525.Az

Azərbaycan-Fransa münasibətlərinin inkişafı sülhün təmini üçün önəmlidir


 

Azərbaycan-Fransa münasibətlərinin inkişafı sülhün təmini üçün önəmlidir <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərinin yekunları yüksək qiymətləndirilir. Bu səfərdən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşəcəyi istisna edilmir.

Fransa həm iqtisadi tərəfdaş, həm Avropa İttifaqının əsas aparıcı dövləti, həm də ATƏT-in Minsk qrupunun həmsədri olaraq Azərbaycan üçün əməkdaşlıq baxımından maraq kəsb edən ölkədir. İki ölkə iqtisadi, o cümlədən, investisiya sahəsində fəal əməkdaşlıq edir, amma mövcud potensial bu sahədə daha  yüksək nəticələrə nail oluna biləcəyini göstərir. Prezident səfəri zamanı Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirib, şirkətlər arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. 

Nəzərə alsaq ki, Azərbaycanın ümumi iqtisadi dövriyyəsinin yarıdan çoxu Avropa İttifaqının payına düşür, Fransanın bu dövriyyədə payı müxtəlif illərdə kifayət qədər böyük olub. Məsələn, 2011-ci ildə Fransanın iqtisadi dövriyyədə payı 4 milyard dollardan artıq, 2017-ci ildə isə Azərbaycan Fransaya yarım milyard dollara yaxın məhsul ixrac edib. Eyni zamanda, Azərbaycanın cəlb etdiyi xarici birbaşa investisiyaların 7.6 faizi Fransanın payına düşür. Bu baxımdan Azərbaycan prezidentinin Fransaya səfəri bir tərəfdən təcrübəli əməkdaşlığın genişləndirilməsi, digər tərəfdən Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələrin imzalanması idi.

Ölkəmizin Aİ ilə hazırkı əməkdaşlığını, Brüssel sammitində "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanmasını nəzərə alsaq, Fransa ilə əməkdaşlığın gücləndirilməsi yenə də önəmli və zəruri görünür. Bundan əlavə, rəsmi Bakı Minsk qrupunun həmsədr dövləti kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolunun artmasını gözləyir.

Xarici İşlər Nazirliyi bəyan edib ki, prezident İlham Əliyevin Fransaya səfəri bu ölkə ilə Azərbaycan arasında əlaqələrin dinamik və hərtərəfli şəkildə inkişafının göstəricisidir: "Fransa ilə qarşılıqlı əlaqələrin inkişafı həmçinin, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına mühüm bir töhfədir".

Bu səfər fransız siyasi dairələrində də yüksək qiymətləndirilir. Fransa Senatının Xarici işlər komitəsinin vitse-prezidenti, senator Natali Qule mətbuata açıqlamasında qeyd edib ki, prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın sabitlik mərkəzi kimi daha yaxşı tanınmasına imkan verir. N.Qule qeyd edib ki, bu səfər gələcəkdə iki ölkə arasında turist axınının artmasına xidmət edəcək, həmçinin, Azərbaycanın bu regionda sabitlik mərkəzi və Rusiya və İran arasında körpü kimi daha yaxşı tanınmasına şərait yaradacaq: "Azərbaycan və Fransa bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərlər. Son illərdə Azərbaycanda işgüzar mühit xeyli yaxşılaşıb. Fransa şirkətləri Azərbaycanı İpək Yolunda mühüm mərkəz kimi dəyərləndirir".

Bundan başqa, N.Qule bildirib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə rolu çox vacibdir: "Dağlıq Qarabağ və ətraf 7 rayonun azad edilməsi üçün Ermənistana təzyiq göstərməyin vaxtı çatıb. Buna diplomatik yolla nail olmaq mümkündür, lakin əgər bu mümkün olmasa, Ermənistana qarşı embarqo və beynəlxalq sanksiyalar tətbiq etmək zəruridir".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə hesab edir ki, prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycan-Fransa və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərin ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca mühüm olduğunu dilə gətirən deputat söyləyib ki, səfər eyni zamanda, Azərbaycan-Fransa arasında ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişinə yeni imkanlar açacaq: "Bildiyiniz kimi, Azərbaycan-Fransa ikitərəfli münasibətləri və bu çərçivədə iqtisadi sahədə olan əməkdaşlığın inkişafı prioritet məsələlərdəndir. Fransanın bir neçə şirkəti Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Çünki ölkəmizdə münbit sərmayə mühiti var. Ümumiyyətlə, Azərbaycan dünyada, Avropa, o cümlədən, Fransada etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir".

Səfər zamanı dövlət başçısının bir sıra Fransa şirkətlərinin rəhbərləri ilə görüşünü xatırladan A. Mollazadə qeyd edib ki, Azərbaycanla imzalanan sənədlər hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verəcək, mövcud olan əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək". Deputat əlavə edib ki, Fransanın ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olduğunu nəzərə alsaq, Azərbaycanın bu ölkədən əsas gözləntisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllidir: "Azərbaycan Fransadan münaqişənin həlli istiqamətində hüququn aliliyinə dəstək olmasını gözləyir. Hesab edirəm ki, prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi bu məsələyə mümkün töhfələrini verəcək".

Millət vəkili Sahibə Qafarova isə deyib ki, Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Dövlətimizin xarici siyasətində Fransa ilə qarşılıqlı-faydalı əməkdaşlığın xüsusi yer tutduğunu deyən işçi qrupunun üzvü söyləyib ki, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əlaqələrin inkişafına impuls verəcək: "Azərbaycan dövlətinin xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarlar öndə dayanır. Bu amillər isə regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə böyük töhfədir. Azərbaycan prezidenti İlham Əliyevin bugünlərdə Fransaya səfəri də məhz bu baxımdan böyük əhəmiyyət daşıyır". Azərbaycan-Fransa münasibətlərinin inkişafının bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıdığını dilə gətirən deputat söyləyib ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir: "Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri mühüm önəm kəsb edir. Səfər zamanı dövlət başçıları arasında keçirilən görüş və aparılan müzakirələr Azərbaycanla Fransa arasında əlaqələrin inkişafı baxımından xüsusi qeyd olunmalıdır. Eləcə də, prezident İlham Əliyevin səfər zamanı keçirdiyi digər görüşlər və imzalanan sənədlər hər iki ölkənin gələcəkdə münasibətlərinin daha da genişlənməsinə xidmət edir".

PƏRVANƏ

 





25.07.2018    çap et  çap et