525.Az

Azərbaycan dünyada sosial dövlət kimi tanınır


 

PROQNOZLARA GÖRƏ, 2025-Cİ İLDƏN SONRA AZƏRBAYCAN SOSİAL RİFAH DÖVLƏTİNƏ ÇEVRİLƏCƏK

Azərbaycan dünyada sosial dövlət kimi tanınır<b style="color:red"></b>

Azərbaycanda sosial məsələlər, əhalinin sosial rifahının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir.
 
Təsadüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu o deməkdir ki, dövlət  siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə sosial təminatla bağlı çox uğurlu işlər həyata keçirilib. Məhz həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin, sosialyönümlü layihələrin qanunauyğun nəticəsi kimi, Azərbaycanda insanların rifah halı daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Sosial təminatın əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar da xüsusi qeyd edilməlidir. Dövlət siyasətinin əsas hədəfi respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır. 

Ümumiyyətlə, Azərbaycanın davamlı olaraq həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda keçirilən  Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində dövlət başçısı  ölkədə sosial siyasətin uğurla aparıldığını və bunun davam edəcəyini vurğulayıb. Ölkə rəhbəri müharibədən, işğaldan əziyyət çəkən köçkün, qaçqın soydaşlarımızın da dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu vurğulayıb. Əlavə edib ki, sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev mövzu ilə bağlı bildirib ki, Azərbaycan dövlətinin sosial siyasəti daim vətəndaşlarımızın müdafiəsinə, sosial rifahının yüksəlməsinə yönəlib: "Heç də təsadüfi deyil ki, ölkə başçısı bütün çıxışlarında "Bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır" - fikrini xüsusilə vurğulayır. Ölkəmizdə 2003-cü ildən indiyə qədər ötən dövrdə olduqca böyük, sürətli iqtisadi inkişaf əldə olunub. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi də bunun daha bir  göstəricisidir. Bu kateqoriyadan olanlara dövlət daim xüsusi qayğı göstərib. Prezident həmin mərasimdə vurğuladı ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib. Dövlət başçısı qeyd etdi ki, bu, dövlətin qayğısının təzahürüdür və bu siyasət hazırda da davam etdirilir. Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir".

Millət vəkili deyib ki, ölkə rəhbəri xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsinin də prioritet məsələ olduğunu qeyd etdi, növbədə duran bu kateqoriyadan olan bütün insanların imkan daxilində mənzillərlə, evlərlə, maşınlarla təmin ediləcəyini vurğuladı: "Baxmayaraq ki, son 4 ildə dünyada baş verən hadisələr, iqtisadi və siyasi proseslər, xüsusən də ümumdünya iqtisadi böhranı, neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın ümumi gəlirlərinin nisbətən azalmasına səbəb olub, ümumi strateji xətt yenə də davam etdirilir. Strateji xətt isə bundan ibarətdir ki, ilbəil Azərbaycanda yaşayış minimumu artır, orta aylıq əməkhaqqı, təqaüd də yüksəlir, təminatlar artır, insanların məşğulluğu daim dövlət başçısının nəzarətində saxlanılır. Azərbaycanda əhalinin məşğulluq probemi həll edilir, işsizliyin səviyyəsi kəskin aşağı düşüb. Qeyri-neft sektoru sürətlə inkişaf edir. Xüsusən də son illərdə ölkə başçısının sahibkarlığın daha da inkişaf etdirilməsi üçün ard-arda imzaladığı fərman və sərəncamlar burada mühüm əhəmiyyət daşıyır. 11 strateji inkişaf istiqaməti, yol xəritəsi, regional inkişaf proqramları və sair mühüm sənədləri də misal gətirmək mümkündür. Sözsüz ki, bütün bunlar insanlarımızın sosial rifahının yüksəldilməsi üçün atılan addımlardır. Aqrar sahənin, turizm, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları sektorlarının inkişaf etdirilməsi də sosial siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Çünki bu sahələrin tərəqqisi son nəticədə Azərbaycan əhalisinin həyat tərzinə, sosial durumuna bilavasitə təsir edir".

M.Quliyev əlavə edib ki, Azərbaycanın dövlət büdcəsi sosial yönümlüdür, neftin, manatın ucuzlaşmasına baxmayaraq, dövlət tərəfindən sosial layihələrin maliyyələşməsi dayandırılmadı:  "Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və prezident İlham Əliyevin daxili siyasətində sosial müdafiə strategiyası prioritet istiqamətlərdən biridir. Bu ilin büdcəsində profsit yaranıb və onun da sosial istiqamətə yönəldiləcəyi istisna deyil. Proqnozlara görə, 2025-ci ildən sonra Azərbaycan sosial rifah dövlətinə çevriləcək. Bu, müasir dünyada sosial rifahın ən yüksək göstəricisi deməkdir. Yəni bizim hədəflərimiz, gedəcəyimiz yol, aparılan siyasət bəllidir".

 Millət vəkili vurğulayıb ki, dövlət başçısının həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxundu, bir daha bəyan etdi ki, münaqişənin həllinin bir yolu var, bu da ölkəmizin ərazi bütövlüyü bərpasıdır: "Dövlət başçısı bildirdi ki, Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Münaqişə ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi var və bu mövqe haqlı mövqedir. Ümid edirik ki, Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək mümkün olacaq".

Millət vəkili Aydın Mirzəzadə də deyib ki, sosial siyasət prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətini təşkil edir: "Cənab Prezident bütün çıxışlarında, göstərişlərində əhalinin sosial vəziyyətinin yaxşılaşmasını, iş yerlərinin yaradılmasını, səhiyyə, təhsil, mədəniyyət məsələlərini ön plana çəkir. Eləcə də xüsusi qayğıya ehtiyacı olan təbəqələrin dövlət tərəfindən təminatı həmişə ön plandadır".

Millət vəkili xatırladıb ki, prezidentin ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak etməsi bunun yeni bir nümunəsidir: "Ölkə başçısı bu məsələləri daima diqqətdə saxladığını bildirdi. Həmçinin, dövlət başçısı söylədi ki, bu siyasət bundan sonra da davam edəcək. Xüsusi qayğıya ehtiyacı olan hər bir ailə bilir ki, onun problemlərinin həlli prezidentin diqqətindədir və mütləq həll ediləcək. Bunun üçün isə əlbəttə ki, düzgün dövlətçilik siyasəti, iqtisadiyyatın inkişafının təmin edilməsi, beynəlxalq birlikdə Azərbaycanın layiqli yerinin tutulması üçün gərgin fəaliyyət lazımdır. Təbii ki, biz bunun daima şahidi oluruq və Azərbaycanın qazandığı uğurlarla qürur duyuruq.

Hesab edirəm ki, prezidentin şəxsən şəhid ailələrinə, müharibə veteranlarına mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak etməsi onun verdiyi tapşırıqların necə yerinə yetirilməsini bir daha yoxlamaq istəyindən irəli gəlir. Dövlət başçısının çıxışında Dağlıq Qarabağ məsələsinə toxunulması, Ermənistanı konstruktivliyə dəvət etməsi və "əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq" barədə verdiyi bəyanat da Azərbaycan dövlətçiliyinin bu gün inkişaf etdiyini, öz hüquqlarını qoruduğunu və tarixi missiyasını yerinə yetirdiyini göstərir".

PƏRVANƏ

 





02.08.2018    çap et  çap et