525.Az

Firdovsi Cəbrayılov: “Eldar Əzizov layiqli dövlət məmurudur”


 

Firdovsi Cəbrayılov: “Eldar Əzizov layiqli dövlət məmurudur”<b style="color:red"></b>

Bu yaxınlarda prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini təyin olunması ölkə ictimaiyyəti, xüsusilə, paytaxt sakinlərinin diqqət mərkəzində duran əsas mövzulardandır.

Bundan əvvəl, Bakının Nizami rayonu, Gəncə və Sumqayıt şəhərləri, daha sonra Səbaildə icra başçısı vəzifəsini yerinə yetirən E.Əzizovun paytaxt meriyasına müavin gətirilməsi, boş qalan icra başçısı postunun vəzifə və səlahiyyətlərinin müvəqqəti olaraq ona həvalə olunması dövlət səviyyəsində, xüsusilə, prezident tərəfindən yüksək etimadın göstərilməsindən xəbər verir. Ona görə də bu təyinata ictimaiyyətin yüksək marağı və diqqətini nəzərə alıb E.Əzizovla Səbaildə eyni vaxtda çalışmış, hazırda Səbail Bələdiyyəsinin sədri olan Firdovsi Cəbrayılovla söhbətləşdik.

Bələdiyyə sədri yeni təyinat münasibətilə E.Əzizovu təbrik edərək uzun illər dövlət məmuru kimi çalışan sabiq Səbail Rayon İcra Hakimiyyəti başçısının prezidentin göstərdiyi etimadı daim doğrultduğunu, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəldiyini deyib: “Eldar müəllim dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır. Hələ Sovet dövründən başlayaraq dövlət qulluqçusu kimi bir sıra vəzifələrdə çalışıb, öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub. Əvvəlcə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışan Eldar müəllim daha sonra Bakının Səbail rayonunun Komsomol Komitəsinin birinci katibi postuna təyinat alıb, Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra isə Mərkəzi Seçki Komissiyasında, Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən başlayaraq Eldar müəllim ölkənin bir sıra şəhər və rayonlarında icra başçısı təyinatları alıb”.

F.Cəbrayılov qeyd edib ki, Səbaildə Eldar Əzizovun rəhbərliyi altında abadlıq-quruculuq işlərinə çox böyük diqqət yetirilib, tarixilik qorunub-saxlanılıb, müasir infrastuktur layihələri uğurla icra olunub: “Rayon ərazisində sosial obyektlərin - məktəb, baxça, səhiyyə müəssisələrinin təmiri, bərpası daim ön planda olub, yeni parkların salınması, ağac əkimi, küçə və məhəllələrin abadlaşdırılması, işsizlik probleminin həlli istiqamətində ciddi işlər görülüb. Təkcə 2018-ci ilin birinci yarısında Səbail rayonu ərazisində 2340 yeni, daimi iş yeri açılıb. Mart ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bayıl yaşayış sahəsində yerləşən 157 nömrəli uşaq bağçası sökülərək yenidən tikilib, mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib. Həmçinin, may ayının 11-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə  “Dinamo” otelinin, iyunun 7-də isə əsaslı təmir və yenidənqurmadan sonra “Bakı Metropoliteni”nin “Sahil” stansiyasınin açılışları olub. Hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin - yeni mehmanxana tikintisi, 100 il əvvəl tikilmiş binada yerləşən Həbib bəy Mahmudbəyov adına 2 №-li Texniki Humanitar Elmlər Liseyinin, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas və 2 saylı musiqi məktəblərinin əsaslı təmiri davam edir. İlin əvvəlindən şəhər mərkəzində yerləşən yaşayış binalarının fasadlarında təmir-rəngləmə işləri aparılıb. Eyni zamanda, mərkəzdəki bütün əsas küçələr və istirahət parkları təmir olunur, səkilərdə panduslar və məhəccərlər quraşdırılır. Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 14-dən çox müasir layihə təsdiq olunub. Görülən işlərlə yanaşı, həmçinin, rayon icra hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş təşkil olunub, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinın 100 illiyi və digər əlamətdar hadisələrlə bağlı silsilə tədbirlər təşkil olunub. Sabiq icra başçısı prezident İlham Əliyevin dövlət məmurlarına verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq təkcə həftədə azı iki dəfə rayon sakinləri ilə görüşlər keçirib, onların təkliflərini dinləyib, problemlərinin həllinə böyük qayğı ilə yanaşıb. Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, Eldar müəllim nəinki rəsmi qəbul günlərində rayon sakinlərini qəbul edir, o, mürəciətə gələn heç bir sakini dinləmədən yola salmırdı. Demək olar ki, hər gün sabiq icra başçısı sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərirdi. Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirən Eldar müəllimin icra başçısı kimi müxtəlif rayon və şəhərlərdə fəaliyyət göstərdiyi dövrdə dövlət-xalq münasibətlərinin yüksək səviyyədə olmasını həmişə təmin edib və həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin sakinlər tərəfindən böyük rəğbətlə qarşılanması onun etimadı yüksək səviyyədə doğruldan vəzifə sahiblərindən olduğunu bir daha təsdiq edir”.

E.Əzizovun Səbaildə icra başçısı olduğu dövrdə rayon icra hakimiyyəti ilə bələdiyyələr arasında münasibətlərə toxunan F.Cəbrayılov bildirib ki, bu sahədə heç bir problemdən söhbət gedə bilməz: “Eldar müəllim həm Səbail, həm Badamdar, həm də Bibiheybət bələdiyyələri ilə koordinasiyalı fəaliyyətin qurulması, zərurət yarandığı halda rayonun abadlıq-quruculuq işlərində birgə əməkdaşlıq edilməsinə xüsusi diqqət göstərib. Ona görə də icra hakimiyyəti ilə bələdiyyələr arasında hər hansı uyğunsuzluq, anlaşılmazlıqdan söhbət belə gedə bilməz. Əksinə, Eldar müəllim seçkili orqan olan bələdiyyələrin fəaliyyətinə daim dəstək göstərir, rayon sakinləri ilə münasibətlərin yüksək diqqət və nəzakət çərçivəsində tənzimlənməsini, insanları qayğılandıran məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılmasını tövsiyyə edirdi”.

Səbail Bələdiyyəsinin sədri hesab edir ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Eldar Əzizovun Bakı meriyasına müavin təyin edilməsi cəmiyyətin, o cümlədən, paytaxt sakinlərinin ürəyincə olan seçimdir: “Bundan əvvəl, ölkənin iki böyük şəhərinin icra başçısı olmuş Eldar müəllimin Bakı meri əvəzi kimi də vəzifəsinin öhdəsindən ustalıqla gələcəyinə, dövlət başçısının ona göstərdiyi bu yüksək etimadı layiqincə doğruldacağına əminəm”.

Ceyhun ABASOV

 





28.07.2018    çap et  çap et