525.Az

"Tərəqqi və modernləşmə həyata keçirilən qətiyyətli siyasətin göstəricisidir"


 

"Tərəqqi və modernləşmə həyata keçirilən qətiyyətli siyasətin göstəricisidir"<b style="color:red"></b>

"Son 15 ildə inkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və yüksəliş modeli bir çox ölkələr üçün praktik nümunədir".

Bunu "525"-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev deyib.

O qeyd edib ki, sürətli iqtisadi inkişafın, sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycan həm də qlobal enerji - logistika layihələrinin təşəbbüskarı və iştirakçısı, regionda ən qüdrətli orduya sahib əsas güc mərkəzi olduğunu sübuta yetirib.

Onun sözlərinə görə, həmçinin, həyata keçirdiyi tam müstəqil siyasəti ilə dünya birliyinin etibarlı tərəfdaşı statusunu qazanıb: "Əlbəttə ki, dinamik inkişaf, sürətli tərəqqi və modernləşmə, həyata keçirilən qətiyyətli dövlət siyasətinin göstəricisidir. Bir sözlə, müasirliyə gedən yolda inamla addımlayan Azərbaycan ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməkdədir. Son illərdə həyata keçirilən uğurlu siyasi-iqtisadi islahatlar həm idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş, həm də xalqın daha xoş sabaha olan inamını qat-qat artırmışdır. Çünki davamlı inkişaf, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlətin sosial siyasətinin prioritetidir. Müstəqilliyinin cəmi 27 yaşı olan Azərbaycanda son 15 ildə həyata keçirilən dövlət siyasətinin təməlində ölkə vətəndaşının maraqları dayanıb.

O baxımdan qısa zaman kəsiyində həyata keçirilən dövlət siyasətinə, qazanılan uğurlara nəzər salsaq aydın şəkildə görərik ki, Azərbaycan bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edib. Azərbaycan tarix boyu heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Respublikamızda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. İnkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və yüksəliş modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub".
 
M. Abdullayev deyib ki, müasir dövrdə dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir: "Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır. Demokratik proseslərin və milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi də hər bir dövlətin ali vəzifəsidir. Müasir dövrdə insan hüquq və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq normalar əsasında tənzimlənir.

Dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçən Azərbaycanda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Son 15 ildə respublikamızda insan hüquq və azadlıqlarının təmini prosesi daha da təkmilləşib və ölkəmiz bu sahədə böyük uğurlara imza atıb. 28 dekabr 2006-cı ildə İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 2011-ci ildə isə Milli Fəaliyyət Proqramı təsdiq edilib. Cinayət Məcəlləsinə 2000-ci ildən indiyədək 300-ə yaxın dəyişikliklər edilib ki, bunların da böyük əksəriyyəti humanistləşdirməyə, liberallaşdırmaya, azadlıqdan məhrum etmə cəzalarının azaldılmasına və bütövlükdə insan hüquq və azadlıqlarının təminatı mexanizminin təkmilləşdirilməsinə xidmət edir.

İnsan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulan Azərbaycanda bu sahədə qazanılan uğurlar bir daha təsdiq edir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi yüksək nəticələrin əldə olunmasına imkan yaradır. İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin, beynəlxalq arenada yüksək qiymətləndirilir. Hərtərəfli siyasi islahatlar ölkənin siyasi sisteminin təkmilləşməsini və müasir standartlara uyğunlaşmasını əsaslı surətdə təmin edib. İnsan hüquq və azadlıqları, o cümlədən, siyasi azadlıqlar, söz və mətbuat azadlığı tam təmin edilib, idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması sahəsində ciddi addımlar atılıb. 2016-cı ildə keçirilən referenduma əsasən baş tutan Konstitusiya islahatları, vitse-prezident institutunun yaradılması siyasi islahatların dərinləşməsi istiqamətində ən uğurlu addımlardan sayıla bilər. Bu islahatların nəticəsində Azərbaycan dövlətinin daha qüdrətli və möhtəşəm görkəm alması haqlı olaraq xalqın qürur və iftixar mənbəyinə çevrilib. Tam müstəqil xarici və daxili siyasət dövlətin qüdrətinin, müstəqilliyinin ən bariz ifadəsidir..."

Prorektorun bildirdiyinə görə, bu, bir həqiqətdir ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyil: "Eyni zamanda iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər əsasən uğursuzluqla nəticələnir. Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi ilə bir araya sığmır. Məhz bu reallıqları nəzərə alan Azərbaycan dövləti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə aparılması şərtilə real hesab edir. Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu da dövlət siyasətinin prinsipial və düşünülmüş seçimidir. İqtisadi və siyasi islahatlar ölkənin inkişafı üçün çox möhkəm zəmin yaradır.

Dövlət bu iki amili bərabər, paralel şəkildə həyata keçirir və gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır. Cəmiyyət həyatındakı fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş Qərb dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbul edilməsinə daha yaxşı imkanlar yaranıb. Bu çağırışın əsasında Azərbaycanda liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan, cəmiyyətə təkamül yolu ilə əxz edilən suveren demokratiya modelinin formalaşdırılması məqsədi dayanır... Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm demokratik təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açıb, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmini artırıb. Ümumiyyətlə, yaxın keçmişə nəzər salsaq aydın şəkildə görərik ki, son 15 ildə müasir iqtisadi inkişaf modelini müəyyənləşdirən Azərbaycanda yeni keyfiyyət mərhələsi başlayıb. Dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görülüb. Əldə edilən nailiyyətlər isə olduqca çoxdur..."

Kamil HƏMZƏOĞLU

 





07.08.2018    çap et  çap et