525.Az

Axtarın tapın onu...


 

Axtarın tapın onu...<b style="color:red"></b>

(Tanınmış rəssam Zahid Hüseynovun anım gününə) 

Qaraçöp coğrafi məkan kimi özünəməxsus, bənzərsiz bir mahaldır. Gürcüstanın Kaxeti bölgəsində Qavrı çayının sağ sahilində yerləşən bu gözəl ərazi ancaq şimal tərəfdən gürcü kəndləri ilə əhatələnmişdir, digər tərəfləri bomboşdur, arxa – cənub tərəfində isə demək olar ki, heç bir yaşayış məntəqəsi yoxdur və bu boşluq Haramı deyilən qışlaqdan (Gürcüstan ərazisi) və Ceyrançöldən (Azərbaycan ərazisi) keçərək təxminən 70 km məsafədə yerləşən Poyluya, Kür çayına qədər uzanıb gedir. Qaraçöp  özünün bu coğrafi və həm də başqa özəl xarakterik  xüsusiyyətlərinə görə digər bölgələrimizdən müəyyən qədər fərqlənir.

Cənubi Qafqazın füsunkar və qəribə bir guşəsində yerləşən,  başqa dinə və adət-ənənələrə malik bir xalqın əhatəsində məskunlaşan Qaraçöp camaatı hər zaman öz xalqına mənsubluğunu unutmamış, yeri gəldikcə özünü təsdiq etmiş, öz ana dilini, dinini, xalqımızın tarixi adət-ənənələrini göz bəbəyi kimi  qoruyub saxlamağa çalışmış, həm də buna müvəffəq olmuşdur, necə deyərlər, dil içində dilimizin, din içində dinimizin keşiyində dayanmışdır. Bir xarakterik konkret misalla fikrimin bu giriş hissəsini tamamlamaq istəyirəm. Dini yasaq edən Sovet rejimi dövründə Gürcüstanın, elə Azərbaycanın  da bütün əksər bölgələrində məscidlərin fəaliyyətinin dayandırıldığı zaman, ibadət ocaqlarının klublara, anbarlara çevrildiyi bir vaxtda yerli xüsusi xidmət orqanlarının təzyiqinə, hüquq-mühafizə strukturlarının müdaxiləsinə baxmayaraq qaraçöplülər öz məscidlərinin bağlanmasına imkan vermədilər. Təsəvvür edin ki, Sovet rejiminin qılıncının dalı da, qabağı da kəsən bir dövrdə Qaraçöpdə üstündə Türkiyənin aypara və beşulduz emblemlərindən ibarət gerbi  olan məscidlər normal fəaliyyət göstərirdi (həmin gerblər bu gün də saxlanılır). Qeyd etmək istəyirəm ki, qaraçöplülər hər zaman ağır oturub batman gələn qeyrətli  kişilərilə, tüp dağıdan, halay pozan igid oğullarıyla, namuslu və ismətli qəhrəman qadınlarıyla fərqlənmiş, məhz onların sayəsində bu mahalın adı dildən-dilə düşmüşdür.

Bütün bunları deməkdə məqsədim odur ki, haqqında söhbət açmaq istədiyim adam Böyük Vətən müharibəsi qurtaran ili Novruz bayramı günü Qaraçöpdə belə  bir mühitdə doğulub boya-başa çatmış, uşaqlıq və gənclik illərini orada keçirmiş, bir insan kimi orada formalaşmışdır. Söhbət Azərbaycan Pespublikasının Əməkdar rəssamı, əməkdar incəsənət və mədəniyyət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Universitetinin kafedra müdiri, tanınmış heykəltaraş, rəssam, monumental dekarativ sənəti üzrə əvəzsiz mütəxəssis, müəllim-pedaqoq, Azərbaycan Rəssamlar İttifaqının üzvü Zahid Hüseynovdan gedir.

Şübhəsiz ki, Z. Hüseynovun zəngin yaradıcılığını təhlil etmək, elmi əsaslarla dəyərləndirmək, ona bir sənətkar kimi layiq olduğu qiyməti vermək, bu sahənin mütəxəssislərinin işidir. Mən bu kiçik həcmli yazı ilə artıq bir ildir ki, aramızda olmayan, lakin həmişə yeri görünən, mənalı həyat yaşamış bir insan ömrünün  bəzi məqamlarını yada salmaq niyyətindəyəm.

... Elə həmin Sovet dövründə qadağa qoyulmasına baxmayaraq, qanunla çox ciddi yasaq olunduğu bir vaxtda Qaraçöp mahalında kənd sakinlərinin müxtəlif növ silah saxlamaları, onu bəzən açıq-aşkar nümayiş etdirmələri adi hal almışdı.  Orta məktəbdə oxuyarkən eşitdik ki, IX sinif şagirdi Zahid Hüseynovun gecə şahçıxarma mərasimində tapançası hansı səbəbdənsə açılaraq öz əlini yaralayıb. Heç kim körpə bir uşağın tapança gəzdirməsinin fərqinə varmadan hamı bir ağızdan qeyd edirdi ki, çox ÜRƏKli uşaqdır! Bu hadisədən sonra Zahidin sağ əlinin orta barmağında tikiş yeri qaldı və ömrünün axırına qədər uşaqlığından bir nişanə kimi onunla bərabər oldu.      

...Orta məktəb illərində ədəbiyyatımızın nadir nümunələri olan məşhur dram əsərlərini səhnələşdirmək bir adət halını almışdı. Bununla bağlı məktəbdə xüsusi dərnək də fəaliyyət göstərirdi. S. Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, S. Rüstəmin “Qaçaq Nəbi”, C. Məmmədquluzadənin “Ölülər” kimi dramlarında və digər əsərlərdə Zahid həmişə şah rolunda və yaxud başqa aqressiv rollarda oynayırdı. Hər dəfə müəllim və şagirdlər, səhnə əsərlərini izləyən kənd sakinləri yekdilliklə qeyd edirdilər: çox ÜRƏKli oğlandır!

...Orta məktəbi bitirdikdən sonra təbii ki, çoxumuz, o cümlədən Zahid də doğma Bakıya qəbul imtahanı verməyə gəldik. İmtahanlar zamanı imkan tapdıqca biz qaraçöplülər hərdən dənizkənarı bulvara çıxar, Bakının görməli yerlərini seyr edib gəzərdik. Uzaq kənddən gəlmiş uşaqlar üçün tanışlıq xarakteri daşıyan bu gəzintilər xüsusi maraq kəsb edirdi. O vaxt bulvarda uca bir vışka var idi. Vışkanın zirvəsində xüsusi paraşüt quraşdırılmışdı və istəyənlər çıxıb paraşütlə tullana bilərdilər (bulvarda həmin vışka indi də durur, lakin paraşüt yoxdur). Oradakı qaraçöplülər içində (mən də daxil olmaqla) ancaq Zahid ÜRƏK edib vışkaya çıxdı və tullanma əməliyyatını uğurla yerinə yetirdi. Orada olanlar əl çalaraq bir ağızdan səsləndilər: çox ÜRƏKli cavandır! 

Sonradan belə bir insanın ÜRƏYİNİN çat verməsi doğrudan da çox təəccüblü idi. Yəqin bu da taleyin bir qismətiymiş...

ÜRƏK demişkən... Dərd də bitkilər, ağaclar kimi iqlimlə bağlıdır. Necə ki, bitkilər, ağaclar iqlimə, fəsillərə uyğun olaraq bitirlər, yaşayırlar. Hər ürəkdə dərd  bitmir, yaşamır, çünki o ürəklərdə dərdin yaşaması üçün şərait olmur, belə ürəklər soyuq olur, buz kimi olur, həmişə soyuq, buz olan yerdə isə nəyinsə bitməsi, yaşaması qeyri-mümkündür. Soyuq ürəkdə, yanmayan ürəkdə dərd haradan ola bilər? Dərd üçün o ürək daima qış fəslidir. Ürək də var ki, dərdi özü çəkib gətirir içinə, dərd düşür ora, boy atmağa, böyüməyə başlayır. Belə ürəklərdə dərd üçün həmişə bahar fəslidir. Baharda hər şey canlandığı kimi, dərd də belə ürəklərə düşəndə cücərir, pardaxlanır, inkişaf edir, ürək isə başlayır inciməyə, ağrımağa, əziyyət çəkməyə. Əslində dərdsiz insan yoxdur, dərdini çəkməyən, anlamayan insan var.

Görünür, Zahid müəllim çox həssas insan olduğuna görə onun ürəyində dərd üçün münbit şərait yaranıb, dərd orada kök salıb, bitib, qol-budaq atıb, böyüyüb, genişlənib. Dərdin də ürəkdə bu cür inkişaf etməsi tez-gec bir gün ürəyin axırına çıxmaq deməkdir... Tanınmış şairimiz İlyas Tapdığın tanış sətirlərində yerində və gözəl qeyd edildiyi kimi:

Bir gözdə görməyir tale hər kəsi,

Ömür qəmli keçir, ömür şən keçir.

Ürək ağrımasın axı neyləsin,

Dünyanın hər dərdi ürəkdən keçir!

Zahidin sonrakı taleyi, daha doğrusu tələbəlik illəri Tiflis şəhəri ilə bağlandı. O, Tiflisə qayıdaraq Zaqafqaziyada (Cənubi Qafqaz) yeganə olan Tiflis Rəssamlıq Akademiyasının əvvəlcə hazırlıq, sonra isə əyani şöbəsinə daxil oldu. 1972-ci ildə son buraxılış diplom işini “əla” qiymətlə müdafiə edərək təhsilini başa vurdu və yenidən Bakıya qayıtdı. Elə həmin il onun “əla” qiymətə layiq görülən diplom işi Bakıya gətirilərək yeni istifadəyə verilmiş “Bakı” mehmanxanasının XI mərtəbəsində yerləşən restoranın divar sütununda əks olundu. Möhtəşəm görkəmi olan bu fundamental əsər burnundan yerə mıxlanmış öküz surətindən ibarət olub torpağa bağlılıq ideyası daşıyan əsl sənət nümunəsi idi.

     Zahid Hüseynov Bakıya döndükdən sonra öz doğma sənətini inkişaf etdirməklə yanaşı, eyni zamanda bütün sonrakı ömrünü müəllimlik, pedaqoqluq kimi şərəfli bir işə həsr etmişdir.

O, kiçik bir rəssamlıq təmayüllü texniki-peşə məktəbi müəllimindən Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri vəzifəsinə qədər yüksəlmiş, bununla yanaşı çoxsaylı tələbə ordusu yetişdirmiş, həm də bütün tələbələrinin sevimlisinə çevrilmişdi.

Zahid müəllimin Bakıda və Azərbaycanın bir çox bölgələrində Böyük Vətən müharibəsinə, əmək, zəhmət və digər maraqlı mövzulara həsr olunmuş kompleks sənət əsərləri quraşdırılmışdır. Ancaq heç şübhəsiz ki, öz doğma kəndi Qaraçöpün girəcəyində qoyulan və Tiflisdə baş vermiş 9 APREL və Bakıda törədilmiş 20 YANVAR faciələrinə həsr edilmiş abidə-kompleksi  onun yaradıcılığında xüsusi yer tutur. Bu əsər görkəmli bir rəssamın, böyük heykəltaraşın, istedadlı usta memarın (bunlar  hamısı Zahid müəllimə xas olan adlardır) yüksək səviyyəli nadir yaradıcılıq işi olmaqla bərabər, həm də iki xalqın – gürcü və Azərbaycan xalqlarının birliyinin rəmzi, dostluğunun və qardaşlığının təcəssümüdür. Bu kompleks XX əsrin sonlarında böyük bir imperiyanın hər iki xalqın istiqlal və azadlıq mübarizəsini boğmaq üçün başına gətirdiyi misli görünməyən qanlı olayın əbədiləşdirilməsi, yaddaşlara həkk olunmasıdır. Ona görə də Gürcüstanda və Azərbaycanda imperiyanın əli ilə məxsusi törədilmiş adıçəkilən  qanlı faciələri əks etdirən və hələlik yeganə olan bu  kompleksin qoyulduğu ərazi bu gün hər iki xalqın ziyarətgah yerinə çevrilmişdir. Bununla da Zahid müəllim öz adını hər iki xalqın tarixinə böyük hərflərlə yazdırmışdır.

Zahid müəllimin böyük və kamil yaradıcılığından daha bir nümunəni diqqətə çatdırmaq istəyirəm. 2000-ci ildə Tiflisdə beynəlxalq qurumların təşkilatçılığı ilə Cənubi Qafqaz ölkələri (Azərbaycan, Ermənistan, Gürcüstan) rəssamlarının əsərlərinin müsabiqəsi keçirilirdi. Bu mötəbər tədbirdə Azərbaycanı Z. Hüseynov təmsil edirdi. Müsabiqənin şərtləri maraqlı idi. Belə ki, müsabiqədə hazır işlər deyil, müsabiqə keçirilən müddətdə müəlliflər tərəfindən yerindəcə işlənib hazırlanmış əsərlər nümayiş etdirilməliydi. Mövzu isə sərbəst idi və hər müəllif özü seçməliydi. Zahid müəllim bu müsabiqədən də üzüağ çıxdı. Üç həftə ərzində mükəmməl bir əsər ortaya qoyaraq müsabiqənin qalibi oldu və “Qızıl medal”a layiq görüldü. Seçilən mövzu isə aktuallığı ilə diqqəti cəlb edirdi – İPƏK YOLU. Əsər belə adlanır: “Yarı bölünmüş alma” və ya “Əsrin müqaviləsi”.  Bütöv bir almanın iki üzü: bir tərəfdə Azərbaycan, o biri tərəfdə Gürcüstan. Münsiflər heyəti yekdilliklə bu əsərin birinci yerə layiq olduğu haqda qərar vermişdi.

Bu əsərin ideyasında diqqət çəkən məqamlardan biri də Ermənistanın Avropa ilə Asiyanı birləşdirən İpək Yolu dəhlizindən və bununla bağlı bütün iqtisadi layihələrdən kənarda qalmasının əks etdirilməsi idi. Digər tərəfdən ermənilərin də iştirak etdiyi beynəlxalq təşkilatlar tərəfindən keçirilən müsabiqədə azərbaycanlının birinci yeri tutub “Qızıl medal” alması öz-özlüyündə önəmli bir hadisə idi. Əslində bu tədbirdə əldə olunan yüksək nailiyyətin mənəvi və hətta siyasi sambalı da elə ilk baxışdaca özünü biruzə verirdi və həm də böyük  əhəmiyyət kəsb edirdi. Fikrimcə belə tədbirlərdə Azərbaycan Respublikası nümayəndəsinin iştirak etməsi və uğur qazanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Z. Hüseynovla bağlı digər bir məsələyə də diqqət çəkmək istəyirəm. Çernobl atom stansiyasında baş verən partlayış qəzasından sonra Sovet hökuməti orada yeni şəhərsalma və bununla bağlı kompleks tərtibat işlərinin həyata keçirilməsi haqqında qərar verdi. İttifaq miqyaslı bir məsələ olduğuna görə bu işə  SSRİ-nin bütün respublikalarından aidiyyəti üzrə çoxlu sayda mütəxəssislər cəlb edilmişdilər  və Azərbaycanı təmsil etmək məhz Zahid müəllimə həvalə olunmuşdu və o, kompleksin yaradılmasında bilavasitə iştirak etmişdi. Bu da respublikada Zahid müəllimə göstərilən böyük etimad və ona mütəxəssiz kimi verilən yüksək qiymət idi. Maraqlıdır ki, o, yaradıcılığının püxtələşmiş dövründə yaratdığı və Ukrayna torpağında həyata keçirdiyi irihəcmli möhtəşəm monumental kompleks işə “Azərbaycan” adı vermişdir. Sonralar Çernobl qəzasının iştirakçısı kimi, miqdarı cüzi olsa da, təqaüd də alırdı.

Z. Hüseynov uşaqlıqdan sənətinin vurğunu və bilicisi idi, bəzən öz fantaziyası ilə heç nədən bir “nəsə” düzəldirdi. Hələ orta məktəbdə oxuyarkən məktəbin divar qəzetinin buraxılışlarında verdiyi dizaynlar, çəkdiyi rəngarəng şəkillər məktəb həyatında hadisəyə çevrilərdi, yaxşı mənada qızğın müzakirələrə səbəb olardı. Qaraçöplülərin 9 APREL hadisəsinin birinci ildönümünü qeyd etmək üçün Saqareco rayonuna (öz rayonlarına) getmələri yaddaşlarda hələ də yaşayır.  Həmin vaxt Zahid müəllimin rayon mərkəzində həlqəvari dairədə qərənfillərdən düzəltdiyi, 9 APREL və 20 YANVAR faciələrini əks etdirən kompozisiyanın verdiyi əks-səda bu günə qədər rayon camaatının dilindən düşmür.

Heç təsadüfi deyildir ki, doğulub boya-başa çatdığı ölkə ilə bağlı bütün yuxarıda qeyd edilənləri, həmçinin gürcü və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin qorunmasında və daha da inkişaf etdirilməsində xidmətlərini nəzərə alaraq Gürcüstan prezidenti E. Şevardnadze Z. Hüseynovu öz ölkəsinin ən yüksək mükafatlarından olan “Şərəf” ordeni ilə təltif etmişdi.

Zahid müəllim həm Sovet dövründə, həmçinin ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox ittifaq və beynəlxalq miqyaslı sərgilərin iştirakçısı olmuş, bu tədbirlərdə Azərbaycanı uğurla təmsil etmişdir. Aldığı bütün titullar, o cümlədən Əməkdar rəssam adı, Gürcüstanın yüksək dərəcəli ordeni və digər titulları onun halal haqqı idi. O, çox zəhmətkeş insan idi, titullarının hamısını öz istedadı və zəhməti hesabına qazanmışdı. Gecəsini gündüzünə qatıb işləyirdi, bəzən elə olurdu  emalatxanasında gecələyirdi.

Zahid müəllim həm də yaxşı ictimaiətçi, əsl cəmiyyət adamı idi. Təbiətcə mülayim və sadə olduğundan adamlarla tezcə dil tapır, ünsiyyət qurur və qarşılıqlı əlaqə yaradırdı, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük idi.

1988-89-cu illərdə məlum hadisələr başlayanda Zahid müəllim hər bir qeyrətli azərbaycanlı kimi ölkəmizdə gedən prosesləri, sözün əsl mənasında olduğu kimi hiss edir, yaşayır və içindən keçirirdi. Onun o zaman təzəcə fəaliyyətə başlayan və gürcüstanlıları öz ətrafında birləşdirən ilk rəsmi “Qaraçöp” xeyriyyə cəmiyyətinin yaranmasında müstəsna xidmətləri olmuşdu. Zahid müəllim cəmiyyətin yaradıcılarından biri olmaqla, eyni zamanda idarə heyətinin ən fəal üzvlərindən idi. Heç təsadüfi deyildir ki, cəmiyyətin emblemi də məhz onun yaradıcılığının məhsulu idi. Sonra cəmiyyətlər birləşib “Borçalı” cəmiyyəti yarandıqda o, böyük məmnuniyyətlə fəaliyyətini adıgedən cəmiyyətin idarə heyyətinin üzvü kimi davam etdirdi.

1996-cı ildə qaraçöplülər “Qaraçöp” adlı ədəbi-etnoqrafik toplu çap etdirdilər.  Bu toplu “Vətənin qıraqda qalan yerləri” (ifadə Səməd Qaraçöpə məxsusdur) ilə bağlı ilk nəşr olunan irihəcmli samballı fundamental bir əsərdir. Toplunun redaksiya şurasının üzvü, eyni zamanda bədii redaktoru və rəssamlarından biri kimi materialların toplanmasında və toplunun tərtibatında Zahid müəllimin rolunu xüsusi qeyd etmək lazımdır.

Zahid Hüseynov halal bir şəxsiyyət idi, ona görə də düzlüyü, halallığı sevirdi.  Bir müəllim, pedaqoq olaraq heç zaman özünü dövrün çirkinliklərinə bulaşdırmadı, nəfsini cilovladı, mənliyini qoruya bildi. Həyatın mürəkkəb, təzadlı məqamlarında ağı qaradan seçməyi bacardı, həmişə ədalət prinsipi əsasında qərarlar qəbul etdi. İştirak etdiyi bütün tədbirlərdə, toplantılarda etdiyi çıxışlar, söylədiyi fikirlər bu prinsipə əsaslanırdı. Həqiqəti, acı olsa da yeritmək, irəlilətmək, ədalət pozulan yerdə onu bərpa etmək, hər kəsin halal haqqını vermək üçün dəridən-qabıqdan çıxardı, canından keçərdi. Bütün bunlar onun insani keyfiyyətləri idi.

Sonda əmin olduğumu bildirmək istəyirəm ki, Zahid müəllimin əziz xatirəsi onu tanıyan insanların yaddaşında əbədi yaşayacaq, eyni zamanda yaradıcılığının bəhrəsi olan, Azərbaycan və gürcü xalqlarının dostluğunu, qardaşlığını əks etdirən dəyərli əsərləri ilə hər iki xalqın tarixində həmişəlik qalacaqdır.

Vaxtla ölçüdə yaş ani,

Bu da bir sübut – əyani.

Həyat qısa, dünya fani,

Axtarın tapın Zahidi.

 

Ömrü əriyən şam idi,

Sözündə bütöv, tam idi.

Əsl nəqqaş, rəssam idi,

Axtarın tapın Zahidi.

 

Rəsm çəkdi, heykəl qurdu,

Sənətilə qoşa durdu.

Yolu nə tez başa vurdu,

Axtarın tapın Zahidi.

 

Sinəniz altda daşmı var,

Onun kimi qardaşmı var?

Ay bacılar, ay qardaşlar,

Axtarın tapın Zahidi.

 

Siz, əziz qohumlar, yadlar,

Ad içində tanış adlar,

Yurdunda yurdçu övladlar,

Axtarın tapın Zahidi.

 

Şəninə nə desən azdı,

Heç nədən kənar qalmazdı.

Onun kimi dost olmazdı,

Axtarın tapın Zahidi.

 

Gedir yenə... yönü dağdı,

Alnı açıq, üzü ağdı.

Ölməyib ha o ki, sağdı

Axtarın tapın Zahidi.

 

Təbiəti coşqun dəniz,

Bir ömürdə qoydu min iz.

Axtarıb tapa bilsəniz,

Axtarın tapın Zahidi.

Axtarın tapın Zahidi!...

 

 





24.07.2013    çap et  çap et