525.Az

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna yeni dəyişikliklər edilə bilər


 

ƏLİ HÜSEYNLİ: “BİR SIRA QURUMLAR VAR Kİ, ZAMANIN, İNKİŞAFIN GERİSİNDƏDİR”

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna yeni dəyişikliklər edilə bilər<b style="color:red"></b>

“Vəkillər Kollegiyası son 6 ay ərzində, rəhbər dəyişikliyindən sonra böyük inkişaf mərhələsi yaşayır”.

Bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, vəkillik institutu hər zaman Azərbaycanda mövcud olub və məhkəmə-hüquq sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərib:

“Keçmiş rəhbərliyin dövründə də bu qurum öz fəaliyyətini dövlətçilik prinsipləri üzərində qurub, davam etdirib. Amma həyat, dövr, zaman sürətlə dəyişir, inkişaf edir. Hər bir inkişaf da islahatlar tələb edir. Elə qurumlar var ki, zamanın tələblərinə uyğun olaraq dəyişir, inkişaf edir, elə qurumlar da var ki, zamanın, inkişafın gerisində qalır. Amma tam məsuliyyətlə demək olar ki, Vəkillər Kollegiyası son aylar göstərdiyi fəaliyyətlə islahatlar prosesini, hətta qabaqlayıb.

Vəkillər Kollegiyası böyük inkişaf mərhələsindədir və bunu hər addımdan da hiss etmək mümkündür”. Komitə sədri eyni zamanda, təxminən bir il öncə ölkədə vəkillik təsisatının gücləndirilməsi istiqamətində atılan bir addımı da xatırladıb: “Bildiyiniz kimi, bir il öncə ölkədə nümayəndəlik institutu ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Yəni həmin vaxt Ali Məhkəmənin sədrinin imzası ilə parlamentə qanun layihəsi daxil oldu, məhkəmə poseslərində nümayəndəlik funksiyasını yetirən şəxslərin səlahiyyətlərinin ləğv edilməsi istənildi. O zaman bu məsələyə ciddi etiraz, hətta parlamentin özündə belə opponentlik edənlər oldu. Ancaq biz o vaxt bunu haqlı tələb hesab etdik, yəni istər məhkəmə hakimiyyəti, istər icra hakimiyyəti olan Prezident Administrasiyası, istərsə də, qanunvericilik hakimiyyəti olaraq bizlər bu məsələdə birgə düzgün qərar verdik. Bu məsələ özü də ölkədə vəkillik institutunun fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addım oldu. Yəni həyat bizim o zaman haqlı olduğumuzu göstərdi”. 

Komitə sədri bununla belə, gələcəkdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı növbəti tədbirlərin nəzərdə tutulduğunu da qeyd edib.

Kamil HƏMZƏOĞLU

 





21.07.2018    çap et  çap et