525.Az

Azərbaycanın tranzit ölkə kimi beynəlxalq əhəmiyyəti artır


 

2018-Cİ İLİN YANVAR-İYUN AYLARINDA AVROPA-QAFQAZ-ASİYA NƏQLİYYAT DƏHLİZİNİN AZƏRBAYCAN HİSSƏSİNDƏ DAŞINMIŞ YÜKLƏRİN HƏCMİ 25 MİLYON 675,5 MİN TON OLUB

<b style="color:red">Azərbaycanın tranzit ölkə kimi beynəlxalq əhəmiyyəti artır</b>

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar sırasında nəqliyyat infrastrukturunun müasir əsaslarla yenidən qurulmasıyla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi önəmli yer tutur.

Həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Xüsusilə, Bakı-Tbilisi-Qars və Rəşt-Astara dəmir yolu xətlərinin reallığa çevrilməsi beynəlxalq nəqliyyat sferasında diqqətləri Azərbaycanın üzərində cəmləşdirib ki, bu da son nəticədə Qədim İpək Yolunun bərpasında dövlətimizin qarşısına qoyduğu strateji və iqtisadi hədəflərə tam mütənasibdir. Nəticədə, ölkəmizdə hava, dəniz və qurudan, o cümlədən, dəmir yolu vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.

Təsadüfi deyil ki, 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton olub. Yük dövriyyəsi isə 5 milyard 525,7 milyon ton-km olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə olunub.

Yüklərin 15 milyon 932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6 milyon 084,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 4 milyon 947,2 min tonunu tranzit yüklər təşkil edib.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" da öz fəaliyyətini uğurla davam etdirməkdədir. 2018-ci ilin birinci yarımilində yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb. Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz artım deməkdir.

Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunub. Cari ilin yarımilində 19 965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16 526 sərnişin (82.8 faiz) Türkmənistan, 3 439 sərnişin (17.2 faiz) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1 faizə yaxın artaraq 21 960 ədədə çatıb. Vaqonların 9409-i (42.8 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0.8 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 12 390 vaqon (56.4 faiz) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən iri həcmli nəqliyyat vasitələrinin sayı 9 512 ədədə çatıb. Bunlardan 5 353 ədədi (56.3 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4 047 ədədi (42.5 faiz) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2 faiz) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib.

Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb.

Bu mənada, aparıcı region dövlətləri ilə qurulan təmaslar, qarşılıqlı səfərlərdə əldə olunan müsbət nəticələr, həyata keçirilən müştərək layihələr, xüsusilə qarşılıqlı etimad mühitinin mövcudluğu nəqliyyat-gömrük sferasında əlaqələrin inkişafına müsbət təsir edən əsas amillərdən biridir.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Gilan vilayətində dövlət və özəl sektor nümayəndələrinin birgə görüşü zamanı bildirib ki, Rəşt-Astara dəmir yolunun yekunlaşması və istismara verilməsi regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək.

İran Prezidenti Həsən Ruhaninin layihə üzrə işlərin sürətləndirilməsi ilə bağlı tövsiyəsini xatırladan səfir qeyd edib ki, dəmir yolu və ondan istifadə "nəhəng neft quyusu"na bərabərdir.

Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusov isə Azərbaycanın ixrac potensialının və hazır məhsul istehsalının sürətlə artdığını qeyd edib. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların artıq nəticə verdiyi qənaətinə gələn V.Mantusov bunun iqtisadi artıma müsbət təsir göstərən mühüm amillərdən biri olduğunu vurğulayıb. İki ölkənin birlikdə reallaşdırmağa çalışdığı "Şimal-Cənub" nəqliyyat dəhlizinin əhəmiyyətinə də toxunan rusiyalı qonaq bu layihənin beynəlxalq yükdaşımalar zamanı xərclərin azalmasına və vaxta qənaət olunmasına, hər iki ölkənin gəlirlərinin artmasına şərait yaradacağını bildirib.

Qazaxıstan Dəmir Yollarının İdarə heyəti sədrinin müavini Maksat Kabaşev da hesab edir ki, Transxəzər marşutu üzrə əmtəə dövriyyəsi 2020-ci ildə xeyli artacaq: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) regionunda əmtəə dövriyyəsinin artım potensialı 2020-ci il üçün 646-922 milyard dollar təşkil edir ki, bu da yük potensialında 300 min konteynerə bərabərdir".

M.Kabaşovun sözlərinə görə, marşruta istiqamətlənən yük bazasını Avropa, Çin və Türkiyə ticarət tərəfdaşlarının bazarları təmsil edir: "Marşrutun səmərəliliyi yük axınının artması, həmçinin, gələcəkdə Marmaray yük tunelinin istifadə edilməsi və Avropanın Pan-Avropa dəhlizləri sisteminə qoşulmaqla artacaq. Dəmir yolu qatarlarının İstanbula birbaşa çıxışını təmin etmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra Mersin limanına gələn ilk qatar Qazaxıstan taxılını gətirib. 2018-ci ilin yanvarından iyununadək sözügedən marşrutla Qazaxıstanın 1073 konteynerlik taxıl yükləri daşınıb".

M.Kabaşev qeyd edib ki, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzi hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi əhəmiyyətini yüksək qiymətləndirir: "Transxəzər marşrutu tarixi Böyük İpək Yolu ticarət marşrutunun varisidir. Qazaxıstan-Bakı-Tbilisi-Qars, gözlənildiyi kimi, avtomobil nəqliyyatı və Qara dəniz vasitəsilə dəniz yoluna əlavə olaraq Qazaxıstan və Türkiyə arasında ixrac, idxal və tranzit yüklərin nəqli imkanlarının gələcəkdə daha da artmasına səbəb olacaq".

Bundan əlavə, ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılacaq.

Latviya Nəqliyyat Nazirliyindən bildirilib ki, bu marşrut "Şimal-Cənub" layihəsi çərçivəsində fəaliyyət göstərəcək.

Qurumdan deyiblər ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi "Latviya Dəmir Yolları" QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri siyahısına daxildir: "Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən istifadə etməklə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi Avropa regionu ölkələrinə çıxış yaranır".

Nazirlikdən bildiriblər ki, Latviya Azərbaycanı Avrasiya məkanında yeni nəqliyyat marşrutlarının inkişafı baxımından çox mühüm tərəfdaş hesab edir: "Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir - Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən "Şimal-Cənub" dəhlizi, həmçinin, Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bununla əlaqədar olaraq hesab edirik ki, Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivləri var. İranla dəmir yolu xəttinin inkişafı "Şimal-Cənub" dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək".

Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku isə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək. Onun sözlərinə görə, söhbət "Şərq-Qərb" nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət daşıyan layihələrdən gedərkən, Rumıniya və Azərbaycan ümumi maraqları bölüşür.

D.Yanku qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan üçün yox, həm də region üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Səfir bildirib ki, bu, "Şərq-Qərb" dəhlizinin vacib hissəsidir və regional əlaqələrin möhkəmlənməsinə vacib töhfə verəcək: "Bakı-Tbilisi-Qars Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək ki, bu həm də Rumıniya üçün aktualdır. Bu regionlar arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məqsədilə Rumıniya Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin hazırlanmasını təklif edib. Bu layihə "Şərq-Qərb" dəhlizinin Qara dənizdən keçməklə genişləndirilməsini nəzərdə tutur".

"Bakı-Tbilisi-Qars irimiqyaslı dəmir yolu layihəsinin reallaşdırılması Avropa ölkələrində Azərbaycana maraq oyadır, bu isə Bakıya yeni nəqliyyat marşrutlarının açılması perspektivlərini vəd edir". Bu fikirləri isə Siyasi İnformasiya Mərkəzinin (Rusiya) analitiki İvan Pyatibratov deyib. Ekspertin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Bakı yox, həm də bütün region qarşısında ciddi iqtisadi perspektivlər açır: "Rumıniya tərəfinin təklif etdiyi Xəzər-Qara dəniz nəqliyyat dəhlizi təşəbbüsü düşünülmüş addımdır. Bu fikrin reallaşdırılması layihənin bütün iştirakçılarının maraqlarına uyğun olacaq. Əlbəttə, Cənubi Qafqazın əsas qüvvəsi olan Azərbaycan üçün bu, həm maliyyə, həm də siyasi bonuslar vəd edir".

Ekspert əlavə edib ki, perspektivdə Azərbaycan Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında nəqliyyat qovşağına çevrilə bilər.

Onun fikrincə, Bakı-Tbilisi-Qars layihəsi yüklərin tranziti üçün yeni istiqamət qismində Rusiya tərəfi üçün də maraqlıdır.

Ümumilikdə, həyata keçirilən layihələr və əldə olunan nəticələr Azərbaycanın tranzit ölkə kimi beynəlxalq əhəmiyyətini daha da artırdığını, qeyri-neft sektorundan asılılığın azaldılması istiqamətində görülən işlər sırasında nəqliyyat sektorunun dövlətimizin iqtisadi imkanlarının genişlənməsi baxımından mühüm perspektivlər vəd etdiyini deməyə əsas verir.

Ceyhun ABASOV

 





10.08.2018    çap et  çap et