Azərbaycan xalqının övladlarına xas olan fədakarlıq, yaxşı iş naminə ölüm riskindən belə çəkinməmək xüsusiyyətləri bugünlərdə Gəncədə yaşanan hadisə zamanı kövrək bir gənc ananın timsalında da özünü göstərib.
Sözügedən məsələ ilə bağlı görüşünə getdiyimiz zaman hələ də halsız halda öz mənzilində divanda uzanmış bu zərif gənc qadın, 33 yaşlı Turanə Zeynalova əsl igidlik nümunəsidir desək, yanılmarıq. O, qonşularının mənzilindəki yanğını duyan kimi dərhal ora girib və evdə olan iki azyaşlını çıxarıb. Özü isə qatı tüstüdən boğulma halında əvvəlcə qonşular tərəfindən süni nəfəs yolu ilə, sonra isə xəstəxanaya aparılaraq, reanimasiya şöbəsində zəruri tədbirlərlə xilas edilib. Ölüm qorxusundan çəkinməyərək, əsl vətəndaşlıq nümunəsi göstərən Turanə Elman qızı Zeynalova ixtisasca kosmetoloqdur, iki məktəbli övlad - bir qız və bir oğlan anasıdır. Təvazökarlıq edərək az danışsa da, onun sözlərindən həmin anın həyəcanını, qonşunun təhlükədə olan iki azyaşlı körpəsinin aqibətini öz uşaqlarınınkı kimi duyduğunu anlamaq mümkündür.
"Binalarımız bitişikdir. Həyətdə qəfil hay-küy düşməsilə evdən çıxıb ora qaçdım. Dördüncü mərtəbədən, Xəzangül xalagilin mənzilinin pəncərələrindən qatı tüstü çıxırdı. Kimsə dedi, evdə uşaqlar qalıb. Düşünmədən ora qalxdım. Anam da ardımca gəldi. Mən içəri girəndə artıq hiss edirdim ki, nəfəsim dayanıb. Amma buna baxmayaraq, bir qədər də irəli getdim. Şkafın arxasında gizlənən iki uşağı qoltuqlayıb, çıxa bildim. Arxası yadımda deyil" - deyə o bildirir.
Arxası da dramatik anlarla doludur. Huşunu itirmiş Turanəyə qonşular ilk yardım göstəriblər. Hadisə yerinə gələn təcili yardım maşını isə onu xəstəxanaya aparıb.
"Mən də Turanənin arxasınca yanan mənzilə girmişdim. Göz-gözü görmürdü. Huşumu orada itirmək həddinə çatırdım ki, qonşu gənclər özlərini yetirib məni oradan çıxartdılar. Elə qızım da həmin an uşaqları çıxardı" - bu isə Turanənin anası Təranə xanımın dedikləridir.
Yanğın olan ünvanın - Xanlar küçəsi 12 nömrəli binadakı, 18-ci mənzilin sahibəsi də hadisənin qəfil baş verdiyini bildirir.
"Mən həyətdəydim. Bir də gördüm, evimizdən tüstü çıxır. Ağır adamam. Sağ olsun qonşular, cəld tərpənib, böyük faciənin qarşısını alıblar, nəvələrimi xilas etdilər. Elə yanğınsöndürmə idarəsinə də onlar həmin dəqiqə zəng ediblər. Yanğınsöndürmə maşınları da heç 5-10 dəqiqə çəkmədi ki, gəldilər. Maşınlar gələnəcən, kim nə bacarıb, edib. Tərs kimi, neçə gündür bu ərazidə binalara su verilmir. Qonşular içməli su ehtiyatlarını bu işə sərf ediblər. Hamısına minnətdaram" - deyə, 70 yaşlı Xəzangül Qasımova bildirir.
İlkin ehtimala görə, yanğın kompüterə cərəyan verən uzadıcı naqildəki qısa qapanmadan törəyib. Hadisə zamanı əraziyə 3 yanğınsöndürmə briqadası gəlib və alovun qonşu otaqlara keçməsinin qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Zakir MURADOV
Gəncə
çap et