525.Az

Ulduzlar çəməni içində


 

Ulduzlar çəməni içində<b style="color:red"></b>

“Kitab dünyası” qəzetində şair Həmid Əlicanın 1936-cı ildə ağır anlarında böyük ədəbiyyatın sehrli güc-qüdrətini bəyan edərək:  

Xəyalında oldum uzun bir gün,

Səni axtarıb sahilə getdim.

Ağ dalğalar fışqıran gecədə,

Tapıb ver deyib, aya yalvardım.

  

– sözləri ilə başlanan tanış şeirini həyəcanla oxuyuram. Xəyal isə məni uzaqlara aparır.

Bu şeiri məktəb partasında öyrənib, kəndimin bağlarında, Hazaradan gurultu ilə axıb keçən Tankas çayı sahillərində, Hisar dağı başında parıldayan qar topalarına baxdıqca hayqırıb, bütün səsimlə mahnı kimi oxumuşam. Sonra isə Dağıstanın mərkəzi  şəhəri olan Mahaçqalada hərbi xidməti keçməyim yadıma düşür.  Xəzər dənizinin mavi sularına, Qafqazın göylərə ucalan sıra dağlarına heyran olub baxıram. Ulduzlar çəməni üzrə bədirlənmiş ay pərilər kimi süzür. O yurd həsrəti ilə qəlbini ovunduran cavan oğlana kəndi haqqında guya ki, pıçıldayır. Gecə küləyi xoşagələn, ətraf aydın və heyrətlidir. Həmən o gözəl şeiri təkrarlayıram...

Bunları xatırladıqca yenə qəzet səhifələrinə nəzər salıram.

Dövrümüzün görkəmli ədibi Koçkar Norkobilin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə söhbəti birdən gözümə sataşır, onun dərin və geniş müşahidələri xəyalımı yenə də uzaq keçmişə, sanki böyük xalq ədəbiyyatının zənginliyi  və möhtəşəmliyinə aparır. Söhbət getdikcə ədəbiyyat ümmanına üz tutur.

Qeyri-ixtiyari Həzrət Əlişir Nəvainin bu misralarını xatırlayıram:

Heç deyil asan bu meydanda durmaq,

Nizami pəncəsinə pəncə vurmaq.

İndi təsəvvürümdə böyük simalar görünür. Bu  simalar sayəsində iki böyük (nəhəng) xalqın ədəbiyyatının, bu ölməz ədəbiyyat sayəsində isə iki ulu xalqın can qardaşı olduqlarını böyük ehtiram ilə hiss edirəm.

Uzaq keçmişdən ata-babalarımızdan miras qalan bu qohum-qardaşlıq, doğmalıq,  mehr-məhəbbətin bir rəmzidir. Əlbəttə,bütün bunlar ədəbiyyata, mənəviyyata günəş kimi  nur verən kitaba dirənir.

Daşkənddəki Heydər Əliyev  mərkəzində 2012-ci ildə Azərbaycan ədəbiyyatının gözəl nümunələrindən özbək dilində çap edilən bir sıra yeni kitabların təqdimatının keçirilməsi, Azərbaycan və özbək sənətkarlarının bir yerdə səslənən musiqi və mahnıları dostluğumuzun bu günki  gənclərimiz arasında da davam etməsinə örnəkdir. Kitab vasitəsi ilə dostluq, qardaşlıq, mehr-məhəbbət köklərinin gündən-günə möhkəmləndirilməsi sevindirici haldır.

Səmərqənd Dövlət Universitetinin professoru, “Azərbaycan-Özbəkistan mədəni-iqtisadi əlaqələr mərkəzi”nin sədri Səxavət Qələmirzə oğlu Ociyevin Özbəkistan-Azərbaycan xalqlarının ədəbi-ideoloji  əlaqələrinin genişlənməsində layiqli töhfəsini verən fədai insan olduğunu çoxları yaxşı bilir. Bu dəyərli insanla görüşmək arzusunda idim. 2010-cu ildə kitabımı çap etmək üçün Daşkənddə oldum. “Mühərrir” nəşriyyatında bəxtim üzümə güldü.

Bir-birimizə kitablarımızdan hədiyyə edəndə dedim:

– Sizin onlarla elmi və bədii əsərlərinizi böyük həvəslə oxumuşam...

– Bu kişi, əziz qonağımız Azərbaycandan gəlib. Qudamdır – deyə Səxavət ağa yanındakı qonağı mənə təqdim edəndən sonra: – Azərbaycan Yazıçılar Birliyinin üzvü Əkrəm Qaflanoğlu Məmmədovdur,  deyə əlavə etdi.

Mən də 1957-60-cı illərdə  Bakıda olmağım, oradan ən xoş təəssüratlarla qayıtmağım və xatirələr yazdığım barədə məlumat verdim.

Söhbət öz-özünə qardaşlıq əlaqələri, milli və mümtaz ədəbiyyat ümmanı, bu günki istiqlal illərindəki inkişaf mövzusuna calandı. O gün Səxavət müəllim də nəşriyyata növbəti şeirlər toplusunu – “Dil izharı” həm də “Səmərəli ömür yolları” adlı iki kitabını gətirmişdi. Qısamüddətli görüşdən böyük təəssüratlarla  ayrıldıq.

Aradan çox keçmədən, Azərbaycandan, Əkrəm Qaflanoğlundan kitablar  aldım. Mən o qiymətli kitablar vasitəsi ilə Azərbaycanın qədim sənəti, milli adət-ənənəsi, klassik ədəbiyyatı haqqında bir daha dərindən məlumat əldə etdim. Eyni zamanda Aşıq Ələsgər, məşhur ədib, Xalq yazıçısı Elçin, Zərifə Salahova və  Özbəkistanda yaşayıb yaratmış Seyid Rza Əlizadə, eləcə də çağdaş şair İxtiyar Rzanın yaradıcılığı ilə geniş tanış olmağım məni hədsiz məmnun etdi...

Cabbar Xəlil,

Özbəkistan Yazıçılar Birliyinin Şəhrisəbz rayon şöbəsinin  rəhbəri,

Özbək dilindən çevirən Səxavət Azəroğlu.

 





24.07.2013    çap et  çap et