525.Az

Paşinyanın Koçaryanı Hərbi tribunalda əyləşdirməyə gücü çatacaqmı?


 

MEHDİ ABDULLAYEV: "XALQIMIZA QARŞI HƏRBİ CİNAYƏTLƏRDƏ, VANDALİZM AKTLARINDA ƏLİ OLANLARIN "TÖKDÜKLƏRİ DAŞLARI" YERDƏN YIĞMA ZAMANIDIR"

<b style="color:red">Paşinyanın Koçaryanı Hərbi tribunalda əyləşdirməyə gücü çatacaqmı?</b>

"Tarixən və hər zaman belə olub: gec və ya tez, hər kəs insanlıq, bəşəriyyət qarşısında etdiyi əməllərə, cinayət hərəkətlərinə görə ədalət mühakiməsi qarşısına cavab verməli, haqq etdiyi cəzasını çəkməli olub. Heç bir əliqanlı cinayətkar tarixin, ədalətin mühakiməsindən qaça, axıracan gizlənib, canını qurtara bilməyib. Buna əyani misal olaraq, İkinci Dünya Müharibəsindəki insanlıq, bəşəriyyət əleyhinə yönəlmiş cinayət əməllərinə görə, alman faşistləri üzrərində qurulan tarixi Nürnberq Məhkəməsini və ya yaxın tariximizdə baş vermiş Serebrenitsa soyqırımına görə, serb milliyyətindən olan hərbi canilər-Miloşeviç, Karaciç üzərində qurulan Haaqa Məhkəməsini göstərmək olar".

Bunu qəzetimizə açıqlamasında hüquq elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev Ermənistanın ikinci prezidenti və bir çox hərbi cinayətlərdə, xüsusilə, ötən əsrrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarınının işğalında, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarında əli olmuş hərbi cani Robert Koçaryanın həbsi məsələsi ərtafında yaşananlara münasibətini bildirərkən deyib.
 
M. Abdullayev deyib ki, istər Koçaryanın, istərsə onunla əlbir olmuş digər erməni qaniçənləri və hərbi canilər Sarkisyanın, Ohanyanın və digərlərinin Azərbaycan xalqı qarşısında etdikləri cinayətlərə, vandalizm əməllərinə görə, ədalət mühakiməsi qarşısında cavab verəcəkləri gün heç də uzaqda deyil. Onun sözlərinə görə, Koçaryan başda olmaqla, bütün hərbi canilər, erməni vandalları öz əməllərinin qanuni cəzasını çəkməlidirlər və çəkəcəklər də.

M. Abdullayev eyni zamanda, qeyd edib ki, Koçaryan və onun kimilər təkcə Azərbaycan xalqına, azərbaycanlılara qarşı deyil, həm də öz xalqlarına, ermənilərə qarşı çoxsaylı cinayət əməllərinə yol veriblər: "Bildiyiniz kimi, Ermənistanda baş vermiş son hakimiyyət dəyişikliyindən, çevrilişdən sonra Paşinyan hökuməti tərəfindən Ermənistanın sabiq rəhbərlərinə qarşı cinayət işlərinin açılmasına çaşlanılıb. Qatı cinayətkar Serj Sarkisyanın qardaşının və oğlunun həbsi buna əyani misaldır. Eyni zamanda, Sarkisyanın özünün də həbsə atılacağı, məhkəməyə çəkiləcəyi istisna deyil. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalında, qanlı soyqırımı əməllərində əli və iştirakı olmuş 3 əsas hərbi canidən biri, eks-prezident Robert Koçaryan da bu günlərdə Ermənistan Xüsusi İstintaq-Təhqiqat Komitəsinə (Qrupuna) çağırılmasının ardınca saxlanıldı, həbsə atıldı. Koçaryan istintaqdan, həbsdən yayına bilməyəcək, artıq daxili və xarici havadarları da onu türmə, həbsxana divarlarından, qandallardan qurtara bilməyəcəklər. Bibliyada da deyildiyi kimi, "hər kəs artıq tökdüyü daşları yerdən ətəyinə yığmalıdır". Yəni artıq xalqımıza qarşı hərbi cinayətlərdə, vandalizm aktlarında əli olanların da "tökdükləri daşları" yerdən yığma zamanıdır... Düzdür, bu gün onları biz deyil, ermənilər özləri mühakimə edir-özlərinə, ermənilərə etdiklərinə görə, ancaq çox yaxın zamanlarda bizlər də onları tarixin mühakiməsinə çəkəcəyik-bizlər, azərbaycanlılar və Azərbaycan qarşısında etdiklərinə görə. Bu, birmənalıdır. Ona görə hələ nə qədər gec deyil, digər erməni siyasətçiləri və hərbi cinayətakarları da bunlardan ibrət götürsün, dərs çıxarsınlar və Azərbaycan ərazilərini necə işğal ediblərsə, o cür də işğal olunmuş ərazilərdən geri çəkilsinlər. Bunu etməsələr, onların aqibəti daha ağır olacaq, Azərbaycan xalqı və dövləti onları haqq etdikləri yerdə oturtmağı bacaracaq".

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova öz növbəsində qatı cinayətkar və hərbi cani R.Koçaryanın həbsinin müsbət hadisə olduğunu bildirib və sonra sözlərinə bunları əlavə edib: "Robert Koçaryana hərbi tribunalın yolu görünür" deyirlər... Çox istərdim ki, bu, bir siyasətcinin, indi isə bir "dövlət başçısı"nın öz fərdi "Qisas aktı"ndan daha çox əli nəinki minlərlə azərbaycanlının qanına bulaşmış, uşaq, qoca, qadın demədən öz "vəhşi xislətinin" qurbanına çevirən, eləcə də, siyasi ambisiyalarlının reallaşması ücün hətta, öz soydaşlarının belə kütləvi qətlinə sərəncam vermiş, dövlət başçısı və insanlıq adına ləkə olan bir "canlının" bütün törətdiklərinə görə onunla həmrəy və cinayətlərinə şərik olanların da "ədalət mühakiməsi"nə cəkilməsi olaydı. Görək, görəsən, Paşinyan bunu etməyə özündə güc tapacaqmı?!"

Millət vəkili Aydın Mirzəzadə də hesab edir və inanır ki, Koçaryan və Yuri Xaçaturov Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə də cavab verəcəklər: "Azərbaycanda Robert Koçaryan və Yuri Xaçaturovu tanımayan yoxdur. Biri 10 il Ermənistanın prezidenti, ikincisi isə 10 il Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. Ancaq biz onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq. Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar. Ancaq inanırıq ki, bu cinayətlərinə görə də onlar mütləq cavab verəcəklər".

Millət vəkili bildirib ki, R.Koçaryan artıq həbs edilib, Y.Xaçaturovun da həbs edilməsi gözlənilir: "Baxmayaraq ki, Xaçaturov Rusiyanın aparıcı ölkə olduğu beynəlxalq təşkilatın rəhbəridir. Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilirlər. Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Koçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. O, hətta öz xalqına qarşı da mütləq cinayət törədir. Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bir daha sübut etdi ki, insanlığa qarşı cinayət törədənlər mütləq cəzalarını alırlar".

Digər millət vəkili  Eldəniz Səlimov da həmkarları kimi, Koçaryanın həbsinin çox müsbət hadisə və onun etdiyi qanlı əməllərə görə, layiqli cəzasını almalı olduğunu söyləyib: "Koçaryan kimilərə insan demək insan və insanlıq adına bir günah, suçdur, təhqirdir. Onlarda insanlıqdan əsər-əlamət belə yoxdur. Əgər onlarda azacıq da olsa, insan qanı olsaydı, istər öz xalqlarına, istərsə də və ən əsası Azərbaycan xalqına, Azərbaycan türklərinə qarşı insanlıqdankənar vəhşiliklərə, qaniçənliklərə, murdarlıqlara, barbarlıq və hanniballıq əməllərinə yol verməzdilər. Ancaq açıq-aşkar görünən odur ki, onlarda insan qanı, insanlığın işarəti belə olmayıb. Odur ki, öz layiqli, haqq etdikləri cəzalarını da almalıdırlar və alacaqlar: bu gün Ermənistanda, sabahsa Azərbaycan məhkəməsində. Kimsənin də buna şübhəsi olmasın. Qatı cinayətkar, hərbi cani olan Koçaryan və onun kimi şərəfsizlər Azərbaycan məhkəməsində Azərbaycan xalqı qarşısında etdiklərinə görə cavab verəcək, məhşər ayağına çəkiləcəklər".

Qeyd edək ki, Ermənistan KİV-ləri sabiq prezident R. Koçaryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Bildirilir ki, Koçaryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib. 

Qeyd olunur ki, Koçaryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə edib. Həmçinin, qeyd edilir ki, 1998-ci ild Koçaryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Koçaryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olunublar və sui-qəsdlərə məruz qalıblar.  Koçaryan və Sarkisyan parlamentdə o cümlədən, ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib. Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.

Kamil HƏMZƏOĞLU

 





01.08.2018    çap et  çap et