525.Az

Unutmadığım yer - Kəramət Böyükçöldən 3 yazı


 

Unutmadığım yer - <b style="color:red">Kəramət Böyükçöldən 3 yazı</b>

Ayaqqabı

Zaur başına döyüb ağlayırdı ki, atam buna dözməyəcək, mən bilirəm, bu işi bilən kimi ürəyi partlayacaq.

Həkim onu başa salırdı:

- Zaur, ayrı çıxış yolumuz yoxdur. Həkim heyətinin gəldiyi qərar belə oldu. Kim istəyərdi belə olsun? Narahat olma, demək Allah belə məsləhət görübmüş, taleyine belə yazılıbmış.

- Bəlkə Türkiyəyə aparsaydıq hər şey yaxşı olacaqdı? Dayım razı olmadı. Dayımı bağışlamayacağam. Lap kənddəki torpağımızı satardım, maşını girov qoyub bankdan pul götürərdim. Amma atamı aparardım, dünyanın ən yaxşı həkimlərinə göstərərdim.

- Biz Türkiyədən həkim çağırmışdıq, onun da qərarı belə oldu, ayrı çıxış yolu olmadı.

Zaurun atası Cəmil kişi özünümüdafiə batalyonunun ən mübariz əsgərlərindən biriydi. Cəbrayıldan çıxmaq istəmirdi. Ayaqları torpaqdan qopa bilmirdi. Axırda onu Cəbrayıl torpağından əsgər yoldaşları gətirdi, öz ayağı ilə çıxmadı.

Zaur əlləri ilə üzünü tutmuşdu, göz yaşları ovcunu doldururdu, axan göz yaşlarını geri qaytarmaq istəyirdi, istəmirdi anası görsün. O, asta addımlarla həkimə yaxınlaşdı, sanki olacaqlarla razılaşmış kimi soruşdu:

- İndi atamın vəziyyəti necədir?

- Narkozdadır.

- Gec ayılar?

- Altı saata ayılar, nə qədər yatsa, bir o qədər yaxşıdır, ayılanda ağrıları olmayacaq.

- İndidən atamın qollarını bağlamaq lazımdır.

- Nəyə görə?

- Ayılan kimi hər şeyi biləcək, o saat da özünü öldürəcək.

- Arxayın ol, heç bir təhlükə-zad olmayacaq, hələ ayılsa da, o, bunu gec biləcək, bir müddətdən sonra baş verənlərlə razılaşacaq.

Zaur ən çox atasının razılaşmayacağına görə dözə bilmirdi:

- Gör atam nə vəziyyətdə olacaq ki, bununla razılaşmağı yeganə çıxış yolu biləcək.

Cəmili döyüş bölgəsindən dostları çıxaranda axşama yaxın idi. Sağ ayağından axan qan sanki onun geri qayıtmağı üçün yola cız çəkirdi. Elə bil qan deyirdi ki, Cəmil, biz səninlə getmirik, düşüb burda qalırıq, sən qayıdanacan gözləyəcəyik, qayıt bizi yerdən qaldır, qoyma düşmən bizi çox tapdasın.

Cəmilin huşu üstünə gəldi, ayaqlarını yellədirdi. Sağ ayağının ayaqqabısı düşmüşdü. Onu əsas ağrıdan da elə bu idi. Ayaqqabı lap uzaqda qalmışdı, götürmək olmazdı. Hesab etmək olardı ki, ayaqqabı artıq əsir düşüb.

- Mənim ayaqqabılarımı da götürün, ayağıma geyindirin, ayaqlarım üşüyür - Cəmil başını güclə qaldırıb dostlarına dedi.

Həmin gün Cəmili Bakıya gətirdilər. Zaurun anası Ziba xanım əməliyyat qurtarandan sonra evlərinə getdi, nəticədən xəbəri yox idi. Bilsəydi, aləmi dağıdardı. Həkimlər ona hər şeyin yaxşı olduğunu demişdi deyə arxayınlaşmışdı.

Səhər tezdən Ziba xanım xəstəxanaya hazırlıqlı gəldi. Lazım olan şeyləri götürmüşdü; köynək, kostyum, konfet, termos, gül, ən əsas da bir cüt ayaqqabını unutmamışdı. Zaur anasının gətirdiklərini palatada yerbəyer elədi. Ayaqqabıları görəndə onu ağlamaq tutdu. Anasına bildirmədi. Divarın küncünə gözlərini sıxdı.

Əməliyyat vaxtı da və elə indi də xəstəxananın qapısı cəbrayıllılarla doluydu. Həyət siqaret tüstüsü kimi qarma-qarışıq idi. Biri Ermənistanda, biri Moskvadan, biri Bakıda baş verən hadisələrdən danışırdı. Arada söhbət gəlib yenə Cəmilin üstə dayanırdı. Kimi də məhərrəmliyin dəqiq vaxtını müəyyənləşdirmək istəyirdi.

Cəmil narkozdan ayıldı. Başının üstündə həkimləri gördü, Zaur da onların yanında idi. Cəmil qılçasının kəsilməyindən xəbərsizdi. Həkimlər Zaura demişdi ki, ayaq kəsilsə də, onun hissiyyatı həmişə orda yaşayır.

- Necəsiniz Cəmil kişi? - həkim soruşdu və əlavə elədi - şükür Allaha, hər şey yaxşı qurtardı.

- Sağ olun, doxtur, Allah köməyiniz olsun.

Cəmil ayaqlarını qarnına tərəf çəkəndə sağ ayağı gəlmədi.

- Hanı mənim ayağım? - dəli kimi qışqırdı.

Həkimlər onun əllərini tutdular.

- Qaytarın mənim ayağımı.

- Ayrı əlacımız yoxuydu, mina bütün bud sümüyünü parça-parça eləmişdi. Əgər götürməsəydik, qonqirena verəcəkdi. Nəticədə həyatını itirə bilərdin. O qədər belə yaşayanlar var ki...

Cəmil uzun müddət dinmədi. Sonra xırıltılı səslə dedi:

- Mən bilirdim ki, ayaqqabım ayağımdan düşdüsə, demək nəsə olacaq.

Ziba xanım məsələdən halı oldu. Gətirdiyi ayaqqabılara baxıb ağlayırdı. İndi o da ləyəndə iki ayaq yox, bir ayaq yuyacaqdı. Bunu heç cürə qəbul edə bilmirdi. Əti ürpəşirdi. Həmişə qapıda onun ayaqqabısı tək olacaq. Sonra Allaha şükür elədi, nə yaxşı ki, biri olacaq, ikisi də olmaya bilərdi.

Cəmil çarpayının yanına qoyulmuş ayaqqabıları görəndə kövrəldi:

- Mən dedim axı, qayıdın ayaqqabımın tayını gətirin, gətirsəydilər kəsilməyəcəkdi ayağım.

Zaur atasının qoluna girib onu palataya gətirdi.

- Bəs görəsən döyüşdə itirdiyim ayaqqabımın üstünə heç olmasa bir gül qoydularmı? - Cəmil ağlamsınaraq dedi.

- O gülü özün aparıb qoyacaqsan, ata! - Zaur cavab verdi.

- Bəs tək ayaqla Cəbrayıla necə gedəcəyəm?

Unutmadığım yer

Onun burnu uzundu, amma yaraşır, sevimli görünür. Mənim üçün belə şeyləri izah eləmək çox çətindi. Həmişə onun burnuna baxanda fikrə gedirdim. O da başa düşmürdü. Elə bilirdi gözlərim yol çəkir. Tez əllərini havada bayraq kimi yelləyirdi.

- Əllərini niyə yelləyirsən? - soruşuram.

- Belə eləyəndə adamın gözləri yol çəkmir.

Uzun olduğu üçün burnu bir azca yana əyilən qızları unutmaq çətin olur. Çətin olur deyəndə ki, mütləq içməlisən. Elə sevgilər var ki, ancaq içki unutdurur, elə sevgilər də var çayla yola verirsən gedir. Unutmadığın da məhz burnu olur.

Təbii, burun şərtidi. Başqa biri üçün qulağın, ağızın yekəliyi, qolların uzunluğu, saçın seyrəkliyi, yaxud hansısa xasiyyəti yaddan çıxmaya bilər. Amma məncə, bir qadına desən ki, ağzın yekədir, xətrinə dəyər. Ayağın əyridi, xətrinə dəyər. Ancaq desən ki, burnun yekədi, gülümsəyər, dodaqlarını büzər. Guya küsdü.

Doğrudan da, sevgidə burun amili çox önəmlidi. Məsələn, çoxdan bulvara getmirdim. Axırıncı dəfə bu yaxınlarda yolum düşdü. Həmişə Kukla Teatrının yanında keçiddən keçəndə uçuq-sökük pilləkəndə ayağıma bir məftil ilişirdi. Nədənsə, bulvarın hər yeri yadımdan çıxıb, amma o məftil olduğu kimi xatirimdədi. Bəzən unutduğun qadından da illər sonra nəsə yadına düşür. Çünki bir şeyi bütöv yadda saxlamaq çətindi və adama əzab verir.

Bax, o qızın burnu da o məftil kimi yaddaşımın ən işıqlı yerindədi. Aramızda o qədər pis xatirələr var, ayrılanda bir-birimizə o qədər hörmətsizlik eləmişik, amma bircə onun burnunu xatırlamağım kifayətdi ki, hər şey unudulub getsin və üzümdə təbəssüm əmələ gəlsin.

Birinci kursda oxuyurdu. Həm uşaq idi, həm də uşaq kimi. Yaman şıltaq idi, yol gedəndə qəfil tullanıb düşür. Soruşurdum:

- Niyə tullanıb düşürsən?

- Ürəyim belə istəyir...

Onun burnu ilə həmişə zarafat edirdim. Birlikdə yol gedəndə deyirdim ki, burnunu geri çək maşınlar keçsin. O da guya küsürdü, tez əlini əlimdən çəkirdi. Gözəl hisslərdi. Məncə, bunları yaşamaq lazımdı. İnsanı həyata bağlayan belə xırda şeylərdi.

Həmişə işdən çıxan kimi universitetə onu görməyə gedirdim. Çox vaxt həvəsim olmurdu. Amma bilirdim ki, getməsəm, xətrinə dəyəcək. Həvəsim olmurdu deyəndə ki, hər gün müsahibə almaq, müsahibəni diktofondan köçürmək məni dəhşətli dərəcədə yorurdu. Əlindən tutmağa halım qalmırdı. O da elə bilirdi ki, sevmirəm. Ona görə ruhsuzam. Amma elə deyildi. Sadəcə, iş enerjimi çox alırdı, əllərini qaldırmağa gücüm qalmırdı.

Bir dəfə mənə dedi, çox yorulursan, ver diktofonu, müsahibəni evdə köçürüm, sabah gətirim sənə. Çox sevindim. O qız o gün o gecəni səhərə qədər yatmadı, üç saatlıq müsahibəni köçürdü. Səhər dərsə gələndə gözlərindən yuxu tökülürdü. Fləşkartı da yox imiş, internet də bağlanıbmış. Götürüb kompüteri universitetə gətirmişdi. Dedi, hələ kompüter yadımdan çıxıb avtobusda qalmışdı, qəfil yadıma düşdü qayıtdım. Avtobusun arxasınca necə qaçmağını qaranəfəs mənə elə təsvir elədi, ay Allah, özün belə şeyləri yaxşı bilirsən.

Diktofondan köçürdüyü yazını mənə elə sevgiylə verdi, gətirib evdə faylı açdım ki, başdan ayağa ingilis şrifti ilə yazıb. Müsahibənin ortasında ofisianta nə sifariş vermişiksə hamısını köçürüb. Müsahibənin içindən dana basdırması, quzu kababı, pomidor-xiyar çıxırdı, rumka səsləri gəlirdi. Bilənlər yaxşı bilir ki, yazını ingilis şriftindən Azərbaycana çevirməkdənsə təzədən diktofondan yazmaq daha asandı. Belə də elədim, amma yekəburuna heç nə demədim. Soruşdu:

- Necə yazmışam?

- Çox əla yazmısan, əzizim.

Həqiqətən də əla yazmışdı, hərflərin hamısı yuxulu idi, bütün cümlələr saçları kimi qarmaqarışıq, amma bütün sözləri ürək kimi döyünürdü.

Doğrudan da, elə ki yoruldunuz, əldən düşdünüz, heç nəyə həvəsiniz və istəyiniz qalmadı, onda sevgilinizin burnunu düşünün. Necə ki, mən o qızın hər yerini unutmuşam, bircə burnu yadımdan çıxmır.

Fləş

Dayım uzun illərdən bəri ədəbiyyat müəllimi işləyir, rayon orta məktəblərinin birində dərs deyir. Yaşı altmışı keçib. Universitetə uşaq da hazırlayır, beləcə başını birtəhər dolandırır. Hərdən bacısı uşaqlarının cibinə pul da qoyur, sağ olsun.

Dayımın o qədər müasir düşüncəsi yoxdu, köhnə fikirlidi, amma halal, zəhmətkeş bir insandı. Heç kimə dəyib-dolaşmır. Hərdən onunla ədəbiyyat haqqında danışır, çağdaş yazıçıların əsərlərini vərəqləyir, öz aramızda müzakirə edirik. Görürəm ki, təkcə müəllim kimi yox, yaradıcı bir insan kimi də söz duyumu güclüdü, mətni hiss eləyə bilir. Dayım hekayələr də yazır, hərdən mənə oxuyur, ancaq çap elətdirmir. Düzü, o qədər uğurlu hekayələr deyil, amma yanında demirəm, çünki özü özünə çox inanır.

Bu yaxınlarda rayona getmişdim. Dayım əməlli-başlı dəyişmişdi. Məsələn, əvvəllər kompüterdən acığı gələrdi, amma indi bu günə qədər yazdığı yazılarını demək olar ki, cırılıb-dağılmış əlyazmalardan word proqramına köçürür. Hələ üstəlik fləşkartın da nə olduğunu bilir və yazılarını yazdıqca bir-bir fləşkarta yükləyir. Mətnlərini bir yerə yığdığına görə elə sevinir, elə sevinir... Xüsusən, fləş ona çox qəribə və maraqlı gəlir.

Dayım lap uşaq yaşlarından yazı-pozuya həvəslidi. Həmişə əlində kağız-qələm olub. Ancaq müasir texniki qurğulardan uzaq dayanıb və onlar haqqında yaxşı fikirdə olmayıb. Tez-tez deyirdi ki, kompüterin şüası adamda xərçəng xəstəliyi əmələ gətirir.

Bir dəfə dayım cibindən fləşkartı çıxarıb stolun üstünə qoydu və qəribə bir şəkildə onun üzünə gülümsündü. Dedi, bu günə qədər yazdığımın hamısı bu balaca şeyin içindədi. Dayım bu sözləri o qədər təəssüf hissi ilə dedi, ürəyim çox pis oldu. Sonradan bildim, fləşə necə inanıbsa sən demə, əlyazmalarının hamısını yandırıbmış. Dəqiq bilirəm ki, dayımın yazıları onun həyatıdı və deməli, onun həyatı da fləşin içindədi.

Bu yaxınlarda dayıma zəng elədim, telefona arvadı Solmaz xala cavab verdi. Hal-əhvaldan sonra soruşdum:

- Bəs dayımın telefonuna sən niyə cavab verirsən, özü haradadı ki?

Solmaz xala:

- Bala, o balaca şeyin adı nədi, bilmirəm. Yazılarını onun içinə yığmışdı. O qədər yerdə gizlətdi, ordan götürüb ora qoydu, ordan da götürüb ayrı yerə apardı, heç birinə etibar eləmirdi.

- İtirib?

- Bir müddət ovcunda gəzdirdi, sonra şfonerdə geyinmədiyi pencəyin cibində qoydu, kitabların arasına qoydu, qab-qacağın içində də gizlətdi. O qədər yerdə gizlətdi ki, indi hara qoyduğu özünün də yadından çıxıb.

Dayımla da danışdım. Səsi dəyişmişdi. Hiss elədim ki, fləşi axtarmağa qorxur ki, birdən tapa bilməz.

 





21.07.2018    çap et  çap et