525.Az

Prezident işğalçı ölkə rəhbərliyinə ciddi mesajlar ünvanladı


 

"ƏGƏR ERMƏNİSTAN RƏHBƏRLİYİ BUNDAN SONRA DA DANIŞIQLARIN UZADILMASI İLƏ MƏŞĞUL OLACAQSA, BİZ ÖZ TƏCRİD SİYASƏTİMİZİ DAVAM ETDİRƏCƏYİK"

Prezident işğalçı ölkə rəhbərliyinə ciddi mesajlar ünvanladı<b style="color:red"></b>

Prezident İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxış edərək Ermənistan rəhbərliyinin ünvanına xəbərdarlıq xarakterli, ciddi mesajlar səsləndirib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ probleminin həllin bir yolu var: "Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli  torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır".

İşğalçı dövlətin indi ağır günlər yaşadığını deyən ölkə rəhbəri qeyd edib ki, iyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çöküb: "Onların işğalçı siyasəti iflasa uğrayıb. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur".

Prezident vurğulayıb ki, Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir: "Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər".

Prezident onu da bildirib ki, münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır: "Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik".

Prezidentin çıxışını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, prezident İlham Əliyev avqustun 1-də şəhid ailələrinə mənzillərin paylanması mərasimində Ermənistanın yeni hakimiyyətinin siyasətinə ilk dəfə detallı toxunub: "Prezident əvvəllər də işğalçı dövlətin yeni hakimiyyəti haqqında bir-iki cümlə işlətmişdi, ancaq bu dəfə məsələyə sistemli yanaşıb. İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkmədən söylədiyi fikirləri belə qruplaşdırmaq olar: Birincisi, İlham Əliyevin "Ermənistanın yeni hökuməti indi daxili problemlərlə məşğuldur" sözlərindən anlaşılan odur ki, baş nazir Nikol Paşinyanın hələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa gərəkli vaxtı yoxdur. Rəsmi Bakı bir az gözləyə bilər. Bu baxımdan İlham Əliyevin bu cümləsi diqqəti çəkir: "Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin". Əslində, bu, İlham Əliyevin Nikol Paşinyanı tələsdirmədiyinə işarədir. Ancaq zaman limiti uzun çəkməyə də bilər. Paşinyan erkən parlament seçkisinə qədər Qarabağ istiqamətində addım atmağa hazır deyil. Paşinyan Ermənistanda növbədənkənar parlament seçkisini gələn ilin mayında keçirməyi planlaşdırır. Həmin müddətə qədər gözləməliyə dəyərmi - bu sualın aktuallığı da az deyil. İkincisi, İlham Əliyev Paşinyanın ziddiyyəli bəyanatlarına da toxunub. Paşinyan bir tərəfdən danışıqlarda Qarabağ separatçılarının iştirakını istəyir ki, rəsmi Bakı heç zaman buna razılaşmayacaq, ikinci tərəfdən bu şərt yerinə yetirilmədən də Ermənistanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyan "danışıqlarda separatçılar da iştirak etsin" tələbini nəinki biz, beynəlxalq aləm də qəbul etmir. Üçüncüsü, İlham Əliyev keçmiş prezident Serj Sarkisyanın ünvanına "kriminal xunta rejimi" işlətsə də, Nikol Paşinyana qarşı hələ ki, sərt ifadə işlətmir. Ancaq İlham Əliyev sonrakı ifadəsində "onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik" cümləsinə də yer verir və bundan sonra məsələyə bu şəkildə nöqtə qoyur: "Ermənistanı daha da sarsıdacağıq". Dördüncüsü, İlham Əliyev Ermənistanda Azərbaycanla sülh çağırışları edənlərə də diqqət yetirdiyini büruzə verib. "Biz bu çağırışları eşidirik" deyən prezident sülh üçün zəruri şərti təkrarlayıb: "Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!" İlham Əliyevin Ermənistanda sülh çağırışı edənlərə qarşılıqlı jesti də var: "İşğala son qoyularsa, bölgədə sülh yaranar, Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər".

E.Şahinoğlu hesab edir ki, Azərbaycan və Ermənistan rəhbərləri hələ görüşməsələr də, bir-birləri ilə qiyabi müzakirə aparırlar: "Qiyabi müzakirə sanki Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüş tarixini yaxınlaşdırır".

Mərkəz sədri onu da qeyd edib ki, Rusiyanın ermənipərəst saytlarında son bir ayda maraqlı tendensiya müşahidə edilir: "Deməli, bu saytlar illər uzunu - Robert Koçaryanın və Serj Sarkisyanın dövründə Ermənistanı tərifləyiblər, Azərbaycan haqqında yalan məlumatlar yayıblar, əleyhimizə sayısız-hesabsız "analizlər" hazırlayıblar. Ancaq indi bu saytlar Ermənistanı tərifləyə bilmir, çünki baş nazir Nikol Paşinyanın siyasətindən, o cümlədən, Robert Koçaryanın və Serj Sarkisyanın ətrafının kütləvi həbsindən narazıdırlar. Həmin saytlar və onların başbilənləri məətəl vəziyyətdə qalıblar. Azərbaycani əvvəlki kimi ləkələsər, bu Paşinyanın xeyrinə olacaq ki, bundan çəkinirlər, əksinə Koçaryanın və Sarkisyanın dövründə olduğu kimi, Ermənistanın yeni hakimiyyətini dəstəkləsələr, belə olan halda Rusiyanın maraqlarına zidd getmiş olacaqlar ki, onlar ermənipərəst olduğu qədər həm də ruspərəstdirlər. Hələlik həmin saytlar Nikol Paşinyana qarşı kampaniyanı getdikcə gücləndirirlər. Beləliklə, keçmiş müttəfiqlər Azərbaycanı unudub öz aralarındakı yeni yaranan məsələləri həll etməyə girişiblər".

Ermənistanın baş naziri hakimiyyətdə olduğu 100 günü qeyd etmək istədiyini deyən politoloq bildirib ki, Nikol Paşinyan bu münasibətlə avqustun 17-də İrəvanın mərkəzi meydanında mitinq keçirəcək: "Ağıllı gedişdir. Paşinyan üçün bu mitinq iki səbəbdən vacibdir. Birincisi, Paşinyan parlament seçkisi öncəsi Qarabağ klanını zəiflətməyə çalışır, eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın mövqelərinə zərbələr endirir, korrupsiya ittihamı ilə siyasətçilər və hərbçilər arasında həbslər həyata keçirir. Ancaq bunun riskli tərəfi də var. Həmin qüvvələr revanşa çalışa bilərlər. Buna görə də Paşinyan tərəfdarlarını mitinqə səsləyir ki, rəqibləri onun arxasındakı gücü görsünlər".

E.Şahinoğlunun sözlərinə görə, Paşinyanın ikinci məqsədi də var: "Rusiya ona diş göstərməyə başlayıb. Gözlənildiyi kimi, Koçaryanın həbsi Kremlin xoşuna gəlməyib. Rusiya Ermənistanda istənilən təxribatı törədə bilər. Bunu yaxın tarixdən də bilirik. Paşinyanın bunun qarşısını almaq üçün mitinqə ehtiyacı var. Paşinyan rəqiblərinin onun mitinqdəki gücünü görməsini və bu vacib amillə hesablaşmalarını istəyir. Ancaq bu amilin həlledici olması üçün Paşinyan Serj Sarkisyanı devirdiyi gün yığdığı qədər tərəfdarını meydana toplamalıdır".

Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibələrinin birində deyib ki, Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə, sərhədi açmağa hazırdır: "Bu açıqlamada yeni heç nə yoxdur. Eyni sözləri keçmiş prezidentlər Serj Sarkisyan, Robert Koçaryan və Levon Ter-Petrosyan da deyirdilər. Buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaradıb. İstanbulun Şişli bölgəsinin keçmiş bələdiyyə başçısı, vaxtilə Cümhuriyyət Xalq Partiyasının liderliyinə iddalı olan Mustafa Sarıgül Nikol Paşinyanın açıqlamasını Türkiyə üçün "tarixi fürsət" adlandırıb. "Ermənistanın uzatdığı əli fürsət kimi dəyərləndirməliyik, bizim əlimiz elə qardaş Azərbaycanın əlidir" deyən Sarıgül sonuncu cümləsi ilə sanki bizə də müsbət ismarıc göndərir".

Mərkəz sədri qeyd edib ki, Dağlıq Qarabağ problem həll olunmadan Azərbaycanın Ermənistana əl uzatmaq kimi fikri yoxdur: "Bir də ki, Türkiyədə unutmasınlar ki, Nikol Paşinyan açıqlamasına belə bir cümlə də əlavə edib: "Beynəlxalq miqyasda erməni soyqırımının tanınması bizim üçün olduqca vacibdir". Yəni Paşinyan demək istəyib ki, Türkiyə ilə sərhəd açılsa və diplomatik münasibətlər qurulsa belə, Ankara bizdən "erməni soyqırımını tanınması siyasətindən əl çəkəcəyimizi gözləməsin". Əlbəttə, Mustafa Sarıgül Türkiyə demək deyil. Ancaq Mustafa Sarıgül kimi düşünənlər az olmaya da bilər".

E.Şahinoğlu əlavə edib ki, Ermənistanda maraqlı fakt aşkarlayıblar: "Sən demə, Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirmiş. Hərbi baza 2016-cı ildə erməni sayta 100 min rubl ayırıb. Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əlehinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir "missiyası" da var imiş".

Politoloqun fikrincə, ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verir ki, əslində, Azərbaycan və Türkiyə ilə düşmən olmanın onlara bütün istiqamətlərdə baha başa gəldiyini anlayırlar: "Elə bu günlərdə eks-prezident Levon Ter-Petrosyana bağlı partiyadan olan deputatın "biz Azərbaycan torpaqlarını işğal etmişik" ifadəsini işlətməsi də təsadüfi deyil. O, bu etirafı Robert Koçaryan və Serj Sarkisyanın prezidentliyi dövründə işlətməkdən çəkinərdi. Görünür, baş nazir Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri hərəkətə gətirib. Ancaq Rusiyanın əngəli yenə də hiss olunur. İşğalçı eks-prezident Robert Koçaryanın həbsinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun timsalında "biz Ermənistanda baş verənlərdən narahatıq" kəlməsinin işlətməsi gözlənilən idi".

Ceyhun ABASOV

 





02.08.2018    çap et  çap et