525.Az

Paşinyan iqtidarı özünü müvəqqəti hakimiyyət kimi aparır


 

Paşinyan iqtidarı özünü müvəqqəti hakimiyyət kimi aparır<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan üç aya yaxındır ki, hakimiyyətdə olmasına baxmayaraq, nəinki hansısa islahatlara nail oldu, verdiyi vədləri yerinə yetirdi, hətta siyasi xəttini belə müəyyənləşdirə bilmədi.
 
Paşinyanın biri-birini təkzib edən bəyanatları, küçə aksiyaları zamanı xalqına vəd etdiklərini həyata keçirə bilməməsi, Rusiya və Qərb arasında vurnuxub, hansı istiqamətə üz tutacağını qərarlaşdıra bilməməsi onu nüfuzdan salmaqdadır. Erməni xalqı böyük ümidlər bəslədiyi Paşinyanın sadəcə küçə çağırışlarına yaradığının fərqindədir. Gah Dağlıq Qarabağ münaqişəsi ilə manipulyasiya edən, gah Rusiyaya qarşı bəyanatlar səsləndirməyə cəhd edən, Avropaya, Qərbə yaxınlaşmaqla bağlı boğazdan yuxarı bəyanatlar verən Paşinyan bununla nə hakimiyyətinin ömrünü uzada biləcək, nə də ki, erməni xalqının dəstəyini alacaq.

Ermənistan mətbuatı da Paşinyan hakimiyyətini tənqid edən məqalələrlə çıxış edir və yazır ki, Ermənistanda daxili siyasətdə deyil, ilk növbədə xarici siyasətdə çatlar yaranıb, Moskva-İrəvan arasında münasibətlər anlaşmaz şəkil almaqdadır, həmçinin, ABŞ və Avropa İttifaqı ilə də münasibətlər ürəkaçan deyil.

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə də hesab edir ki,   Paşinyanın hakimiyyəti əslində, özünü bir növ müvəqqəti hakimiyyət kimi aparır və indiyə kimi bu hakmiyyət öz gələcəyinə inanmır: "Məlum olduğu kimi, vəd edilən erkən parlament seçkiləri artıq uzun müddətə təxirə salındı. Paşinyan hansısa ciddi siyasətdə dəyişiklik həyata keçirə bilmədi. Bu onunla bağlıdır ki, Ermənistanda sistem hələ oturmayıb və Ermənistan bir müstəqil dövlət kimi fəaliyyət göstərə bilmir. Çünki Ermənistanın sahibləri var və iqtisadiyyatı da, silahlı qüvvələri,  sərhəd qoşunları və digər sahələri tamamilə başqa ölkənin tərkib hissəsidir, başqa ölkə tərəfindən idarə olunur. Məhz bu şəraitdə Ermənistanın indiki rəhbərliyinin yeganə çıxış yolu var. Bu da sülh istiqamətində addım ataraq, bölgədə ərazi iddialarına, işğala son qoyaraq, yeni bir siyasət həyata keçirərək, qonşu ölkələrlə normal münasibətlər qurmaq nəticəsində müstəqillik istiqamətində addım atmaqdır. Bu olmayana qədər Ermənistan dövləti mövcud olmayacaq. Bu xilas yolunu Azərbaycan prezidenti Ermənistanın yeni rəhbərliyinə öz çıxışlarında göstərib, başqa bir istiqamətdə atılan addımlar Ermənistanı demək olar ki, dünya xəritəsinən silə bilər".

Millət vəkili Qərbdən, Avropadan Ermənistana ciddi dəstəyin göstəriləcəyini gözləmir. Onun sözlərinə görə, indiyə kimi Ermənistana bir çox ölkələrdən yardımlar verilib və hətta korrupsiya nəticəsində verilən dəstək ünvanına çatmayıb. Erməni lobbisi və diasporu da məhz bu səbəbdən öz dəstəyini azaldıb, çünki çox gözəl bilirlər ki, həmin vəsaitlər hakimiyyət tərəfindən mənimsənilib. Bu vəziyyətdə yenə də təkrar etmək istəyirəm ki, Ermənistanın xilas yolu sülh yoludur, yeganə bir yoldur ki, Ermənistan bu istiqamətdə ciddi addımlar atarsa, onda ölkənin daxilində də zəruri islahatları həyata kçirmək üçün şərait yaradıla bilər. 

Ermənistanda bir çox insanlar çox gözəl anlayırlar ki, ölkələri müstəqil deyil, müstəqil siyasət apara bilmir. Müstəqilliyi istəyən qüvvələr təbii ki, öz emosiyalarını ifadə edirlər, lakin söhbət ondan gedir ki, Ermənistan münaqişənin girovudur. Ermənistan Rusiyaya dair, yaxud da digər hansısa bir problemlərdən, vəziyyətdən qurtulmaq istəyirsə, Azərbaycanla sülh yaratmalı və Türkiyəyə qarşı ərazi iddilarına son qoymalıdır, bundan sonra normal mühitdə inkişaf etmək şansı qazana bilər. Bunun baş verib-verməyəciyini isə zaman göstərəcək".

Politoloq Qabil Hüseynli isə hesab edir ki, tarixdə belə nümunələr çox olub: insanlar bir adama inanır, onun arxasınca gedir, dəstəkləyir, həyata keçirdiyi dəyişikliklərə böyük ümidlər bəsləyir, amma hakimiyyətin müəyyən dövrü gəlib keçəndən sonra o ümidlərin heç biri real olmur. Ermənistanın baş naziri Nikol Paşinyanın da erməni xalqına aksiyalar zamanı, baş nazir seçildikdən sonra verdiyi ümidlər həmin qəbildəndir.

Politoloq əlavə edib ki, sonradan isə həmin insanlar yalançı şəxslərdən uzaqlaşmağa başlayırlar və özlərinə yeni bir istiqamət axtarırlar: "Heç şübhəsiz ki, Ermənistanda da bu proseslər gedir. Paşinyan populist çağırışlarla xalqa çox ümidlər vermişdi. Amma bu ümidləri yerinə yetirəcək nə dolu büdcə, xəzinə var, nə də ki onun hər hansı imkanları var. Xaricdən alacaqlarına ümid bəsləsələr də,  bu ümidlər də özünü doğrultmur. Paşinyan Brüsseldən əliboş qayıtdı, açıq şəkildə mesaj aldı ki, inqilabın məntiqi nəticələri olmalıdır. Belə olan təqdirdə təbii ki, həm müxalifətin, həm də erməni cəmiyyətinin içərisində qütbləşmə gedir. Ermənistanda gərgin olan ictimai-siyasi vəziyyət işğalçı ölkənin baş naziri Nikol Paşinyanın Brüssel səfərindən sonra daha da dərinləşib. İşğalçı ölkənin Qərbə bağladığı ümidlərinin puç olması hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar və fikir ayrılıqlarına səbəb olub. Zənnimcə, bu, Paşinyan üçün nəticələri qorxulu olan bir gələcək deməkdir".

PƏRVANƏ

 





26.07.2018    çap et  çap et