525.Az

Paşinyan öz xalqı qarşısında etibarını itirir


 

APREL DÖYÜŞLƏRİNİN ŞOKUNDAN HƏLƏ AYILMAMIŞ İKİNCİ ZƏRBƏ İLƏ ÜZLƏŞƏN DÜŞMƏN ÖLKƏ RƏHBƏRLİYİ YARANMIŞ İCTİMAİ NARAHATLIQ, QORXU FONUNDA ÖLKƏDƏ İDARƏÇİLİYİ NORMAL ŞƏKİLDƏ HƏYATA KEÇİRƏ BİLMİR

Paşinyan öz xalqı qarşısında etibarını itirir<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan bugünədək atdığı addımlarla uzağı görə bilmədiyini, siyasətdə təsadüfi adamlardan biri olduğunu nümayiş etdirməkdədir.

Uzun illərdir, düşmən ölkədə hakimiyyəti əlində saxlayıb işğalçı siyasət həyata keçirən Qarabağ klanını devirərək hakimiyyətə gələn Paşinyan bəyan etmişdi ki, ölkəni sosial-iqtisadi problemlər girdabında boğulmaqdan xilas etmək üçün tamam fərqli siyasət həyata keçirəcək. Bu mənada, işğal faktına görə Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid edən Azərbaycanla əlaqələrin bərpası düşmən ölkə rəhbərinə verdiyi vədləri yerinə yetirməyə imkan tanıya bilərdi. Bu, N.Paşinyanın erməni xalqı qarşısında etibarını itirməməsi üçün yeganə şansı idi. Ancaq seçki dövründən sonra Dağlıq Qarabağ danışıqlarının bərpa olunmaması, daha dəqiq desək, Ermənistanın yeni hökumətinin dinc tənzimləmə prosesindən boyun qaçırması tərəflər arasında hərbi gərginliyin artması, qoşunların təmas xəttində atəşkəsin pozulması, erməni təxribatlarının həyata keçirilməsiylə müşaiyyət olundu. Düşmənin diversiya qruplarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu son olaraq may ayında Naxçıvan istiqamətində həyata keçirdiyi əks-həmlə əməliyyatı ilə düşmənə növbəti sarsıdıcı zərbəni vurdu. Ordumuzun reallaşdırdığı Günnüt əməliyyatı nəticəsində işğal altında olan 11 min hektardan çox torpağın geri qaytarılması Ermənistana ciddi xəbərdarlıq xarakteri daşıyırdı. Aprel döyüşlərinin şokundan hələ ayılmamış ikinci zərbə ilə üzləşən düşmən ölkə rəhbərliyi yaranmış ictimai narahatlıq, qorxu fonunda ölkədə idarəçiliyi normal şəkildə həyata keçirə bilmir.

Ermənistanın baş naziri N.Paşinyan hesab edir ki, regionda müharibənin yenidən başlaması təhlükəsi həmişə mövcuddur və buna hazır olmaq lazımdır. Lakin onun fikrincə, Rusiya imkan verməz ki, Azərbaycan müharibəyə başlasın: "Hamı başa düşür ki, Rusiya super dövlət kimi regionda müharibənin başlamasına yol verməmək üçün imkanlara malikdir. İnanmıram ki, Ermənistanın dostu və strateji müttəfiqi Rusiya müharibənin başlamasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin. Hamı kimi mən də əminəm ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına yol verə bilməz".

Artıq Rusiyanın da qəzəbinə tuş gələn düşmən ölkənin baş naziri Kremlə yalvarmaq məcburiyyətində qalıb. Lakin Paşinyanın riyakarca müraciətlərinə məhəl qoymayan Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının hərbçilərinin texnika və canlı qüvvə ilə Şirak bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açması, qumbaradan istifadə etməsi yerli əhali arasında ciddi təşvişə səbəb olub və narazılıq doğurub. Buna cavab olaraq, Ermənistanın müdafiə naziri David Tonayanın işğalçı ölkədəki Rusiya sərhədçilərinin statusuna dəyişiklik ediləcəyi ilə bağlı verdiyi bəyanat isə vəziyyəti daha da gərginləşdirəcək. Çünki forpost ölkənin atmağa hazırlaşdığı bu addım onsuz da qərbpərəst mövqeyi ilə seçilən Paşinyan rəhbərliyinin Rusiyadan tamamilə uzaqlaşma xətti tutduğunu açıq-aydın göstərir. Bu da heç şübhəsiz Moskva tərəfindən normal qəbul olunmayacaq.

Məsələ ilə bağlı fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, Ermənistan bir əli ilə Qərbdən, digər əli ilə Rusiyadan yapışıb: "Paşinyan xalqa verdiyi vədlərin heç birini həyata keçirə bilmir. Bunun üçün nə iqtisadi əsasları var, nə də bir resursu var. Paşinyan bu cür gərgin bir durumdadır. O, bir tərəfdən də Rusiyadan uzaqlaşmaq istəyir. Günü-gündən isə bir-birini təkzib edəcək bəyanatlar verir. O, artıq yaxşı başa düşür ki, hakimiyyətdə qala bilməyəcək".

E.Həsənli hesab edir ki, Ermənistanın bircə nicat yolu var, o da Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir: "Yoxsa hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq heç bir inkişaf mühiti olmayacaq".

Bu gün Azərbaycanın imkanlarının böyük olduğunu deyən ekspert bildirib ki, belə vəziyyətdə Rusiya Ermənistana heç cür yardım edə bilməz: "Ermənistan artıq dünyada da nüfuzunu itirə-itirə gedir. Paşinyan bir-birini təkzib edən bəyanatlar verməklə öz ağlı ilə daxili auditoriyanı sakitləşdirmək istəyir. 2016-cı ilin aprel hadisələrinin ən böyük uğuru Ermənistanda "qəhrəman" hesab edilən Ohanyan və Sarkisyanın hakimiyyətdən getməsi oldu. Azərbaycan qısa zamanda öz torpaqlarını işğaldan azad edəcək. Ona görə də Paşinyanın sərsəm fikirlərinin heç bir əsası yoxdur".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, ümumiyyətlə, bəzən insanlar bir adama, onun həyata keçirdiyi dəyişikliklərə böyük ümidlər bəsləyir: "Amma hakimiyyətin müəyyən dövrü gəlib keçəndən sonra o ümidlərin heç biri real olmur. Ermənistanın baş naziri Nikol Paşinyanın da erməni xalqına verdiyi bu ümidlər həmin qəbildəndir. Sonradan isə həmin insanlar yalançı şəxslərdən uzaqlaşmağa başlayırlar və özlərinə yeni bir istiqamət axtarırlar. Heç şübhəsiz ki, Ermənistanda da bu proseslər gedir. Paşinyan populist çağırışlarla xalqa çox ümidlər vermişdi. Amma bu ümidləri yerinə yetirəcək nə dolu büdcə, xəzinə var, nə də ki onun hər hansı imkanları var. Xaricdən alacaqlarına ümid bəsləsələr də, bu ümidlər də özünü doğrultmur. Belə olan təqdirdə təbii ki, həm müxalifətin, həm də erməni cəmiyyətinin içərisində qütbləşmə gedir. Ermənistanda gərgin olan ictimai-siyasi vəziyyət işğalçı ölkənin baş naziri Nikol Paşinyanın Brüssel səfərindən sonra daha da dərinləşib. İşğalçı ölkənin Qərbə bağladığı ümidlərinin puç olması hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar və fikir ayrılıqlarına səbəb olub. Zənnimcə, bu, Paşinyan üçün nəticələri qorxulu olan bir gələcək deməkdir".

Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, işğalçı ölkənin Qərbə bağladığı ümidlərinin puç olması hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar və fikir ayrılıqlarına səbəb olub: "Hətta deyərdim bütün dünyada mövcud irili-xırdalı erməni təşkilatları, siyasi partiyalar, terror təşkilatları arasında bu çaxnaşmalar, təşviş, həyəcan, parçalanmalar var". Deputatın sözlərinə görə, 20 ildən çox müddət ərzində Ermənistana cinayətkar qruplar rəhbərlik edib və erməni xalqı gəlib bu günə düşüb: "Təbii ki, getdikcə vəziyyət daha da acınacaqlı olur. Səbəb isə onların apardığı sərsəm işğalçı, düşmənçilik siyasətidir. Nə qədər ki, bu siyasət davam edir, onların vəziyyətdən çıxış yolu olmayacaq. Bunu artıq istər Ermənistanda, istərsə də Ermənistandan kənar müxtəlif səviyyələrdə (ziyalılar, politoloqlar, siyasətçilər və s.) etiraf olunur. Hətta hərbçilər bunu etiraf edirlər. Onlar bildirirlər ki, Azərbaycanın qarşısında dayanacaq güclü ordumuz yoxdur. Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanın vəziyyətdən çıxmağının yeganə bir yolu var, o da qonşularla münasibətdə bu işğalçılıq, düşmənçilik siyasətindən əl çəkməkdir. Burada ilk növbədə Azərbaycan və Türkiyə nəzərdə tutulur. Ermənistan bu iki dövlətlə normal münasibətlər qurmasa, Ermənistan adında dövlət bundan da pis günə düşəcək. Bu gün Ermənistanda ən qorxulu, dəhşətli vəziyyət ermənilərin Ermənistandan qaçmasıdır. Bütün bu kimi hallar bu illər ərzində Azərbaycan prezidenti İlham Əliyevin apardığı çox uğurlu daxili və xarici siyasətin təntənəsi, nəticəsidir".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





26.07.2018    çap et  çap et