525.Az

Bu il şəhid ailələri və əlillərə 500-dən çox mənzil veriləcək


 

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ: “PREZİDENTİN SƏRƏNCAMI İLƏ AYRILAN 20 MİLYON MANAT VƏSAİT ƏLAVƏ OLARAQ MİNİMUM 300 MƏNZİLİN ALINMASINA VƏ NƏTİCƏDƏ, İL ƏRZİNDƏ 500-dən ÇOX MƏNZİLİN ƏLİL VƏ ŞƏHİD AİLƏLƏRİNƏ TƏQDİM OLUNMASINA İMKAN YARADIR”

<b style="color:red">Bu il şəhid ailələri və əlillərə 500-dən çox mənzil veriləcək</b>

Prezident İlham Əliyevin avqustun 2-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” imzaladığı sərəncam ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Bu, sərəncam dövlətin xüsusi diqqət və qayğıya ehtiyacı olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli istiqamətində atılmış mühüm addım kimi xarakterizə olunur.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilib ki, prezident İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib: “Dövlət başçısı avqustun 1-də Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda, Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə 136 avtomobilin təqdim olunması mərasimində son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verildiyini bildirib: “İlin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”. Bununla əlaqədar prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci il tarixli sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılmasını nəzərdə tutur”.

Qeyd olunub ki, sərəncam ayrılacaq həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə əlavə olaraq minimum 300 mənzilin alınmasına və nəticədə, bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradır: “Bu da 2018-ci ildə nazirlik tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının (207 mənzil) 2,4 dəfə artırılmasına imkan verir”.

Əlavə edilib ki, prezident İlham Əliyevin qeyd edilən sərəncamı Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.

Dövlət başçısının imzaladığı bu sərəncamla bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, sosial siyasət prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətini təşkil edir. O, SİA-ya bildirib ki, ölkə başçısı bütün çıxışlarında, göstərişlərində əhalinin sosial vəziyyətinin yaxşılaşmasını, iş yerlərinin yaradılmasını, səhiyyə, təhsil, mədəniyyət məsələlərini ön plana çəkir. Eləcə də xüsusi qayğıya ehtiyacı olan təbəqələrin dövlət tərəfindən təminatı həmişə ön plandadır.

Deputatın sözlərinə görə, prezidentin avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak etməsi bunun növbəti, əyani nümunəsidir: “Ölkə başçısı bu məsələləri daima diqqətdə saxladığını bildirib. Həmçinin, dövlət başçısı qeyd edib ki, bu siyasət bundan sonra da davam edəcək. Xüsusi qayğıya ehtiyacı olan hər bir ailə bilir ki, onun problemlərinin həlli ölkə prezidentinin diqqətindədir və mütləq həll ediləcək. Bunun üçün isə əlbəttə ki, düzgün dövlətçilik siyasəti, iqtisadiyyatın inkişafının təmin edilməsi, beynəlxalq birlikdə Azərbaycanın layiqli yerinin tutulması üçün gərgin fəaliyyət lazımdır. Təbii ki, biz bunun daima şahidi oluruq və Azərbaycanın qazandığı uğurlarla qürur duyuruq”.

A.Mirzəzadə hesab edir ki, prezidentin şəxsən şəhid ailələrinə, müharibə veteranlarına mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak etməsi onun verdiyi tapşırıqların necə yerinə yetirilməsini bir daha yoxlamaq istəyindən irəli gəlir: “Prezidentin çıxışında Dağlıq Qarabağ məsələsinə toxunulması, Ermənistanı konstruktivliyə dəvət etməsi və “əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq” barədə verdiyi bəyanat da Azərbaycan dövlətçiliyinin bu gün inkişaf etdiyini, öz hüquqlarını qoruduğunu və tarixi missiyasını yerinə yetirdiyini göstərir”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də qeyd edib ki, sosial siyasət bu gün Azərbaycan dövlətinin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Onun fikrincə, bu istiqamətin çox qabarıq görsənməsinin iki əsas səbəbi var: “Birincisi, ölkənin böyük maliyyət ehtiyyatları və zəngin iqtisadiyyatı var. İkincisi isə prezident İlham Əliyev şəxsən sosial qayğıya ehtiyacı olan təbəqəyə həmişə özünün diqqətlə yanaşdığını nümayiş etdirib. Bu gün də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin sərəncamı ölkədə sosial siyasətin ardıcıl və fasiləsiz olaraq aparılmasına bir sübutdur. Bu cür addımlar mütəmadi və sistemli olaraq həyata keçirilir. Biz Azərbaycan dövlətinin bu gün apardığı siyasətin mahiyyətinə uyğun olan daha bir addımın şahidi oluruq. Ölkənin iqtisadiyyatı inkişaf etdikcə biz bu cür addımları davamlı görəcəyik”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman əhalinin sosial cəhətdən aşağı imkanlara malik olan təbəqələrinə xüsusi diqqət yetirir və bu istiqamətdə çoxsaylı qərarlar qəbul edilir, eləcə də addımlar atılır: “Bu baxımdan ilk dəfə deyil ki, dövlət başçısı müharibə veteranlarına, əlillərə xüsusi qayğı ilə yanaşdığını nümayiş etdirir. Azərbaycanın sosial dövlət olduğunu və sosial ədalət prinsiplərindən çıxış etdiyini ölkə prezidenti dəfələrlə bəyan edib”.

E.Mirzəbəylinin sözlərinə görə, bu gün də aparılan siyasət, qəbul edilən qərarlar bu bəyanatın Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin təsdiqidir və bariz nümunəsidir: “Bildiyiniz kimi, artıq uzun illərdir ki, təkcə maliyyə vəziyyətinin yaxşılaşdırılması yox, eyni zamanda, əlil şəxslərin sağlamlığının bərpası ilə bağlı qərarlar qəbul edilir və addımlar atılır. Heydər Əliyev Fondunun da bu istiqamətdə atdığı kifayət qədər ciddi addımlar var. Bu addımları yalnız təqdir etmək, dəstəkləmək olar. Düşünürəm ki, Azərbaycan vətəndaşları da məhz dövlətin onlara yanaşmasından kifayət qədər məmnundurlar və bu münasibət vətəndaşlarımızın Azərbaycan dövlətinin sosial mahiyyətinə olan inamını, etimadını daha da artırıb. Bu münasibət qarşılıqlıdır. Hər zaman olduğu kimi, vətəndaşlarımız dövlətimizə dəstək verir, onun güclənməsinə çalışır. Bizim gücümüz Azərbaycan dövləti və güclü vətəndaş, eləcə də vətəndaşın imkanlarının daha da genişlənməsi deməkdir. Sosial siyasətin mahiyyəti təkcə bu sərhədlərdə bitmir. Eyni zamanda, onların işlə təmin olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları istiqamətində ciddi addımlar atılır. Bu istiqamətdə “ASAN Xidmət”in nəzdində fəaliyyət göstərən qurumların da xüsusi rolu var. Bu aspektdən Azərbaycanın əlilliyi olan vətəndaşları da artıq iş həyatına atılır və özlərini cəmiyyətdə təşviq etməyə çalışırlar. Bütün bunlar çox mühüm addımlardır. Çünki sağlamlığında problem olan insanların özlərini cəmiyyətə təqdim etməsi, öz ayaqları üstündə dayanması təkcə sosial aspektdən mühüm hadisə deyil, eləcə də çox önəmli humanizm mahiyyəti daşıyan bir faktordur. Bu baxımdan düşünürəm ki, bu siyasət konseptual bir siyasətdir və məqsədyönlü şəkildə ən müxtəlif istiqamətlərdə həyata keçirilir”.

Ceyhun ABASOV

 





03.08.2018    çap et  çap et