525.Az

Ermənilər sülhə gəlir?


 

MİLLƏT VƏKİLİ: "ERMƏNİSTANDA BAŞ VERƏN SON PROSESLƏR AZƏRBAYCANLA RAZILIĞA GƏLMƏYƏ HAZIRLIQDIR..."

<b style="color:red">Ermənilər sülhə gəlir?</b>

"Koçaryanın, Sarkisyanın qohumlarının həbsi, Xaçaturov müəmması və ümumiyyətlə, cərəyan edən hadisələr Ermənistanın keçmişinin qaranlıq olmasının göstəricisidir".

Bunu millət vəkili Azər Badamov deyib. "Bütün bu proseslər çətin olsa da, Ermənistan üçün vacib idi. Düzdür, bu proseslər Ermənistanın himayədarları tərəfindən qıcıqla qarşılansa da, təhdid dili işə düşsə də, lazımlıdır və davam etdirilməlidir. Artıq İrəvanın küçələrində ölən əsgər analarının etiraz dalğası da genişlənməkdədir və etirazlarda Dağlıq Qarabağa göndərilərək övladlarının ölməsinə qarşı çıxırlar. Ümumiyyətlə, Dağlıq Qarabağdan imtina ətrafında iş getdiyi hiss olunur.

"Qarabağ klanı"nın hakimiyyətdən uzaqlaşdırılması, Dağlıq Qarabağla bağlı etiraz şüarlarının sələndirilməsi, Nikol Paşinyanın hərbi ritorika ilə danışması bütün bunlar boş-boşuna baş vermir" - deyən millət vəkilinin sözlərinə görə, Paşinyan ölkənin düşdüyü vəziyyətdən çıxarmaq üçün yol axtarır və proseslərin gedişatı onu deməyə imkan verir ki, yaxın vaxtlarda Dağlıq Qarabağla bağlı ciddi danışıqlar təklifi gələ bilər. "Çünki Paşinyan birdən-birə danışıqlara getsə, Qarabağ ermənilərin təşkilatçılığı ilə yenidən dövlət çevrilişi edə bilərlər. Torpaqla bağlı məsələ çox həssas məsələdir və Ter-Petrosyanı da vaxtilə Azərbaycanla danışıqlara razılığa gəldiyinə görə hakimiyyətdən uzaqlaşdırmışdılar. Ona görə də hazırda Ermənistanda danışqlara getmək üçün neytrallaşdırma prosesinin getdiyini düşünürəm.
 
Bütün bunlar onu deməyə imkan verir ki, ermənilər müharibə vəziyyətində olmaqlarından yorulublar və məhvə doğru getdiyini anlamağa başlayıblar. Hər bir halda Ermənistanın gələcəyi Azərbaycanla mehriban qonşuluq münasibətlərin yaradılmasından gedir və indiki erməni hakimiyyətinin bunu başa düşməyə başladığını düşünürəm. Müşahidələrimə görə, Ermənistanda baş verən son proseslər Azərbaycanla razılığa gəlməyə hazırlıqdır. Odur ki, Paşınyan özünün və yarımmüstəqil dövlətinin gələcəyini düşünürsə, addımlarını davam etdirilməli, hərbi ritorikaya son qoymalı və Azərbaycanla sülh razılaşmasına getməlidir"- deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Millət vəkili Sahib Alıyev də bildirib ki, prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistandakı hərbi xuntanın başında duranlar təkcə azərbaycanlıların deyil, həm də erməni xalqının düşmənləridirlər: "Bu gün Ermənistanda aparılan istintaq göstərir ki, həqiqətən də belədir. Robert Köçəryan, Serj Sərkisyan, Sergey Ohanyan, Manvel Qriqoryan, Yuri Xaçaturov, Mikael Harutyunyan və digərləri hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaq, var-dövlət əldə etmək üçün təkcə azərbaycanlıların deyil, ermənilərin də qanını töküblər. Faktlar onların öz xalqlarına qarşı heç də dinc azərbaycanlılara etdiklərindən az amansızlıq etmədiyini göstərir".

Deputat deyib ki, bütün bunlar hərbi xuntaların və işğalçı rejimlərin mahiyyətindən doğan bir reallıqdır: "Ermənistanın indiki hakimiyyəti bundan nəticə çıxarmalı, sələflərinin işğalçılıq siyasətindən imtina etməli, hərbi xunta təmsilçiləri ədalət adına cəzalandırılırlarsa, onda Azərbaycanla ortaq istintaq komissiyası yaradılmalı, cinayətkarlar təkcə ermənilər deyil, dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə görə də cavab verməlidirlər. Bax onda demək olar ki, Ermənistanda həqiqətən də qonşularla sülh içində yaşamaq istəyən, demokratik düşüncə sahibləri hakimiyyətə gəliblər. Belə bir hakimiyyət olmadıqca, Dağlıq Qarabağ problemi həllini tapmadıqca, o ölkənin heç bir gələcəyi yoxdur və ola da bilməz".

Kamil HƏMZƏOĞLU

 





08.08.2018    çap et  çap et