişaf və peşəkarlıq ilə yanaşı, informasiya şansı və qələm azadlığı arzu edib.

L.İmanova MEK-in mətbuat ilə əməkdaşlıq təcrübəsindən söz açıb, milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsi, yüksək keyfiyyətli və etibarlı informasiya istehsalçılarına çevrilməsi, "təhlükəsiz informasiya" prinsiplərinin formalaşdırılması, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsi, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Eyni zamanda, KİV-lərlə birgə təlimlərin keçirilməsini məqbul sayıb. L.İmanova MEK tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilən "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsindən də bəhs edib.

Sonra MEK əməkdaşları tərəfindən "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı təqdimat keçirilib. MEK-in ayrı-ayrı şöbələri tərəfindən əlaqələndirilmiş şəkildə görülmüş işlərin nəticələrini Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov və əməkdaşı Gülarə Səbzəliyeva, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Benəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, İnnovativ layihələr şöbəsinin müdiri Habil Əliyev, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova təqdim ediblər.

Əməkdaşların çıxışından sonra Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən, müasir durumundan bəhs edib. Onun sözlərinə görə, Azərbaycan mediası dünyada və ölkədə baş verən hadisələrə kifayət qədər operativ yanaşır, nəinki ölkəmizin, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir.  M.Ələsgərli media və MEK-in əməkdaşlığının önəmli olduğunu söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Ramiz Əskər mətbuata göstərilən dövlət dəstəyindən, jurnalistlərə olan qayğıdan söz açıb, MEK-in təqdimatında ayrı-ayrı şöbələrin gördüyü işlərdən məmnunluğunu ifadə edib.

Sonra MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın 1 illik oxucu kartı təqdim edilib. Təltif olunan media qurumları arasında "525-ci qəzet" də var.

Tədbirin sonunda MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-in media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəsini elan edib. Bu, MEK-in 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş təşəbbüsüdür. MEK Azərbaycan dövlətçiliyinin maraqları baxımından strateji hədəfi olan informasiya təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda, milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini təbliğ edən, mətbuat haqqında qanunlara və jurnalist etikasına söykənən media qurumlarını və müəllifləri ictimaiyyətə təqdim edəcək. Ənənə xarakteri daşıyacaq layihənin ilk mərhələsi 2018-ci il 1 sentyabr - 30 noyabr tarixini əhatə edəcək. Layihə şərtlərinə cavab verən media qurumları və jurnalistlər MEK tərəfindən mükafatlandırılacaq.

Şahanə MÜŞFİQ

 





19.07.2018    çap et  çap et