525.Az

Məni intihardan kim və necə xilas etdi? - Kəramət Böyükçöl yazır


 

Məni intihardan kim və necə xilas etdi? - <b style="color:red">Kəramət Böyükçöl yazır </b>

Görün, mən nə qədər axmaq bir insan olmuşam ki, uzun müddət intihara xilas yolu kimi baxmışam.

Fikirləşmişəm ki, nə olursa-olsun, ehtiyatda gül kimi bir intiharım var. Əlbəttə, məsuliyyət hissini tamamilə itirəndə həyatı dünya beşgünlükdür fəlsəfəsindən doğan gedonist bir ideya ilə yaşamağa başlayırsan və bu da səni intihara sürükləyir. Amma bir gün düşündüm ki, tutalım, intihar etmişəm, bəs oğlum mənsiz necə yaşayacaq? Kimin dizlərini qucaqlayıb hələ tam açılmamış dili ilə deyəcək ki, ata, məni boynuna mindir? Bəs qızım qanad açıb kimin üstünə uçacaq, kimin boynunu qucaqlayıb deyəcək ki, qəşəng atam gəldi, qəşəng atam gəldi... Bu dəcəllərin  atası olmağa kimin gücü çatar?

Mən bir şeyi də anladım ki, intihar etmək istəyən insanı özündən başqa heç kim xilas edə bilməz. Bunu təcrübəli bir intiharşünas mütəxəssis kimi deyirəm. Dəhşətli dərəcədə depressiv vaxtlarım olurdu. Bəzən bu depressiya həftələrlə çəkirdi. Elə olurdu ki, bir ay depressiyadan çıxa bilmirdim. Nə işə gedirdim, nə evə gəlmək istəyirdim. Hündür binalar fikrimdən çıxmırdı. İşim-gücüm ölümü yamsılamaq idi. Qəfil ürəyimi tutub yerə yıxılırdım. Guya öldüm. Məndə süni bir ümidsizlik vardı. Heç bir dost sözü mənə təsir etmirdi. Atam, anam mənə məsləhət verdikcə daha da əsəbiləşirdim. Hətta psixoloq yanına da getdim. Xeyri olmadı. Çünki psixoloqu özümdən qat-qat zəif və gücsüz hesab edirdim.

Heç kim məni xilas edə bilməyəndən sonra isə axırda düşündüm ki, özümə müraciət edim, kömək istəyim. Düzü, qəbuluma düşmək o qədər də asan olmadı. Qapının ağzında nə qədər gözlədim və içəri girən kimi özümdən soruşdum ki, dərdin nədir? Elə şeylər danışdım, elə şeylər danışdım, özümə gülməyim gəldi. Məlum oldu ki, dərdim yoxdur. O mənada ki, ümumiyyətlə, dünyada intihara səbəb olacaq dərd yoxdur. Bunu özümə başa salandan sonra ayağa qalxdım, boynumu qucaqlayıb üzümdən öpdüm. Və bu yaxşılığa görə özümə təşəkkür etdim.

Əlbəttə, içində yaşadığımız cəmiyyətin və bu mühitdə gedən proseslərin bizə bir insan kimi çox təsiri var. Baş verən hadisələr əsəblərimizi pozur. Hansı şərtlərlə yazdığımız, hansı şərtlərlə müsahibə aldığımız, hansı şərtlərlə kitab çap etdirdiyimiz, hansı şərtlərlə kitab təqdimatı keçirdiyimiz heç kimə sirr deyil. Amma ömür dediyimiz şeyi o ümidlə yaşamalısan ki, sabahlar daha günəşli olacaq və daha aydın sabahlar hələ qabaqdadır.

Bu gün mən əziyyət çəkib işləyirəm, maaş alıram, alan kimi də aparıb borclarımı verirəm. Sonra təzədən borc alıram, gələn maaşla da bu borcları bağlayıram. Beləcə Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoya-qoya ömrü-günü yola verirəm. Ən əsası isə odur ki, iki daşın arasında xoşbəxt olmağı da bacarıram... Doğrudan da, məşq etmək, sevinməyi, xoşbəxt olmağı öyrənmək, bacarmaq lazımdır. Bunu bacarmasan da, heç olmasa, istəməlisən, dəfələrlə cəhdlər etməlisən. Onsuz da yaşamaq cəhd deməkdir.

Mənim nə qədər problemlərim var. Bir problemim haqqında fikirləşəndə o birisinin xətrinə dəyir ki, məni niyə vecinə almırsan? Amma problemlərindən də ləzzət almağı bacarmalısan. İşıqlı bir adam görəndə sevinməlisən. Onu qucaqlayıb bağrına basmalısan. Lap ayaqqabı tikən olsun, lap satıcı işləsin, görəndə ki, onlar öz işini ləyaqətlə görür, ürəyini qürur hissi ilə doldurmalısan. Bu şeylər həm də sənin sağlam hisslərlə yaşadığını göstərir deyə özün də özünə ləzzət eləyəcəksən. Gülməyin... Vallah, belədir.

Bir də deyirəm, doğrudan da, hansı şərtlərlə yaşadığımıza, bir tikə çörəyimizi hansı şərtlərlə yediyimizə baxmayaraq, xoşbəxt olmağın yolunu tapmaq lazımdır. İşıq mənim üçün dayanmadan xoşbəxt olmağa can atmaqdır. Çətinliklərdən, ağır günlərdən yazmaq, danışmaq olar, amma bunu məhz yazmaq, danışmaq xətrinə eləmək lazımdır. Yoxsa, yenə deyirəm, səni xilas edən olmayacaq və intihar edəcəksən. Sonra isə it kimi peşman olacaqsan!

 





30.07.2018    çap et  çap et