525.Az

“Metsamor”AES Ermənistan üçün həm təhdid, həm iqtisadi gəlir mənbəyidir


 

“Metsamor”AES Ermənistan üçün həm təhdid, həm iqtisadi gəlir mənbəyidir<b style="color:red"></b>

Ermənistan istismar müddətini çoxdan başa vurmuş və region üçün təhlükə mənbəyi olan “Metsamor” atom elektrik stansiyasını bağlamaq niyyətində deyil.

Bu ölkənin baş naziri Nikol Paşinyan “Exo Moskva” radiosuna müsahibəsində deyib ki, hazırda atom elektrik stansiyasının ömrünü uzatmaq üçün çalışırlar: “Ermənistanın nüvə enerjisinə malik olması çox vacibdir və biz indi atom elektrik stansiyasının istismarını 2040-cı ilə qədər uzatmağa ümid edirik, buna qədər isə yeni bir atom elektrik stansiyası qurmağa çalışacağıq”.

Ermənistanın baş naziri bu məsələdə Rusiyanın köməyinə ümid edir: “Ümid edirəm ki, Rusiya bu məsələdə bizə kömək edəcək. Təəssüf ki, müstəqil olaraq bu prosesə başlamaq üçün bizim kifayət qədər maliyyə resurslarımız yoxdur. Ancaq Rusiyadan olan həmkarlarımız kömək edərsə, biz çox şad olarıq. Atom stansiyasını bağlamağı düşünmürük”.

Məlumat üçün bildirək ki, “Metsamor” AES-in tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, üç il sonra Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb.

1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə stansiyanın fəaliyyətini bərpa etmək barədə qərar qəbul edir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil tipli VVGR-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

“Metsamor”un təhlükəli olması ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlar da məsələ qaldırıb, amma Ermənistan bu təhlükə mənbəyini aradan qaldırmaq niyyətində deyil.

Mövzunu şərh edən siyasi ekspert Arzu Nağıyev deyib ki, “Metsamor” Atom Elektrik Stansiyası artıq istismar müddətini başa vurub və təbii ki, həm Ermənistanın özü, həm də region üçün zərər verə biləcək qədər acınacaqlı vəziyyətdədir.

O bildirib ki, Paşinyandan əvvəl Serj Sarkisyana da dəfələrlə Avropa İttifaqı bu AES-lə bağlı müxtəlif təkliflər veriblər. Təkliflər arasında müəyyən vəsait ödənməklə onun bağlanması da var. Ümumiyyətlə, beynəlxalq qurumlar tam “Metsamor”un  bağlanmasını istəyirdilər. Bundan başqa, yerli vətəndaşlar da dəfələrlə onun bağlanması tələbi ilə aksiyalar keçiriblər.

A.Nağıyev əlavə edib ki, Sarkisyan hakimiyyətdə olan zaman Avropa İttifaqının verdiyi vəsaitlə razılaşmayaraq, daha çox vəsait tələb edib:

“Paşinyan özü də bilir ki, 2040-cı ilədək onun istismarı qeyri-mümkündür. Çernobıl Atom Elekrtik Stansiyasının vaxtında tikilən AES kimidir. Çünki bunların artıq heç bir regional xeyri yoxdur, eyni zamanda, Ermənistanı da demək olmaz ki, tam şəkildə enerji ilə təchiz edir. Bunu əsas vasitə kimi istifadə edirlər, söhbət onun bağlanıb-bağlanmamsından getmir. Ona görə də Paşinyan Avropa İttifaqına da, Rusiyaya da bir mesaj göndərir ki, bunun bağlanması üçün müəyyən qədər vəsait ödənilməlidir, bundan da o,  istifadə edir. Çünki Avropa İttifaqı ümumiyyətlə razı deyil ki, region üçün təhlükəli olan bu AES fəaliyyətini davam etdirsin.

Həmçinin, ətrafdakı aktorlar, yəni bütün dövlətlər də bunun əleyhinədir. Buna görə də MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) “Metsamor”un bağlanmasına dair birmənalı qərar qəbul etməlidir. Bu, Paşinyanın seçkiqabağı manevrləridir ki, nə imkan varsa, onlar daxilində Ermənistan büdcəsinə vəsaitlər cəlb etsin. Əsas məqam budur”.

Ekspertə görə, Rusiya Ermənistanın istədiyi vəsaiti ödəyə bilmir, yəni bu gün Rusiya özü sanksiyalara məruz qalan bir dövlətdir, hansısa kənar dövlətin ərazisində AES-in bağlanması üçün o qədər vəsait ayırmayacaq:

“Şübhsiz ki, Paşinyan birmənalı şəkildə öz fikirlərini ortaya qoyub ki, Qərb adekvat olaraq buna cavab versin. Düşünürəm ki, Rusiya deyəcək ki, belə bir vəsait çatışmazlığı var, yaxud yeni tikintinin aparılması üçün bu qədər vəsait ayıra bilmərik. Burda əsas iqtisadi maraqdır və nəyin bahasına olursa olsun pulun ələ keçirilməsidir. Çünki bu gün Ruisya regionda bir AES-in, Türkiyədə “Ak Kuyu”nun tikintisi ilə məşğuldur, ona görə də inandırıcı deyil Rusiya öz vəsaiti hesabına Ermənistanın AES prpblemini həll etsin. Əsas oyun Qərblədir”.

Ekspert əlavə edib ki, “Metsamor”un bloklarının çoxu sıradan çıxb, sadəcə olaraq bunu həm də bir təhdid kimi saxlayırlar, yəni bu AES həm təhdid, həm iqtisadi gəlir mənbəyidir. 

PƏRVANƏ

 





28.07.2018    çap et  çap et