525.Az

"Loqos" Mətbuat gününü qeyd etdi - Fotolar


 

"Loqos" Mətbuat gününü qeyd etdi - <b style="color:red">Fotolar </b>

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi "Loqos"la birgə 22 iyul - Milli Mətbuat və Jurnalistika günü münasibətilə tədbir keçirib.

Tədbirdə Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov, "Loqos"un rəhbəri Təranə Məmmədova, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, jurnalist Billurə Aslanqızı və digər media nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbiri açıq elan edən PXTİB-nin icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında qonaqlara geniş məlumat verib. Sonra mətbuatın inkişafı ilə bağlı qısa videoçarx nümayiş edilib.

Daha sonra qonaqları salamlayan "Loqos"un rəhbəri Təranə Məmmədova mətbuat günü ilə bağlı bütün media nümayəndələrini təbrik edib və daim göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

"Loqos"un hər zaman media ilə, ictimaiyyətlə çox sıx əlaqədə olduğunu vurğulayan Rəşad Məcid Milli mətbuatın yaranması tarixindən danışıb, çağdaş dövrdə sosial medianın qəzetçilik ənənələrini üstələməsi probleminə toxunub. Azərbaycanda hər zaman mətbuata qayğı olduğunu vurğulayan katib gənc jurnalistlərə uğurlar arzulayıb.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov çıxışında bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi Azərbaycan mətbuatının tarixində söz azadlığının təminatında, azad mətbuatın formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mətbuatının inkişafı yolunda yeni bir tarixdir. Natiq qeyd edib ki, söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Heç şübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan jurnalistikasında çalışan və özünü jurnalist adlandıran hər bir həmkarımızın həyat və fəaliyyət devizi cəmiyyətdə azad sözün nüfuzunu artırmaq, demokratik inkişafa yardımçı olmaqdır.

Çıxışçılardan Vaqif Bəhmənli və Umud Mirzəyev medianın və mətbuatın əhəmiyyətindən, keçdiyi tarixi yoldan danışıblar.

Daha sonra bir sıra media nümayəndələrinə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən hazırlanan fəxri fərmanlar təqdim edilib.

Təltiflərdən sonra tədbir bədii hissə ilə davam etdirilib. Tədbirdə çıxış edən 138 saylı körpələr evi-uşaq bağçasının məzunu Aysin Bektaşi və "Dilbərim" rəqs qrupunun ifaları qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

Şahanə MÜŞFİQ

 





24.07.2018    çap et  çap et