525.Az

Tarif Şurasının ictimai nəqliyyat xidmətləri üzrə qərarı çox effektli və düşünülmüş qərardır


 

Tarif Şurasının ictimai nəqliyyat xidmətləri üzrə qərarı çox effektli və düşünülmüş qərardır<b style="color:red"></b>

Avqustun 1-dən başlayaraq Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətlərində dəyişiklik edilib. Bununla bağlı Tarif Şurasının iclasında qərar qəbul olunub. Belə ki, Şuranın 30 iyulda keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Məlumatda qeyd olunur ki, qiymətlərin artırılmasında ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınıb.

Azərbaycanda, xüsusilə, paytaxt Bakıda və ətraf qəsəbələrdə son illər nəqliyyat xidmətlərinin yüksəldilməsi istiqamətində nəzərəçarpan işlər görülüb. Paytaxtda iri tutumlu, səliqəli, yeni avtobuslar gətirilib ki, bütün bunlar da sərnişinlərin rahat hərəkətini, mənzil başına daha tez çatmasını təmin edir. Metro sistemində də yeniliklər tətbiq edilir, kondisiner quraşdırılmış yeni qatarlar alınaraq xəttə buraxılır.

Onu da vurğulamaq lazımdır ki, 10 ilə yaxındır ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı. Belə ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Hətta qiymət artımından sonra da Azərbaycanda ictimai nəqliyyat tarifləri dünya ölkələri ilə müqayisədə ən ucuz sayılır.

Müqayisə üçün bildirək ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir. 

Qiymət artımından sonra Bakı metrosunda gediş haqqı digər postsovet ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Məsələn, postsovet məkanı ölkələrindən Ukraynada bu qiymət  41-50, Minskdə 55, Daşkənddə 37 qəpik, Moskvada isə bir neçə dəfə yüksəkdir. Halbuki Rusiyanın metropoliten sahəsində böyük potensialı var.

İqtisadçı Pərviz Heydərov hesab edir ki, Tarif Şurası tərəfindən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə təsdiq edilən yeni qiymətlərin əslində, xeyli gecikmiş addım olduğunu demək mümkündür. Onun sözlərinə görə, istənilən halda bu və ya digər sahədə qiymət artımı əhalinin, başqa sözlə, alıcı və ya xidmətdən istifadə edən təbəqənin narazılığı ilə qarşılanır və qarşılanmalıdır da: “Lakin hər bir hadisənin və addımın əsası var. Xüsusən də, söhbət qiymət artımından gedirsə. Özü də dövlət tərəfindən tənzimlənən qiymətlərdən”.

O qeyd edib ki, 2015-ci ildə 2 dəfə devalvasiya baş verib, Mərkəzi Bank manatın üzən məzənnə rejiminə buraxıldığını elan edib və buna uyğun olaraq bütün sahələrdə qiymətlər qalxıb: “Manatın dollara nisbətdəki kursu bundan yalnız 2 il sonra, yəni 2017-ci ildə sabitləşdi. 1 il əvvəl, yəni 2016-cı ildə isə daha 15%-ə yaxın ucuzlaşmışdı. Yəni 2015-ci ilin fevralın 21-nə kimi məzənnə 0,78 qəpik səviyyəsində idisə, indi xeyli müddətdir 1,70 qəpikdir. Buna uyğun olaraq, hələ 2-3 il əvvəl bütün sahələrdə qiymətlər qalxdı. Sadəcə olaraq, qiymətlər tənzimlənən sahələrdə hökumət bahalaşma təzyiqini “sıxıb” saxladı. Çünki əhalinin qiymət artımlarına həssas təbəqəsinin sosial vəziyyətini nəzərə aldı və dövlət büdcəsinin ziyanına da olsa, sözügedən qrupun iqtisadi maraqlarının müdafiəsini təşkil edə bildi”.

Digər tərəfdən, o qeyd edib ki, 2015-ci ildən sonra ölkədə enerji daşıyıcılarının da tariflərində dəyişikliklər baş verdiyi yaddan çıxarılmamalıdır: “Sonuncu dəfə keçən ilin iyul ayının ortasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edildi. Düzdür, dizel yanacağı hələ ki bahalaşmayıb. Lakin Tarif Şurasının qərarı ilə 2016-cı il iyulun 15-dən elektrik enerjisi qiymətində edilən artım ilə 1 kilovat-saat elektrikin topdan satış qiyməti 4,3, pərakəndə satış qiymətisə 7 qəpik müəyyən edildi. Digər nümunələr də göstərmək olar.

Bütün bunların müqabilində metroda və ictimai nəqliyyatda gediş haqqının 50 faiz bahalaşması ciddi artımdırmı?! Sözsüz ki, yox.

Ümumiyyətlə, Tarif Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə təsdiq etdiyi yeni tariflər həm vaxtın seçimi, həm də artım faizi baxımından çox effektli və əhalinin qiymət artımlarına həssas təbəqəsinin sosial vəziyyətinin müdafiəsi təşkili nöqteyi-nəzərindən çox düzgün və düşünülmüş qərardır.

Yeni dərs mövsümü və ümumiyyətlə, “qaynar həyatın” başlanmasına hələ xeyli qalmış, yəni yay ayında belə bir qərarın verilməsi olduqca vaxtında atılan addımdır.

Ümumiyyətlə, iqtisadiyyat elə bir sahədir ki, burada heç nə sabit olaraq qalmır. Təklif və tələb nisbəti daim dəyişir, inkişaf edir. O cümlədən, qiymətlər də ən geci hər 5-6 ildən bir dəyişir və artır. Yəni bu, qaçılmaz bir prosesdir”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev vurğulayıb ki, dünyanın istənilən bir ölkəsində qiymət artımı olursa, bu, insanların, vətəndaşların cibinə ziyandır: “Təbii ki, buna müəyyən etirazların, narazılıqların olması mümkündür. Amma nəzərə almaq lazımdır ki, bu zərurətdən doğan bir addımdır. Məsələn, 2007-ci ildən bu yana nəqliyyat sektorunda qiymətlərə heç bir artım olunmurdu. Ayrı-ayrı sahələrdə artım olsa da, nəqliyyatda bu artım qeydə alınmamışdı. O cümlədən də “Bakı Metropoliteni” QSC-də 2011-ci ildən etibarən qiymət artımına gedilmirdi. Gec-tez bu addım atılmalı idi. Nə etmək olar? Axı bazar iqtisadiyyatının reallıqları var”. 

Onun sözlərinə görə, nəqliyyatda, metroda daşınmanın maya dəyəri var: “Təbii ki, buna uyğun olaraq da qiymətlər müəyyənləşməlidir. Bildiyiniz kimi, “Bakı Metropoliteni” QSC hər il dövlət büdcəsindən dotasiya alır. Bu artımdan sonra da rəsmi açıqlamalara görə “Bakı Metropoliteni” QSC-yə yenə də dövlətin yardımı olacaq. MDB regionunda ən aşağı daşınma qiymətləri Azərbaycandadır. Bu baxımdan hesab edirəm ki, vətəndaşlarımız da, ictimai sektorun təmsilçiləri də bu qiymət artımına loyal yanaşmalıdırlar. Bu, qaçılmaz bir addımdır”.

AZAD

 





04.08.2018    çap et  çap et