525.Az

Çavuşoğlundan önəmli mesajlar


 

Çavuşoğlundan önəmli mesajlar <b style="color:red"></b>

Türkiyənin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya rəsmi səfəri zamanı bir daha bəyan edildi.

M.Çavuşoğlu bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. Qardaş ölkənin xarici siyasət idarəsinin rəhbəri  bəyan etdi ki, Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır və Bakının verdiyi istənilən qərarı dəstəkləyir.

Çavuşoğlu, həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyanı və xarici işlər naziri Zöhrab Mnatskanyanı təbriki barədə də məlumatlara aydınlıq gətirib və deyib ki, bu təbrik Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir:  "NATO sammiti zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdüm. Mən AŞPA-da çalışanda o da Avropa Şurasında Ermənistan təmsilçisi idi. Onunla ayaqüstü salamlaşdım və  xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdim.

Baş nazir Nikol Paşinyan da Mnatsakanyanın yanında idi. Mən onu da Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik etdim. Bu təbriklər bizim Azərbaycan, Qarabağla bağlı siyasətimizi dəyişə bilməz. Bizim mövqeyimiz bəllidir: Azərbaycanın qəbul etdiyi istənilən qərarı dəstəkləyirik".

Çavuşoğlu əlavə edib ki, iki ölkə arasında çox gözəl ənənələlər var, bunlardan biri də seçkilərdən sonra ilk səfərlərin qarşılıqlı olaraq Azərbaycana və Türkiyəyə edilməsidir. Xatırladaq ki, 11 aprel prezident seçkilərindən sonra İlham Əliyev ilk səfərini Türkiyəyə etdi. Rəcəb Tayyib Ərdoğan isə 24 iyun seçkilərindən dərhal sonra Bakıya gəldi. Bu gün iki qardaş ölkə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, bu cür yüksək səviyyəli mütamadi səfərlər isə əlaqələri daha da dərinləşdirir.

Çavuşoğlu Bakıda baş nazir Novruz Məmmədov, həmkarı Elmar Məmmədyarovla görüşb, iki ölkə arasındakı hazırkı və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Baş nazir Novruz Məmmədov Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcudluğunu, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıdığını deyib. Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir: "Bu layihələr təkcə bizim ölkələrin deyil, region xalqlarının rifahının artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfələr verir.

Türkiyənin XİN rəhbərinin Bakıda verdiyi mesajlar, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinə dair Ankaranın mövqeyini bir daha səsləndirməsi Ermənistana və bütün dünyaya verilən mesajlar oldu. 

PƏRVANƏ

 





26.07.2018    çap et  çap et