525.Az

Forpost ölkə himayədarlarının qəzəbinə tuş gəlir


 

ERMƏNİSTANIN MÜDAFİƏ NAZİRİNİN İŞĞALÇI ÖLKƏDƏKİ RUSİYA SƏRHƏDÇİLƏRİNİN STATUSUNA DƏYİŞİKLİK EDİLƏCƏYİ İLƏ BAĞLI VERDİYİ BƏYANAT KREMLDƏ HİDDƏT DOĞURMAYA BİLMƏZ

<b style="color:red">Forpost ölkə himayədarlarının qəzəbinə tuş gəlir</b>

Ermənistanda baş verən etiraz aksiyaları nəticəsində cinayətkar Serj Sarkisyan hakimiyyətinə son qoyulması, Nikol Paşinyanın hakimiyyətə gəlməsi Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv dialoq mühtinin yaranacağına az da olsa ümid yaratmışdı. Çünki uzun illərdir hakimiyyəti əlində saxlayıb işğalçı siyasət həyata keçirən Qarabağ klanını devirən Paşinyan bəyan etdiyi kimi, ölkəni sosial-iqtisadi problemlər girdabında boğulmaqdan xilas etmək üçün tamam fərqli siyasət həyata keçirməliydi.

Bu mənada, işğal faktına görə Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid edən Azərbaycanla əlaqələrin bərpası düşmən ölkə rəhbərinə verdiyi vədləri yerinə yetirməyə imkan tanıya bilərdi. Bu, N.Paşinyanın erməni xalqı qarşısında etibarını itirməməsi üçün yeganə şansı idi. Ancaq Ermənistanın baş naziri bugünədək atdığı səhv addımlarla uzağı görə bilmədiyini, siyasətdə təsadüfi adamlardan biri olduğunu nümayiş etdirməkdədir. Nəticədə, seçki dövründən sonra Dağlıq Qarabağ danışıqlarının bərpa olunmaması qoşunların təmas xəttində atəşkəsin pozulması, erməni təxribatlarının həyata keçirilməsiylə müşaiyyət olunur. Düşmənin diversiya qruplarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu son olaraq may ayında Naxçıvan istiqamətində həyata keçirdiyi əks-həmlə əməliyyatı ilə düşmənə növbəti sarsıdıcı zərbəni vurdu. Ordumuzun Günnüt əməliyyatı nəticəsində işğal altında olan 11 min hektardan çox torpağın geri qaytarılması Ermənistana ciddi xəbərdarlıq xarakteri daşıyır. Aprel döyüşlərinin şokundan hələ ayılmamış ikinci zərbə ilə üzləşən düşmən ölkə rəhbərliyi yaranmış ictimai narahatlıq, qorxu fonunda ölkədə idarəçiliyi normal şəkildə həyata keçirə bilmir.

Ermənistanın baş naziri N.Paşinyan hesab edir ki, regionda müharibənin yenidən başlaması təhlükəsi həmişə mövcuddur və buna hazır olmaq lazımdır. Lakin onun fikrincə, Rusiya imkan verməz ki, Azərbaycan müharibəyə başlasın: "Hamı başa düşür ki, Rusiya super dövlət kimi regionda müharibənin başlamasına yol verməmək üçün imkanlara malikdir. İnanmıram ki, Ermənistanın dostu və strateji müttəfiqi Rusiya müharibənin başlamasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin. Hamı kimi mən də əminəm ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına yol verə bilməz".

Qaş düzəldən yerdə göz çıxarmaqla məşğul olan düşmən ölkənin baş naziri himayəndarlarının da qəzəbinə tuş gəlməkdədir. Nəticədə Ermənistandakı Rusiya hərbçilərinin açdığı xəbərdarlıq atəşi düşmən ölkəyə böyük siqnaldır.

Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının hərbçilərinin texnika və canlı qüvvə ilə Şirak bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açması, qumbaradan istifadə etməsi yerli əhali arasında ciddi təşvişə səbəb olub və narazılıq doğurub. Buna cavab olaraq Ermənistanın müdafiə naziri David Tonayanın işğalçı ölkədəki Rusiya sərhədçilərinin statusuna dəyişiklik ediləcəyi ilə bağlı verdiyi bəyanat Kremldə hiddət doğurmaya bilməz. Çünki forpost ölkənin atmağa hazırlaşdığı bu addım onsuz da qərbpərəst mövqeyi ilə seçilən Paşinyan rəhbərliyinin Rusiyadan tamamilə uzaqlaşma xətti tutduğunu açıq-aydın göstərir.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Nikol Paşinyan odla su arasındadır: "Ermənistanın baş naziri bir tərəfdən anlayır ki, ölkəsi Rusiyanın vassalıdır və bu asılılığı azaltmaq üçün hansısa mexanizmləri hərəkətə gətirməlidir. Ancaq digər tərəfdən bu mexanizmlərin hərəkətə gətirilməsi Moskvanın narazılığını artıracaq və bu amil Paşinyanın hakimiyyətini laxladacaq, onun əleyhinə işləyəcək".

Serj Sarkisyan və Robert Koçaryanın pusquda olduğunu deyən E.Şahinoğlu bildirib ki, Paşinyan Rusiya hərbi bazasının "əvvəlcədən razılaşdırılmayan" hərbi təlimlərindən bəhanə kimi istifadə edərək bunun Ermənistana qarşı təxribat mahiyyəti daşıdığını açıqlayıb. Halbuki rus generallar daha sonra açıqlama verərək, Ermənistanda bu il ərzində planlaşdırılan bütün təlimlərin razılaşdırıldığını bildiriblər. Buna baxmayaraq, Paşinyan Ermənistanın Rusiya və Qərb arasındakı məsafənin balanslaşdırılması fikrindən əl çəkməyərək, indi də Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna əl gəzdirmək istəyir. Bu istək Moskvanın Paşinyanın siyasəti haqqında qeyri-müəyyən suallarının sayını artıracaq. Başqa bir sual da maraqlıdır: Paşinyanın bütün bu addımlarından sonra Ermənistanın baş naziri silah almaq üçün Serj Sarkisyan kimi Moskvadan kredit istəyəcəkmi və Kreml belə bir istəyin qarşılığında İrəvana yenə 200 milyon dollar kredit ayırmağa hazırdırmı? Əlbəttə, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa, bu həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir. Ancaq bunun baş verəcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Paşinyan hələ ki, Rusiyanın nəbzini yoxlayır, vurnuxur, Qərbin onu dəstəkləyəcəyinə əmin deyil. Ermənistan üçün Rusiyadan qopmaq asan deyil, bəlkə də mümkün deyil. Bunu istəyənlər ya devrilirlər (Levon Ter-Petrosyan kimi), ya da qətlə yetirilirlər (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması)".

Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrda digər dövlət başçıları kimi Nyu-Yorka gedib BMT sessiyasında çıxış etməyi planlaşdırır: "Ancaq Paşinyan bununla kifayətlənmək istəmir. O, BMT sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşmək istəyir. Paşinyan NATO-nun Brüssel toplantısında Trampla ayaqüstü görüşüb. Donald Tramp super dövlətin lideridir, o, Brüsseldə Paşinyana cəmi bir neçə saniyə vaxt ayırıb hal-əhval tuta bilərdi. Bu, Paşinyana azdır. O, Trampla heç olmazsa, yarım saatlıq görüşə ehtiyac duyur. Bu məqsədlə köməkçisini bir neçə gün əvvəl Vaşinqtona göndərib. Həmin köməkçi də ermənipərəst konqresmenlərlə görüşüb. İndi həmin konqresmenlər imza toplayıb Trampa göndərmək istəyirlər ki, o, sentyabr ayında Paşinyanla görüşsün".

"Trampla görüş Paşinyan üçün niyə bu qədər vacibdir? Bunun iki əsas səbəbi var. Birinci səbəbi odur ki, Paşinyan Rusiyanı zorən müttəfiq adlandırsa da, Qərblə də yaxınlaşmaq - siyasi dəstək və kreditlər almaq istəyir. İkinci səbəb isə odur ki, Paşinyan Azərbaycan prezidentini qabaqlamaq istəyir. Azərbaycan prezidenti də Trampla bir neçə dəfə ayaqüstü söhbət edib, təkbətək və heyətlərarası görüş olmayıb. Halbuki Tramp il ərzində İlham Əliyevə 3 məktub göndərib və həmin məktublarda ABŞ-Azərbaycan əməkdaşlığından məmnun qaldığını ifadə edib", - deyə mərkəz sədri bildirib.

E.Şahinoğlunun fikrincə,  Paşinyan düşünür ki, Trampla İlham Əliyevdən əvvəl görüşsə, bu, Vaşinqtonun bölgədə Ermənistana da verdiyi dəstəyin və diqqətin tərənnümü olacaq: "Nyu-Yorkda Paşinyanla görüşüb-görüşməmək Trampın işidir. Ancaq o da bəllidir ki, Trampın belə görüşə ehtiyacı yoxdur. Birincisi, Tramp prezident seçilərkən keçmiş prezident Barak Obamadan fərqli olaraq Amerikadakı erməni lobbisinə heç nə vəd etməyib, lobbi onun rəqibi Hillari Klintonu dəstəkləyib. Tramp gərək bunu unutmasın. İkincisi, tutaq ki, Tramp Paşinyanla görüşdü, onunla nəyi müzakirə edəcək ki? Elə bir ortaq layihə və qarşılıqlı maraq da yoxdur ki, Tramp gərəksiz müzakirəyə vaxt ayırsın".

Politoloq əlavə edib ki, Dağlıq Qarabağ separatçılarının "müdafiə naziri" Levon Mnatsakyan dünən Xankəndidə keçirdiyi mətbuat konfransında deyib ki, təmas xəttində görünməmiş sakitliyin hökm sürməsinə baxmayaraq, sentyabr və oktyabr ayında durumun gərginləşəcəyi istisna deyil: "Erməni separatçılarının təmsilçisi onu da deyib ki, Azərbaycan ordusu təmas xəttində qoşun hissələrinin və hərbi texnikanın sayını artırır. Levon Mnatsakyan mart ayından başlayaraq Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə hərbi təlimlərinin sayının artırdığını da vurğulayıb".

E.Şahinoğlu hesab edir ki, Levon Mnatsakyanı bu mətbuat konfransını keçirməkdə və məlum açıqlamaları səsləndirməkdə məqsədi var: "Ona da aydındır ki, danışıqların nəticəsiz qaldığı indiki mərhələdə toqquşma ehtimalı artır. Ona görə də Dağlıq Qarabağ separatçılarının "müdafiə naziri" bu açıqlamaları səsləndirməklə sanki İrəvana mesaj yollayır: "Mən ictimaiyyət qarşısında sizi xəbərdar etdim, hücuma məruz qala bilərik, bir şey olsa, mənlik deyil". Erməni separatçı həm də onu demək istəyib ki, indiki nisbi sakitliyin arxasında böyük təhlükə gizlənir və Azərbaycan ordusunun təlimlərinin sayını artırmasında, tez-tez yerdəyişmələr etməsində ciddi planları var. Levon Mnatsakyanın proqnozlarını doğrultmaq lazımdır".

Ceyhun ABASOV

 





25.07.2018    çap et  çap et