- Zəhmət olmasa, özünüzü təqdim eləyin.
- Köçəryan Robert Sedrakoviç.
- Tərcüməçi, biz sizi pis eşidirik. Zəhmət olmasa, mikrofona daha yaxın durun.
- Deyir ki, Köçəryan Robert Sedrakoviç.
- Anadan olduğunuz il?
- 31 avqust 1954-cü il.
- Anadan olduğunuz yer?
- Stepanakert şəhəri. Bilirəm etiraz eləyəcəksiz, amma mən anadan olanda bu şəhər belə adlanırdı.
- Buyurun, davam eləyin. Əvvəllər məhkumluğunuz olubmu?
- Azərbaycanda yox.
- Başqa ölkədə olubmu?
- Bəli, olub.
- Hansı ölkədə? Danışın, ətraflı danışın zəhmət olmasa.
- Ermənistan Respublikasında olub.
- Nəyin üstündə tutulmusunuz?
- Guya Ermənistanın prezidenti olanda seçkini saxtalaşdırmışam, qan tökmüşəm. Onda Serj Sərkisyan prezident seçilmişdi. Mən postu ona təhvil verirdim.
- Siz neçənci illərdə Ermənistanın prezidenti olmusuz?
- 1998-2008-ci illərdə.
- İttiham aktıyla tanış olmusuzmu? Söhbət hazırkı ittiham aktından gedir.
- Bəli, tanış olmuşam.
- İttihamı qəbul eləyirsizmi?
- Xeyr.
- Tam qəbul eləmirsiz, yoxsa qismən?
- Tam qəbul eləmirəm.
- Məhkəmə heyətinə etirazınız varmı?
- Məndən ötrü fərqi yoxdu hansı heyət mühakimə eləyəcək.
- Bu, ilkin baxış iclasıdı. Məhkəmə baxışının başlanmasına etirazınız varmı?
- Bunun da fərqi yoxdu. Başlaya bilərsiz.
- Aydındı. Siz daima tərcüməçi vasitəsilə danışmaq istəyirsiz? Bizim dediklərimizi tərcüməçi olmadan başa düşürsüzmü - qismən də olsa?
- Xeyr, başa düşmürəm. Serjik başa düşər, - yanındakı adamlardan birinə baxıb gülümsəyir. - Onunla işiniz daha asan olacaq...
Zalda gülüş səsləri. Hətta kimlərsə əl çalır. Hakim zalı sakitliyə çağırır. Serj Sərkisyan Köçəryana tərs-tərs baxır...