525.Az

Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək


 

Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək<b style="color:red"></b>

11-16 sentyabr tarixlərində Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək. İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənilir.

Səfirlikdən verilən məlumata görə, festival Heydər Əliyev Sarayı və Fəvvarələr meydanında reallaşacaq. Festival iki ölkə arasında ikitərəfli mədəni əlaqələri daha da gücləndirmək məqsədi daşıyır.

Festivalın ilk günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcəklər. Rəqslərlə yanaşı, “Garuda Bakı” və “Sampan Bujana Sentra” rəqs klublarının rəqqasları da öz çıxışları ilə iştirakçılara xüsusi zövq bəxş edəcəklər. Tədbirin proqramına İndoneziya və Azərbaycan Pençak-silat Federasiyaları tərəfindən təşkil olunan ozünümüdafiə sənətinin incəliklərinin nümayiş etdirilməsi də daxildir.

İndoneziyanın ənənəvi döyüş sənəti pençak-silat Azərbaycanda gənclər arasında kifayət qədər məşhurdur. Azərbaycanda təxminən 30 pençak-silat məktəbi və 5 min şagird qeydə alınıb. Bu tədbirdə, iştirakçılar İndoneziya mədəniyyətinin necə isti qarşılandığının və Azərbaycan gəncləri tərəfindən qəbul edildiyinin şahidi olacaqlar.

Festivalın ikinci və üçüncü günləri isə Fəvvarələr meydanında sərgilər və müxtəlif tədbirlər keçiriləcək. Tədbirlər zamanı iştirakçılar, həmçinin İndoneziyanın arxipelaq kulinariyası ilə yaxından tanış olacaq, buradakı sərgilər vasitəsilə bu ölkənin mədəni irsini, müxtəlifliyini və gözəlliyini seyr edəcəklər. Festival çərçivəsində təşkil olunacaq yarmarkada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çayları və digər məhsulları yer alacaq.

Festivala 200-dək indoneziyalı qatılacaq. Bunların sırasında iş adamları ilə yanaşı, ölkənin tanınmış elm və mədəniyyət xadimləri və rəsmi şəxsləri də yer alacaq.

Şahanə MÜŞFİQ

 





07.08.2018    çap et  çap et