Bu gün ikinci Bakı Beynəlxalq Humanitar Forumu öz işini bəyannamənin qəbulu ilə başa çatdırıb.
525.az-ın məlumatına görə, bəyannamədə forum iştirakçıları BMT-nin “Minillik bəyannaməsi”ni rəhbər tutaraq, qloballaşma prosesinə ədalətli xarakter verilməsinin vacibliyini qeyd edərək siyasi, elmi elitanı, nüfuzlu beynəlxalq strukturları dinamik qloballaşan cəmiyyətdə humanitar problemlərə xüsusi diqqət yetirməyə çağırıb.
Müasir dövrdə elmin və texnikanın tərəqqisinin insanı, cəmiyyəti, bütövlükdə svilizasiyanı dərin dəyişikliklərə məruz qoyduğu qeyd edilib.
Forum iştirakçıları qloballaşma proseslərinin nəticəsi olaraq yaranan elmin, texnikanın, inkişafı, informasiya cəmiyyətinin bərqərar olması ilə meydana çıxan çox sayda humanitar problemlərlə bağlı aparılmış müzakirələrin yüksək dərəcədə səmərəli olduğunu vurğulayıblar.
“Bakı Beynəlxalq Forumu çərçivəsində aparılmış hərtərəfli və müxtəlif səviyyəli dialoqun zamanımızın aktual çağrışlarına adekvat olduğunu düşünürük. Multikulturalizm konsepsiyasına yeni yanaşmanın və onun müasir cəmiyyətdə getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyirik.
Dünya ictimaiyyətini, siyasətçiləri, alimləri Azərbaycanın dünyada multikulturalizm problemlərinin tədqiqi üzrə xüsusi mərkəzin yaradılması ilə bağlı təşəbbüsünü hamılıqla müdafiə etməyə çağırırıq”.
Bəyannamədə multikulturalizm problemlərinin fəlsəfi və etik aspektlərinin bundan sonra tədqiqinin ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısını almaq üçün KİV-lərdə lazımınca işıqlandırılmasının vacibliyi bildirilib.
Konvergent texnologiyaların gələcək üçün rolu və əhəmiyyəti vurğulanan sənəddə deyilir ki, hər bir cəmiyyətin ənənəvi xüsusiyyətləri nəzərə alınaraq onun inkişaf prosesinin özünəməxsusluğunu, müxtəlifliyini dərk edirik.
“Elmin sürətli inkişafının yeni elmi paradiqmanın təşəkkülünə yol açdığını və onun təhsildə öz əksini tapmasının zəruri olduğunu etiraf edirik”,- sənəddə deyilir.
“Bu kimi forumların hər il keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edərək Azərbaycan prezidentinə, hökümətinə, Bakı Beynəlxalq Forumunun bütün təşkilatçılarına bu günlərdə Bakını humanitar problemlərin müzakirəsi mərkəzinə çevirən belə mötəbər tədbiri keçirdiklərinə görə minnətdarlığımızı bildiririk. Bu bəyannamənin qəbul edilməsini və beynəlxalq humanitar əməkdaşlığın inkişafı istiqamətində istifadə olunmasını vacib sayırıq”.
S.QARAYEVA
çap et