525.Az

Prezident Ermənistan rəhbərliyinə sələflərinin səhvlərini təkrarlamamağı tövsiyə etdi


 

“... SƏSLƏNƏN ZİDDİYYƏTLİ BƏYANATLAR HƏM BİZDƏ, HƏM BU MƏSƏLƏ İLƏ MƏŞĞUL OLAN ÖLKƏLƏRDƏ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARDA TƏƏCCÜB DOĞURUR”

Prezident Ermənistan rəhbərliyinə sələflərinin səhvlərini təkrarlamamağı tövsiyə etdi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib.
 
Dövlət başçısı çıxışında ölkədə həyata keçirilən sosial siyasətdən, müharibə əlilləri, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmaqla bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hazırkı vəziyyətə toxunub, işğalçı ölkənin apardığı terror, təcavüzkarlıq siyasətini sərt şəkildə tənqid edib. Bununla yanaşı, ölkə rəhbəri Ermənistanın yeni rəhbərliyinə ciddi mesajlar ünvanlayıb, münaqişənin sülh varinatı ilə həllinə razı olmalarını, qeyri-konstruktiv mövqedən əl çəkmələrini tövsiyə edib. Əks halda, Azərbaycanın uzun illərdir Ermənistana qarşı həyata keçirdiyi təcridetmə siyasətinin bundan sonra da davam edəcəyini, işğalçı ölkənin daha ağır sosial-iqtisadi vəziyyətlə üz-üzə dayanacığını vurğulayıb.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ probleminin həllin bir yolu var: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli  torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır”.

İşğalçı dövlətin indi ağır günlər yaşadığını deyən ölkə rəhbəri qeyd edib ki, iyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çöküb: “Onların işğalçı siyasəti iflasa uğrayıb. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur”.

Prezident vurğulayıb ki, Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir: “Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər”.

Prezident onu da bildirib ki, münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır: “Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq”.

Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Vasif Əfəndiyev qeyd edib ki, Ermənistanda hadisələr gərginliyə doğru irəliləməyə başlayıb. O, SİA-ya bildirib ki, Nikol Paşinyanın Qarabağ klanına qarşı açdığı savaş artıq bu cinayətkar qruplaşmanın havadarlarını hərəkətə keçməyə məcbur edib: “Keçmiş prezident Robert Koçaryanın və Serj Sarkisyanın ən yaxın qohumlarının həbsi Rusiyanı dilə gəlməyə vadar edib. Rusiya xarici işlər naziri Sergey Lavrov Koçaryanın həbsi ilə bağlı narahatlılıqlarını dilə gətirib. Hadisələrin gedişi zamanı Rusiya Ermənistana yalnız iqtisadi basqılarla təzyiq edirdisə, bu dəfə siyasi bəyanat verərək onu əməllərindən çəkinməyə çağırıb”. Politoloqun sözlərinə görə, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi Ermənistan nümayəndəsi Yuri Xaçaturov həyata keçirir: “O isə 2008-ci il mart hadisələrində dövlət çevirilişində ittiham olunur. Bu, əslində, Rusiyanın təsir dairəsində olan bir qurumun rəsmi olaraq çökməsi ilə sonuclana bilər. Əslində, bu qurum Rusiyanın siyasi nüfuzu üçün çox vacibdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir müddət daha mövcud olması üçün Rusiyanın Ermənistana ehtiyacı var. Rusiyalı ekspertlər Yuri Xaçaturova qarşı açılan cinayət işini Rusiyanın üzünə tüpürmək kimi qiymətləndirirlər. Təsəvvür edirsinizmi necə vəziyyət yaranıb? Məsələn, NATO üzvü olan bir ölkədə siyasi hakimiyyət dəyişir və onlar NATO-nun baş katibini həbs edirlər. Bütün bu proseslərlə yanaşı Rusiyada ciddi olaraq Ermənistanla münasibətlərə yenidən baxmaq planları da var. Bəzi rusiyalı ekspertlər hesab edirlər ki, Qərb tərəfindən şirnikləndirilən Ermənistan onsuz da yaxın gələcəkdə Avropa İttifaqına qoşulmağa çalışacaq. O zaman perspektivsiz bir müttəfiqliyi davam etməyə də lüzum görmürlər”.

V.Əfəndiyev hesab edir ki, Rusiya son 25 -30 ildə xarici siyasətində yalnız antidemokratik ölkələrə sıx müttəfiqlik siyasəti yürüdərək ətrafında bir diktatura kəməri formalaşdırıb: “Yaxın onillikdə isə bu kəmərin qırılması ehtimalı böyükdür. O zaman niyə Putin Türkiyə və Azərbaycan kimi Rusiyaya qarşı normal münasibətlərə meylli dövlətlərlə strateji müttəfiqlik qurmasın? Ermənistanın Avropa Birliyinə qoşulmaq istəyi heç də göründüyü kimi sadə deyil. Avropa Birliyi isə ərazilərində münaqişə olan dövlətləri öz sıralarına dəvət etmək istəmir. Bu səbəbdən də ilk növbədə Etmənistandan Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll etməyi tələb edə bilərlər. Bütün beynəlxalq normativlərə əsasən isə problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Belə olan halda niyə Rusiya qabaqlayıcı faktor kimi bu məsələni kökündən həll etməsin?! Hesab edirəm ki, Rusiyanın regionda güclü və ədalətli ölkə obrazını qazanması üçün müttəfiqləri ilə vassal kimi davranmağı buraxmalıdır. Gürcüstan və Ukraynada buraxdığı səhvləri davam etdirmək ən yanlış siyasətdir. Saakaşvilinin Putinlə ilk görüşü zamanı baş vermiş insident bu münasibətlərin birdəfəlik pozulmasına gətirib çıxardı. O görüşdə Gürcüstanı vassal olaraq görməyə adət edən Putin Saakaşviliyə bir siyahı verərək həmin adamları nazir təyin etməsini istəmişdi. İndiki halda isə Rusiyanın əlinə Qafqazda ən etibarlı tərəfdaş qazanmaq şansı düşüb. Azərbaycanla həqiqi müttəfiqlik Rusiya üçün bir şansdır. Putin bu şansı düzgün dəyərləndirərsə, regionda böyük iqtisadi sıçrayış baş verəcək”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə qeyd edib ki, Ermənistan dövləti uzun müddətdir işğalçılıq siyasətini davam etdirir: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Ermənistanı bütün regional layihələrdən kənarda qoyub. Azərbaycan prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir”. Politoloqun sözlərinə görə, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur və BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etmir: “Bu gün dünyada işğalçılıq, separatizm, terrorizm və s. ən dəhşətli cinayətlər sayılır. Bu cinayətlərin hamısını Ermənistan törədib. Əgər işğalçı ölkə bu siyasətindən əl çəkməsə, Ermənistanda vəziyyət daha da gərginləşəcək. Bu gün əhali durmadan Ermənistandan köçüb gedir. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq vəziyyət daha da dərinləşəcək. Onların yeganə yolu işğal etdikləri Azərbaycan torpaqlarını azad etməkdir. Torpaqlarımızda ikinci bir dövlətin yaranmasına Azərbaycan imkan verməyəcək. 2016-cı ilin aprel döyüşləri Ermənistan üçün bir dərs idi. Budəfəki zərbə isə daha artıq olacaq”.

Ceyhun ABASOV

 





04.08.2018    çap et  çap et