525.Az

Paşinyan rəqiblərini neytrallaşdırır: növbəti hədəf Koçaryan və Xaçaturovdur


 

“ERMƏNİSTAN SİYASƏTİNDƏN QARABAĞ KLANININ ORTADAN QALDIRILMASINI BAŞ NAZİRƏ KEÇMİŞ LİDERİ LEVON TER-PETROSYAN MƏSLƏHƏT BİLİB”

Paşinyan rəqiblərini neytrallaşdırır:<b style="color:red"> növbəti hədəf Koçaryan və Xaçaturovdur</b>

Ermənistanın yeni baş naziri Nikol Paşinyan keçmiş hakimiyyətin aparıcı üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.

İşğalçı ölkənin ikinci prezidenti, Azərbaycana qarşı təcavüzkarlıq, terror siyasətinin həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirən Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, erməni generalı Yuri Xaçaturova qarşı xüsusi ittiham irəli sürülüb. Ermənistanın xüsusi istintaq xidməti bu şəxsləri 2008-ci ilin mart ayında İrəvanda baş vermiş kütləvi qırğın, terror hadisəsinin törədilməsində təqsirli bilir.

R.Koçaryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur, Ermənistan Xüsusi İstintaq Xidmətinin iyulun 26-da yaydığı məlumatda belə deyilir. Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.

2008-ci il martın 1-i və 2-də polis qüvvələrinin 19 fevral prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması sayəsində Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət almışdı.

İyulun 26-da şahid qismində Ermənistanın Xüsusi İstintaq Xidmətində ifadə verdikdən sonra R.Koçaryana qarşı ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün sözügedən xidmət vəsatətlə İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə müraciət edib. Hadisə ilə bağlı qaldırılan cinayət işi üzrə bugünədək heç kəs məsuliyyətə cəlb olunmayıb.

R.Koçaryan isə 1 mart 2008-ci hadisələri ilə cinayət işi üzrə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bunu “yeni hakimiyyət tərəfindən təqib” kimi qiymətləndirir: “Bu, açıq-aşkar siyasi təqib, qisasdır”. Hər halda bu cümlənin özündə də özünüifşa var. Bununla R.Koçaryan hakimiyyəti dövründə qarşı tərəfin qısas almasına səbəb ola biləcək hər hansı cinayət xarakterli addımların atıldığını istisna etmir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi də məhkəmə qərarını gözləyir 2008-ci il 1 mart cinayət işi üzrə həmin dövrdə İrəvan hərbi qarnizonuna rəhbərlik etmiş Y.Xaçaturov da Robert Koçaryana qarşı irəli sürülən maddəyə əsasən ittiham olunur. Xaçaturov iyulun 26-da şahid qismində ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə baş çəkib, oradan müttəhim qismində çıxıb.

Ermənistanın Xüsusi İstintaq Xidməti onun azadlıqdan məhrum edilməsi vəsatətilə məhkəməyə müraciət edib və Y.Xaçaturov məhkəmə qərarını gözləyir.

Məsələ ilə bağlı fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan parlament seçkilərinə hazırlaşır və ona görə də rəqiblərini neytrallaşdırmaq haqqında düşünür. O bildirib ki, Paşinyan Serj Sarkisyana elə bir zərbə endirib ki, eks-prezidentin yenidən siyasətə qayıdışı mümkünsüzdür: “Növbə çatıb keçmiş prezident Robert Koçaryana. Paşinyan üçün Koçaryan Sarkisyandan az təhlükəli fiqur deyil. Ermənistan müstəqillik qazandıqdan bu yana bu ölkəni faciəyə sürükləyənlərin başında Robert Koçaryan dayanır. Məhz Koçaryan kimilərin “əməyi” sayəsində Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən olub”.

Politoloqun fikrincə, Ermənistan siyasətindən Qarabağ klanının ortadan qaldırılmasını Paşinyana keçmiş lideri Levon Ter-Petrosyan məsləhət bilib: “Məsləhətin məğzi belədir ki, qarabağlıların Ermənistan siyasətində at oynatdıqları müddətdə Ermənistanı yaxşı heç nə gözləmir”.

E.Şahinoğlu hesab edir ki, Nikol Paşinyan qarabağlıları ustaca siyasətdən yox etməyə çalışır: “Məsələ burasındadır ki, Qarabağ klanının üzvləri Rusiyanın dəstəyinə arxayındırlar. Ancaq Moskva Serj Sarkisyanın istefasına və ətrafının həbsinə reaksiya vermədi, Koçaryanı da hələ ki, dəstəkləmir. Nikol Paşinyan özünə o qədər arxayındır ki, Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatının erməni baş katibi Yuri Xaçaturovu həbs etmək istəyir”.

Moskvanın hələ ki, səssizliyini qoruduğunu deyən mərkəz sədri qeyd edib ki, Paşinyan da hələ ki, Rusiyanın maraqları əleyhinə addım atmayıb, Rusiya ilə strateji müttəfiqliyə sadiq qalacağını vəd edir: “Əgər Koçaryan Moskvadan İrəvana qayıtmasaydı və Rusiya onu İrəvana təhvil verməkdən boyun qaçırsaydı, bu Kremlin Ermənistanın yeni hakimiyyətinə qarşı demarşı olacaqdı. Kreml isə əsasız yerə Paşinyanı narazı salıb onu Qərbin qucağına atmaq istəmir”.

E.Şahinoğlu bildirib ki, Ermənistanda maraqlı siyasi oyun gedir: “Oyunçu aparsın” - deməyə adamın dili gəlmir, çünki bir-birini həbs edən oyunçuların hamısının Azərbaycan torpaqlarının işğalına münasibəti eynidir”.

Qeyd edək ki, cari ilin may ayında Robert Koçaryan və Serj Sarkisyanın Ermənistana rəhbərliyi dövründə yüksək vəzifələr tutmuş Qriqor Qriqoryan 2008-ci il 1 mart hadisələri zamanı Koçaryanın tapşırığı ilə əli yalın əhaliyə atəş açdıqlarını etiraf etmişdi. İstintaqa çağrılaraq ifadə verən Ermənistanın daxili qoşunların keçmiş komandiri, daha sonra “Çiçəklənən Ermənistan” fraksiyasından deputat olan Qriqor Qriqoryan həmin dövrdə seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticədə 10 nəfərin qətlə yetirilməsinin Koçaryanın əmri ilə icra olunduğunu deyib. Qriqoryan ifadəsində bildirib ki, həmin vaxt daxili qoşunlarda rəhbər şəxs olduğu üçün ölkə prezidentinin əmrindən çıxa bilməyib. O, dediklərinin həqiqəti əks etdirdiyini sübut etmək üçün 2008-ci il 1 mart hadisələri ərəfəsində Robert Koçaryanla telefon danışıqlarının səs yazısını istintaqa təqdim edə biləcəyini deyib.

Q.Qriqoryan onu da bildirib ki, katolikos ll Qaregin 2008-ci il martın 1-də dinc etiraz aksiyasının gülləbaran edilməsində Ermənistanın o vaxtkı hakimiyyətinə öz xeyir-duasını verib. Katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. Bu işğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də həmin Qaregindir.

Daxili qoşunların keçmiş komandirinin istintaqa verdiyi bu ifadə İravənda II Qareginə qarşı etiraz aksiyalarının güclənməsinə səbəb olub. Dindarlar onun postundan istefa verməsini istəyirlər. II Qaregin isə istefa verməyəcəyini açıqlayıb.

Xatırladaq ki, cinayət işi çərçivəsində o vaxtkı müdafiə naziri Mikayel Harutyunyan və Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyana qarşı da ittiham irəli sürülüb. A.Gevorkyan istintaqa çağrılıb, M.Harutunyana qarşı isə axtarış elan edilib.

Ceyhun ABASOV

 





28.07.2018    çap et  çap et