525.Az

Havadarın itirilməsi: rəsmi İrəvanın yeni qorxulu röyası


 

Havadarın itirilməsi: <b style="color:red">rəsmi İrəvanın yeni qorxulu röyası</b>

Yeni hökumət Ermənistanı faciədən faciəyə aparmaqdadır. Son günlər kütləvi informasiya vasitələri bir qrup rus hərbçisinin xəbərdarlıq etmədən Ermənistanın Panik kəndinə atəş aça-aça daxil olaraq sakinləri qorxuya saldığı haqqında yazılar verir.

Sadə ermənilər buna etiraz edərək hərbçilərdən izahat tələb edib. Ancaq nə rus hərbçiləri, nə də rəsmi İrəvan insanlara məsələnin əsl tərəfini izah etmirlər. Rusiya hərbçiləri ehtiyac görmür, rəsmi İrəvan isə həqiqəti deyə bilmir. Nəticədə, Ermənistan vətəndaşları bir daha əmin oldular ki, onların təhlükəsizliyinə təminat yoxdur. Bununla yanaşı, Ermənistan özünü yeni geosiyasi ziddiyyətlər burulğanına atmaqdadır. O, havadarlarını belə itirə bilər. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac vardır.

Qorxu sindromu: erməni panikasının özəllikləri

Ermənistanın Şirak vilayətinin Panik kəndinə Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasının hərbi qulluqçularının boş patronlarla atəş açaraq qəfil daxil olması yeni siyasi böhran yarada bilər. Əsl panikaya düşən paniklilər, qorxu içində rus zabitdən niyə belə etdiklərinin izahını tələb etsələr də, heç bir konkret cavab ala bilməyiblər. Bir gün sonra hərbi bazanın komandiri Şirakın başçısı ilə görüşüb və guya ki, üzr istəyib. Real olaraq isə Rusiya tərəfi ermənilərə konkret bir şey izah etməyib. Aydın olur ki, Rusiya hərbçiləri hansısa səbəblərdən erməniləri cəzalandırıblar. Onlara sübut ediblər ki, istənilən zaman qəfil istədiyimiz erməni yaşayış məntəqəsinə daxil ola və sizləri məhv edə bilərik. Bu zaman qarşımıza kimsə çıxa bilməz.

Məsələn, Panikdə hadisə baş verən zaman bir nəfər də olsun erməni hərbçisi və ya polisi gözə dəyməyib. Əslində isə orada hadisəyə erməni hüquq-mühafizə orqanları müdaxilə etməli idi. Ən azından Rusiya tərəfi kəndə daxil olacağı haqqında Ermənistanın güc strukturlarına məlumat verməli idi. Bunların heç birinə Rusiya hərbçiləri ehtiyac görməyiblər və kimsə ilə danışmadan kəndə daxil olub, atəş açıblar.

Belə çıxır ki, Rusiya ordusu ermənilərə xəbərdar edib: sizə biz müdaxilə etsək, tamamilə müdafiəsiz qalacaqsınız. Yəni əslində müstəqil erməni ordusu deyilən bir qurum yoxdur. Onun heç xəbəri olmadan ölkənin ortasında rus əsgəri atəş açır və istədiyi yerə gedə bilir. Bu, həm də ona işarədir ki, Ermənistanın təhlükəsizliyi məsələsi tamamilə Rusiyadan asılıdır. Moskvanın bu məsələdə mövqeyi möhkəmdir və güclü təsir mexanizmlərinə malikdir. Təsadüfi deyil ki, Ermənistan KİV-ləri bu məsələyə geosiyasi kontekstdə bir neçə yazı həsr edib və müzakirələr davam edir.

Ekspertlər isə baş verənləri təsadüfi saymır. Onu N.Paşinyanın xarici siyasətinin məzmunu ilə sıx bağlayırlar. Mütəxəssislərin fikrinə görə, küçə hərəkatı haqqında ifrat pozitiv əhval-ruhiyyəyə qapılan ermənilərə yanıldıqlarını anlatmağa çalışırlar. N.Paşinyan Brüsseldə Qərb ilə yaxın əməkdaşlıqdan danışıb və yardım istəyib. Bunun mümkün olmadığını rusiyalı ekspertlər birmənalı ifadə edirlər. Çünki Ermənistanın müdafiə sistemi, iqtisadiyyatı, ticarətinin böyük bir hissəsi Rusiyaya bağlıdır. Avropa İttifaqı isə geosiyasi güc kimi Rusiyaya qarşı duranlardandır. Belə bir şəraitdə Aİ-Ermənistan yaxınlaşması necə ola bilər?

Onda rəsmi İrəvanın bu istiqamətdəki cəhdləri ancaq bir nəticə verə bilər. Ermənistana yardım edənlər və havadar kimi onu müdafiə edənlər bundan imtina edə bilərlər. Çünki havadarlıq etibarlı köləyə edilir. Ermənilər tarix boyu onu-bunu sata-sata gəliblər. İndi Ermənistanın bir cəmiyyət olaraq mövcudluğunu faktiki olaraq Rusiya təmin edir. Əgər Moskva əlini çəksə, Ermənistan deyilən bir dövlət qalmaz. Bunu Rusiyalı ekspertlər açıq yazırlar. Məsələn: "Xatırladaq ki, Ermənistan Azərbaycana silah satılmasından artıq narazıdır. İrəvanda açıq deyirlər ki, RF erməniləri KTMT-nin üzvü və erməni ərazisində baza saxlayan ölkə kimi müdafiə etməlidir. Bu zaman nədənsə unudulur ki, əgər Rusiya faktoru olmasaydı, Azərbaycan çoxdan müharibə ilə ermənilərin işğal etdiyi torpaqları qaytarardı" (bax: Ирина Джорбенадзе. Ереван начал шантажировать Москву при помощи НАТО / Rosbalt.ru, 16 iyul 2018).

Deməli, Moskva aydın işarə verir: Dağlıq Qarabağda erməni işğalçı qüvvələrinin qalmasını təmin edən əsas güc Rusiyadır və əgər N.Paşinyan xarici siyasətdə Qərbə meylliliyi artırsa, vəziyyət dəyişə bilər! Bu, Ermənistanın çox güclü bir havadarını itirməsi anlamına gəlir. Kreml tərəddüd etmədən İrəvanı ağır cəzalandıra bilər.

Məsələ bununla məhdudlaşmır. Avropa da artıq Ermənistana şübhə edə bilər. Çünki S.Sarkisyan bir dəfə Brüsseli möhkəm aldadıb. Onunla assosiativ üzvlüklə bağlı müqavilə imzalayacağını deyib, lakin son anda sərt şəkildə üzünü Rusiyaya tutub. Əgər N.Paşinyan buna bənzər hərəkət etsə, Brüsselin ona inanmaq üçün əsası qalmayacaq. Rəsmi şəxslər nə qədər "mən erməni sevdalısıyam" (Donald Tusk) desələr də, siyasi reallıq fərqli yanaşma tələb edir.

Ziddiyyətlərə doğru: Ermənistan xarici siyasətinin yeni problemləri

Nikol Paşinyanın Avropa ilə səmimi və etibarlı davranacağı ehtimalı olduqca azdır. Birincisi, N.Paşinyan siyasi hazırlıq baxımından çox aşağı səviyyəlidir. Onun kifayət qədər təcrübəsi, biliyi və iradəsi yoxdur ki, mümkün riskləri göz önünə ala bilsin və sona qədər irəliləsin.

İkincisi, ABŞ-Aİ münasibətləri indi böhran keçirir və onların geosiyasi aspektdə vahid mövqedən çıxış etmələri getdikcə daha çətin olur. Hətta D.Tramp açıq ifadə edir ki, Avropa Amerika üçün yükdür və ona düşməndir. Avropa isə təkbaşına hərbi və təhlükəsizlik məsələlərində Rusiyaya qarşı dura bilməz. Moskva onları darmadağın etmək iqtidarındadır. Xüsusilə ənənəvi olaraq güclü olduğu bir bölgədə.

Üçüncüsü, Ermənistan artıq bir hərbi alyansın – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həm də iqtisadi cəhətdən Avrasiya İqtisadi İttifaqına sıx bağlıdır. Onun bu təşkilatları yaxın perspektivdə tərk etmək şansı yoxdur. Buna nə Rusiya icazə verər, nə də Ermənistanın özünün manevr imkanları yetər. Aİ də elə gücdə deyil ki, Ermənistanı dərhal özünün hansısa strukturuna daxil etsin. Bir neçə ildir ki, Gürcüstanı iqtisadi-ticari baxımdan tam müstəqil edə bilmirlər. Ona göstərdikləri yardımlar böyük layihələri reallaşdırmağa imkan vermir.

Dördüncüsü, Ermənistan özünü Azərbaycan və Türkiyənin düşməni kimi aparır. İrəvan bəyan edir ki, xarici siyasətdə əsas məqsədi "türk ekspansiyasının qarşısını almaqdan ibarətdir". Belə də strategiya olar? Yəni Ermənistanın bütün gücü Türkiyənin qarşısını almağa yönəlib? Əgər Brüssel buna yardım etsə, özü çox pis vəziyyətə düşə bilər. Türkiyə regionun ən güclü dövlətidir və getdikcə imkanları daha da artır. Min Ermənistan olsa da, Türkiyənin inkişafının qarşısını ala bilməz. Həm də bu cür antihumanist, orta əsr təfəkkürü ilə, lokal ultraşovinist ruhlu siyasətlə hansı uğuru qazanmaq olar? Ermənilərin sözü ilə bütün dünya türklərə düşmən olmalıdır?

Təbii ki, absurd şeylərdir. Hətta Rusiya belə ermənilərin bu əsassız istəklərinə gülür və açıqca Azərbaycanla, Türkiyə ilə əlaqələri daha da inkişaf etdirir. Və bunlar onu göstərir ki, Brüssel Ermənistanla bu şərtlər daxilində yaxınlaşmaq istəsə, öncə geosiyasi maraqlarını və bütövlükdə rasional düşüncə tərzini itirməlidir. Belə çıxır ki, Ermənistan Rusiyadan bu üsulla uzaqlaşmaq fikrinə düşməklə həm də Avropa İttifaqını itirmək riski yaradıb. Yəni Moskva ilə yanaşı, Brüssel də havadarlıqdan imtina edə bilər. Rəsmi İrəvanın növbəti qeyri-konstruktiv və reallığa əsaslanmayan siyasəti ölkəni geosiyasi dalana dirəməkdədir.

Əslində, Ermənistanın bir çıxış yolu var. Regionun güclü dövlətləri olan Azərbaycan və Türkiyəyə qarşı siyasətini köklü surətdə dəyişmək! İşğal etdiyi torpaqları üzr istəməklə tərk etmək və tədricən Bakı ilə münasibətləri yoluna qoymağa çalışmaq. Bu üsulla Ermənistan müxtəlif beynəlxalq layihələrə qoşula və tədricən müstəqil dövlət kimi ayağa dura bilər. Ondan sonra havadarları məsələlərinə yenidən baxa bilər. Gürcüstan Ermənistanla iş görmür. İranın İrəvana münasibəti məlumdur. Qərb də düşmən deyil. Azərbaycanla Türkiyə də torpaqların işğalına görə onunla əlaqə saxlamırlar. Əgər bu maneəni Ermənistan aradan qaldıra bilsə, onun üçün risklər xeyli azalar.

Bütün bunları sadə insanlar belə dərk edir. Erməni siyasətçilər isə şovinizmə, düşmənçiliyə, başqasına qarşı düşmən mövqeyə o qədər alışdırılıblar ki, bu adi həqiqətləri görə bilmirlər. Nəticədə, qəfil Panik panikə düşür!

Newtimes.az

 





26.07.2018    çap et  çap et