525.Az

Paşinyanın Rusiya ilə Qərb arasında manevr cəhdi


 

Paşinyanın Rusiya ilə Qərb arasında manevr cəhdi <b style="color:red"></b>

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Rusiyaya yönəlik siyasətin hələ açıq qaldığını söyləmək mümkündür.
 
Baş nazir Nikol Paşinyan və onun komandası Rusiya ilə Qərb arasında manevr etməklə məşğuldur. Nə açıq şəkildə Rusiyaya qarşı çıxa bilirlər, nə də Qərbdən, Avropdan üz çevirə bilirlər. Paşinyanın odla su arasında qaldığını söyləmək olar. Bu günlərdə isə Panik hadisəsi iki ölkə arasında yumşaq desək, gərginlik yaratmış oldu. Belə ki, iyulun 17-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbçiləri Şirak bölgəsinin Panik kəndində təlim keçiriblər. Ermənistan mətbuatı və rəsmiləri bu təlimdən vahimələndiklərini bəyan ediblər.  Sakinlər təlimlə bağlı xəbərdarlıq edilmədiklərini söyləyiblər.

Kəndin icra başçısı Vardan Makeyan bildirib ki, əvvəlcə müharibə olduğunu zənn ediblər, camaat küçəyə axışdı, bəziləri huşunu itirdi, atəş açırdılar: "Xəbərdarlıq edilməməsi təhqiredici hadisədir. Ermənistandan bunu Rusiyada etsə idilər, indi onu faciə kimi qələmə vermişdilər. Kənd ərazisində təlim keçirilməməlidir".

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanlığı Panik kəndindəki hadisə ilə bağlı sakinlərdən üzr istəyib. Rus generallar açıqlama verərək Ermənistanda bu il ərzində planlaşdırılan bütün təlimlərin razılaşdırıldığını bildirdilər. Bununla belə, Ermənistan hakimiyyəti hadisəyə sərt reaksiya verib. Baş nazir Nikol Paşinyan bunu "qəbuledilməz hal" adlandırıb. Paşinyan deyib ki, bu, Ermənistanın suverenliyinə və Rusiya ilə dostluq münasibətlərinə qarşı təxribatdır, günahkarlar cəzalandırılmalıdır".

Müdafiə naziri David Tonoyan isə Ermənistandakı Rusiya sərhəd qoşunlarının statusuna yenidən baxıla biləcəyini bəyan edib. Onun sözlərinə görə, bunlar daş üzərində oyulmuş sənədlər deyil və zamanla hüquqi-müqavilə dəyişiklikləri tələb edən problemlər yaradır: "Bu, əlbəttə ki, həyata keçiriləcəkdir".

Tonoyan əlavə edib ki, Panikdə baş verən son hadisələr bəzi dəyişikliklərin tətbiqini sürətləndirə bilər.

Erməni mətbuatı bu açıqlamanın uzun müddət gözlənilən olması ilə yanaşı, həm də sensasiya adlandırıb. Qeyd edilib ki, müdafiə nazirinin bu açıqlaması ölkənin media və ekspert icması tərəfindən ən çox müzakirə olunan mövzulardan biri olmaqla, partlayan bomba effekti yaradıb:

"Uzun illərdir biz səbrlə gözləyirik ki, Yerevanın yüksək səviyyəli şəxsləri nə vaxt nəhayət ki, bizim yalnız milli maraqlarımızı deyil, suverenliyimizi və təhlükəsizliyimizi təhdid edən Rusiyanın Ermənistandakı hərbi-siyasi və iqtisadi iştirakına son qoymağı qərara alacaq. 90-cı illərdə Rusiya Ermənistandakı çətin vəziyyətdən istifadə edərək özünün sərhəd qoşunlarını və hərbi bazasını yerləşdirdi. Koçaryandan sonra Ermənistanın artıq Rusiyanın hərbi iştirakçılığına ehtiyacı olmasa belə, ikinci və üçüncü prezidentlərin Moskvaya göstərdiyi "köməyə" görə təşəkkür edib,  öz əsgərlərini ölkədən çıxarmasını tələb etməyə cəsarətləri çatmadı. Bunun üçün də öz səbəblər var idi - həm Koçaryan, həm də Sarkisyan Rusiyanın hərbi dəstəyinin hesabına hakimiyyətdə qalıb. 

Bu gün Ermənistan Rusiyasız keçinə bilər. Biz sərhəd qoşunlarına sahibik, mütəxəssislərimiz var və sərhədlərimizin təhlükəsizliyini özümüz  təmin edə bilərik. "Zvartnots" aeroportunda qonaqları milli kadrlar deyil, qırmızı sifətli spirti içki qəbul etmiş rus sərhədçiləri qarşılayır. Bu, utancvericidir".

Erməni mətbuatı yazıb ki, Tonoyan açıqlamasını dana bilər, ancaq fakt faktlığında qalır, Yerevan Moskvaya aydın şəkildə anlatdı ki, oyun qaydaları sürətlə dəyişir: "Tonoyanın bəyanatı erməni cəmiyyətini ruhlandırdı, Moskvanı isə narahat edir. İndi əsas olan budur ki, hədəfimizə doğru irəliləyik, hətta yolumuz tikanlı olsa belə".

Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru, erməni politoloq Stepan Qriqoryan hesab edir ki, müqavilədə dəyişiklik edilməlidir: "Belə bir ciddi hadisədən sonra Rusiyanı Ermənistanla qanun əsasında işləməyə məcbur etmək lazımdır. Münaqişəni ən yüksək səviyyədə, xarici işlər və müdafiə nazirləri səviyyəsində həll etmək lazımdır. Anlamaq lazımdır ki, siyasətin dəyişdirilməsi məsələsi Kremldən impuls alır, yaxud bu, yerli səviyyədədir və Rusiya hərbi bazasının təmizlənməsinə yönəlib. Bunu mütləq aydınlaşdırmaq lazımdır ki, belə cür hadisələr ikitərəfli münasibətlərə zərbə vurmasın”.

Digər erməni politoloq Ara Papiyan bunun artıq president olduğunu vurğulayıb. Onun sözlərinə görə, yerli əhaliyə qarşı bu cür davranış qəbuledilməzdir: "İki addımın atılması vacibdir: Rusiyanın hərbi bazası və sərhəd qoşunları barədə müqavilənin müəyyən müddəalarına yenidən baxmaq, eləcə də qanunun bütün normaları üzrə məsuliyyəti nəzərdən keçirmək.

Bundan əlavə, cinayət törətmiş bir neçə nəfər barəsində cinayət işi  açılmalıdır, Rusiya tərəfi isə xidməti araşdırma aparıb, bazanın rəhbərini dəyişməlidir".

Göründüyü kimi, artıq Ermənistanda Rusiya əleyhinə bəynatlar təkcə ictimai səviyyədə deyil, rəsmi səviyyədə də özünü büruzə verir. Paşinyan hakimiyyətə gələndən bu yana iki ölkə arasında əvvəlki münasibətlərin mövcud olmadığı müşahidə edilir. Paşinyanın qeyri-müəyyən siyasəti ilə hara qədər gedəcəyi bəlli deyil. Azərbaycanda isə ekspertlər hesab edirlər ki, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa, bu həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir. Bunun baş verəcəyi ehtimalı isə yüksək deyil. Çünki Ermənistan üçün Rusiyadan uzaqlaşmaq asan deyil, bəlkə də mümkünsüzdür.

PƏRVANƏ

 





25.07.2018    çap et  çap et