525.Az

Paşinyanın Köçəryanı Hərbi Tribunalda əyləşdirməyə gücü çatacaqmı?


 

MEHDİ ABDULLAYEV: “XALQIMIZA QARŞI HƏRBİ CİNAYƏTLƏRDƏ, VANDALİZM AKTLARINDA ƏLİ OLANLARIN “TÖKDÜKLƏRİ DAŞLARI” YERDƏN YIĞMA ZAMANIDIR”

Paşinyanın Köçəryanı Hərbi Tribunalda əyləşdirməyə gücü çatacaqmı?<b style="color:red"></b>

“Tarixən və hər zaman belə olub: gec və ya tez, hər kəs insanlıq, bəşəriyyət qarşısında etdiyi əməllərə, cinayət hərəkətlərinə görə ədalət mühakiməsi qarşısına cavab verməli, haqq etdiyi cəzasını çəkməli olub. Heç bir əliqanlı cinayətkar tarixin, ədalətin mühakiməsindən qaca, axıracan gizlənib, canını qurtara bilməyib. Buna əyani misal olaraq, İkinci Dünya Müharibəsindəki insanlıq, bəşəriyyət əleyihinə yönəlmiş cinayət əməllərinə görə, alman faşistləri üzrərində qurulan tarixi Nürnberq Məhkəməsini və ya yaxın tariximizdə baş vermiş Serebrenitsa soyqırımına görə, serb milliyyətindən olan hərbi canilər-Miloşeviç, Karaciç üzərində qurulan Haaqa Məhkəməsini göstərmək olar”.

Bunu qəzetimizə açıqlamasında hüquq elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev Ermənistanın ikinci prezidenti və bir çox hərbi cinayətlərdə, xüsusilə, ötən ərsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarınının işğalında, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarında əli olmuş hərbi cani Robert Köçəryanın həbsi məsələsi ərtafında yaşananlara münasibətini bildirərkən deyib.

M. Abdullayev deyib ki, istər Köçəryanın, istərsə, onunla əlbir olmuş digər erməni qaniçənləri və hərbi canilər Sarkisyanın, Ohanyanın və digərlərinin Azərbaycan xalqı qarşısında etdikləri çinayətlərə, vandalizm əməllərinə görə, ədalət mühakiməsi qarşısında cavab verəcəkləri gün heç də uzaqda deyil. Onun sözlərinə görə, Köçəryan başda olmaqla, bütün hərbi çanilər, erməni vandalları öz əməllərinin qanuni cəzasını çəkməlidirlər və çəkəcəklər də.
 
M. Abdullayev eyni zamanda qeyd edib ki, Köçəryan və onun kimilər təkcə Azərbaycan xalqına, azərbaycanlılara qarşı deyil, həm də öz xalqlarına, ermənilərə qarşı çoxsaylı cinayət əməllərinə yol veriblər: “Bildiyiniz kimi, Ermənistanda baş vermiş son hakimiyyər dəyişikliyindən, çevrilişdən sonra Paşinyan hökuməti tərəfindən Ermənistanın sabiq rəhbərlərinə qarşı cinayət işlərinin açılmasına çaşlanılıb. Qatı cinayətkar Serj Sarkisyanın qardaşının və oğlunun həbsi buna əyani misaldır. Eyni zamanda, Sarkisyanın özünün də həbsə atılacağı, məhkəməyə çəkiləcəyi istisna deyil. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalında, qanlı soyqırımı əməllərində əli və iştirakı olmuş 3 əsas hərbi canidən biri, eks-prezident Robert Köçəryan da bugünlərdə Ermənistan Xüsusi İstintaq-Təhqiqat Komitəsinə (Qrupuna) çağırılmasının ardınca saxlanıldı, həbsə atıldı.Köçəryan istintaqdan, həbsdən yayına bilməyəcək, artıq daxili və xarici havadarları da onu türmə, həbsxana divarlarından, qandallardan qurtara bilməyəcəklər. Bibliyada da deyildiyi, “hər kəs artıq tökdüyü daşları yerdən ətəyinə yığmalıdır”. Yəni, artıq xalqımıza qarşı hərbi cinayətlərdə, vandalizm aktlarında əli olanların da “tökdükləri daşları” yerdən yığma zamanıdır…Düzdür, bu gün onları biz deyil, ermənilər özləri mühakimə edir-özlərinə, ermənilərə etdiklərinə görə, ancaq çox yaxın zamanlarda bizlər də onları tarixin mühakiməsinə çəkəcəyik-bizlər, azərbaycanlılar və Azərbaycan qarşısında etdiklərinə görə. Bu, birmənalıdır. Ona görə hələ nə qədər gec deyil, digər erməni siyasətçiləri və hərbi cinayətakarları da bunlardan ibrət götürsün, dərs çıxarsınlar və Azərbaycan ərazilərini necə işğal ediblərsə, o cür də işğal olunmuş ərazilərdən geri çəkilsinlər. Bunu etməsələr, onların aqibəti daha ağır olacaq, Azərbaycan xalqı və dövləti onları haqq etdikləri yerdə oturtmağı bacaracaq”.

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova öz növbəsində qatı cinayətkar və hərbi cani R. Köçəryanın həbsinin müsbət hadisə olduğunu bildirib və sonra sözlərinə bunları əlavə edib:“Robert Köcəryana hərbi tribunalın yolu görünür” deyirlər... Cox istərdim ki, bu, bir siyasətcinin, indi isə bir “dövlət başcısı”nın öz fərdi “Qisas aktı”ndan daha cox əli nəinki minlərlə azərbaycanlının qanına bulaşmış, uşaq, qoca, qadın demədən öz “vəhşi xislətinin” qurbanına cevirən, eləcə də, siyasi ambisiyalarlnın reallaşması ücün hətta, öz soydaşlarının belə kütləvi qətlinə sərəncam vermiş, dövlət başcısı və insanlıq adına ləkə olan bir “canlının” bütün törətdiklərinə görə onunla həmrəy və cinayətlərinə şərik olanların da “ədalət mühakiməsi”nə cəkilməsi olaydı. Görək, görəsən, Paşinyan bunu etməyə özündə güc tapacaqmı?!”.

Millət vəkili Aydın Mirzəzadə də hesab edir və inanır ki, Köçəryan və Yuri Xaçaturov Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə də cavab verəcəklər: “Azərbaycanda Robert Köçəryan və Yuri Xaçaturovu tanımayan yoxdur. Biri 10 il Ermənistanın prezidenti, ikincisi isə 10 il Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. Ancaq biz onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq. Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar. Ancaq inanırıq ki, bu cinayətlərinə görə də onlar mütləq cavab verəcəklər”. Millət vəkili bildirib ki, R.Köçəryan artıq həbs edilib, Y.Xaçaturovun da həbs edilməsi gözlənilir: “Baxmayaraq ki, Xaçaturov Rusiyanın aparıcı ölkə olduğu beynəlxalq təşkilatın rəhbəridir. Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilirlər. Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Köçəryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. O, hətta öz xalqına qarşı da mütləq cinayət törədir. Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bir daha sübut etdi ki, insanlığa qarşı cinayət törədənlər mütləq cəzalarını alırlar”.

Digər millət vəkili  Eldəniz Səlimov da həmkarları kimi, Köçəryanın həbsinin çox müsbət hadisə və onun etdiyi qanlı əməllərə görə, layiqli cəzasını almalı olduğunu söyləyib: “Köçəryan kimilərə insan demək insan və insanlıq adına bir günah, suçdur, təhqirdir. Onlarda insanlıqdan əsər-əlamət belə yoxdur. Əgər onlarda azacıq da olsa, insan qanı olsaydı, istər öz xalqlarına, istərsə də və ən əsası Azərbaycan xalqına, Azərbaycan türklərinə qarşı insanlıqdankənar vəhşiliklərə, qaniçənliklərə, murdarlıqlara, barbarlıq və hanniballıq əməllərinə yol verməzdilər. Ancaq açıq-aşkar görünən odur ki, onlarda insan qanı, insanlığın işarəti belə olmayıb. Odur ki, öz layiqli, haqq etdikləri cəzalarını da almalıdırlar və alacaqlar: bu gün Ermənistanda, sabahsa Azərbaycan məhkəməsində. Kimsənin də buna şübhəsi olmasın. Qatı cinayətkar, hərbi cani olan Köçəryan və onun kimi şərəfsizlər Azərbaycan məhkəməsində Azərbaycan xalqı qarşısında etdiklərinə görə cavab verəcək, məhşər ayağına çəkiləcəklər”.

Qeyd edək ki, Ermənistan KİV-ləri sabiq prezident R. Köçəryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Bildirilir ki, Köçəryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib.  Qeyd olunur ki, Köçəryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə edib. Həmçinin, qeyd edilir ki, 1998-ci ild Köçəryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Köçəryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olundular və sui-qəsdlərə məruz qalıblar.  Köçəryan və Sarkisyan parlamentdə o, cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib. Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.

Kamil HƏMZƏOĞLU

 





31.07.2018    çap et  çap et