525.Az

Sərnişindaşıma üzrə yeni tariflər xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb


 

"TARİFLƏRİN YUXARI HƏDDİNİN YENİDƏN MÜƏYYƏN OLUNMASI SƏRNİŞİNDAŞIMA FƏALİYYƏTİ GÖSTƏRƏN DAŞIYICILARA MALİYYƏ VƏZİYYƏTİNİ SAĞLAMLAŞDIRMAQ VƏ NƏTİCƏDƏ VƏTƏNDAŞA DAHA YÜKSƏK VƏ KEYFİYYƏTLİ XİDMƏT TƏLƏBİNİN MƏRHƏLƏLİ ŞƏKİLDƏ İCRASINA GƏTİRİB ÇIXARACAQ"

<b style="color:red">Sərnişindaşıma üzrə yeni tariflər xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb</b>

Məlum olduğu kimi, Tarif Şurası Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Şuranın iyulun 30-da keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Bildirilib ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Qeyd olunub ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və sair amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus" MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən "20 yanvar", "28 may", "Nəriman Nərimanov" və "Neftçilər" metro stansiyalarında fəaliyyət göstərən "Kart analiz mərkəzləri"nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.

Eyni zamanda, məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Məsələyə münasibət bildirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd edib ki, tariflərin yenidən müəyyən olunması sərnişindaşımada vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərilməsinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq.

"Azərtac"ın məlumatına görə, o bildirilib ki, DANX Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir: "Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir. Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub. Bu müddət ərzində, bildiyiniz kimi, nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb. Təbii ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi və daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi".

N.Allahyarovanın sözlərinə görə, bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edilərək xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədəmüvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib: "Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq".

Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov isə qeyd edib ki, Tarif Şurasının ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarına ehtiyac var idi. O bildirib ki, əvvəlki vaxtlarla müqayisədə hazırda ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin sayında ciddi artım var: "Bununla yanaşı, ölkəmizə gələn turistlərin sayı durmadan artır. Bu səbəbdən də nəqliyyat infrastrukturunun keyfiyyətinin yüksək səviyyəyə çatdırılması üçün bu addımın atılmasına ehtiyac duyulurdu".

Metro qiymətlərinin artımına gəldikdə, A.Hüseynov deyib ki, bu nəqliyyat vasitəsi dövlətin ayırdığı dotasiya ilə çalışır: "Bu səbəbdən Tarif Şurası dövlətin xərclərini azaltmaq üçün belə bir qərar verib. Dövlət isə bu sahəyə ayırdığı xərclərə qənaət edərək vəsaiti digər sosial layihələrə və əməkhaqlarının artırılmasına yönəldəcək. Dövlətimizin apardığı iqtisadi siyasətin ən başlıca prioritetlərindən biri sosial problemlərin həllidir. Son dövrlərdə aparılan çoxsaylı islahatlar da ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlıdır".

Deputatın fikrincə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Məmmədov isə qeyd edib ki, Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşımanın maya dəyəri yüksəkdir. O, APA-ya bildirib ki, bu baxımdan Tarif Şurasının iyulun 30-da keçirdiyi iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə təsdiqlənən yeni tariflər tam əsaslandırılıb: "Sərnişindaşımada maya dəyəri 7 "xərc maddəsi" nəzərə alınmaqla hesablanır: "Bir sərnişinin daşınmasına çəkilən xərcə maya dəyəri deyirik. Burada sürücülərin əmək haqqı məsələsi var, maya dəyərində yanacağın payı var. Qeyd edim ki, maya dəyərində yanacaq 12-15 faizdən çox yer tutmamalıdır. Bu, dünya praktikasında da belədir. Bununla belə, qiyməti təkcə yanacaqla ölçmək düzgün deyil. Avtobusun saxlama yerinin xərci var, oranın iş xərci var, hətta sürücünün geyindiyi kostyumun müəyyən vaxtdan sonra dəyişdirilməsi xərci də var. Bundan başqa, sərnişindaşımada maya dəyəri avtobusun markasından, marşrutun uzunluğundan, yanacağın növündən,  bugünkü ehtiyat hissələrinin qiymətlərindən asılıdır. Sərnişindaşımada maya dəyəri hesablanarkən hətta avtonəqliyyat müəssisəsinin kommunal xərcləri də nəzərə alınır. Ümumiyyətlə, ictimai nəqliyyatda 150-200 adda xərc var. Bütün bunların hamısı nəzərə alınanda sərnişindaşımanın maya dəyəri yüksək çıxır. Maya dəyəri isə vahid işə düşən xərcdir. Məsələn, sərnişin daşımalarında bu, bir sərnişinin hər kilometr üçün daşınmasına görə alınan qiymətə deyilir".

Bütün bunları əsas gətirən ekspert hesab edir ki, ictimai nəqliyyatda yeni tariflər müəyyənləşdirilərkən müvafiq hesablamalar aparılıb və qiymət dəyişikliyi tam əsaslandırılıb: "Bütün tələblər nəzərə alınmaqla, avtonəqliyyat müəssisəsi baxımından avtobus daşımalarında maya dəyəri çıxardılanda və maya dəyərinə görə rentabelliyi nəzərə alıb qiymət qoyanda ictimai nəqliyyatda, hətta 30 qəpikdən baha başa gələn marşrutlar var. Yəni, Tarif Şurasının iclasında müəyyənləşdirilən tarif əsaslandırılıb. Ayrı-ayrı marşrutlar üçün qiymətlər müxtəlif cür dəyişə bilər. Çünki, reallığa qalsa, ictimai nəqliyyatda sərnişindaşımanın qiyməti 50-60 qəpik, hətta elə yerlər var ki, 90 qəpik ola bilər. Mənim hesablamalarımda təxmini 0,80-0,90 manata başa gələn hallar da olub. Bu mənada sərnişindaşımada qiymətin elə 30 qəpik səviyyəsində təsdiq edilməsi bu gün üçün məqbul sayıla bilər".

R.Məmmədov "Bakı metropoliteni"ndə sərnişindaşıma xidmətləri üzrə tarifin dəyişdirilməsinin də labüd olduğunu vurğulayıb: "İctimai nəqliyyat - metro, tramvay, trolleybusda xərclər elə olur ki, bu, xüsusi mənfəət əldə etməyə imkan vermir. Bu, dünya praktikasında da belədir. Ona görə də, Bakı metrosunda qoyulan qiymət onun maya dəyərindən də aşağıdır".

Ekspertlərin fikrincə, qiymət dəyişikliyi avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq: "Üstəlik, marşrut sahiblərinin dövlətə ödədikləri vergi çoxalacaq".

Qeyd edək ki, yeni tariflər bugündən qüvvəyə minir.

C.ABASOV

 





01.08.2018    çap et  çap et