525.Az

ABŞ-ın İrana qarşı yeni sanksiyaları Cənub Qaz Dəhlizinə aid edilməyib


 

"BİRLƏŞMİŞ ŞTATLAR ÜÇÜN BU LAYİHƏ İRANA QARŞI SANKSİYALARDAN DAHA ÜSTÜNDÜR"

ABŞ-ın İrana qarşı yeni sanksiyaları Cənub Qaz Dəhlizinə aid edilməyib<b style="color:red"></b>

ABŞ-ın İrana qarşı yeni sanksiyaları "Cənub Qaz Dəhlizi" layihəsinə aid edilməyib.
 
AZƏRTAC xəbər verir ki, bu barədə "S&P Global Platts" agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda deyilir. Bildirilir ki, ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları "Cənub Qaz Dəhlizi" layihəsinə aid olmayacaq: "Bu layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların Cənubi Qaz Dəhlizinin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. Həmçinin, İranın "NICO" şirkəti "Şahdəniz" layihəsində 10 faizlik paya sahibdir. D.Trampın bu qərarında "təbii qaz layihəsi istisna olmaqla" bəndində məhz Cənub Qaz Dəhlizi nəzərdə tutulur", - deyə məlumatda qeyd edilir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, İrana qarşı tətbiq olunan sanksiyaların "Cənub Qaz Dəhlizi" layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir. O, "Trend"ə bildirib ki, bu layihənin müəllifi Azərbaycandır və onun reallaşdırılması zamanı bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib.

Deputat vurğulayıb ki, müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır: "Bu isə heç də sadə məsələ deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb. Ona görə də iqtisadi sanksiyaların təzyiq rıçaqı kimi istifadə edilməsi tarixində ən sərt hallardan biri kimi müşahidə etdiyimiz sanksiyalar zamanı belə, Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır. Çünki ölkəmiz öz milli maraqlarını özünün strateji tərafdaşlarının milli maraqları ilə məharətlə koordinasiya edib. Nəzərə almaq lazımdır ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrinin birindən gedir. Bu layihə sözün əsl mənasında 21-ci əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha bunu sübut etmiş oldu".

H.Babaoğlu vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" layihəsi 7 ölkəni, eyni zamanda, kəmər boyunca 12 fərqli investor və 12 fərqli alıcı ilə birləşdirəcək: "Bu, həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı (AB) istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq. Yəni əslində, bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması isə hazırki gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava-su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl Vaşinqtonda İtaliya baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ prezidenti Donald Trampın "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə malik idi və heç də təsadüfi deyildi. Ancaq belə mühüm layihələrin həmişə iqtisadi tərəflərilə bərabər mütləq siyasi tərəfləri də olur ki, bu da bizim üçün az əhəmiyyətli deyil".

Deputat bildirib ki, ölkəmizin həyata keçirdiyi bu tipli meqalayihələr beynəlxalq münasibətlər sistemində də Azərbaycanın yerini möhkəmləndirir və rolunu artırır: "Bu isə nəticə etibarilə milli maraqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasına əsaslı zəmin yaradır".

Amerikalı ekspert, "Bilig Brains" layihəsinin analitiki Rafael Səttarov isə bildirib ki, ABŞ üçün "Cənub Qaz Dəhlizi" layihəsi İrana qarşı sanksiyalardan daha üstündür. Ekspertin sözlərinə görə, enerji sektoruna yönəlmiş yeni sanksiyalar İranla biznes sahəsində əməkdaşlıq edən iri şirkətlərin maraqlarına toxunacaq: "SOCAR və BP-nin qismində enerji nəhənglərinin lobbiçilik fəaliyyətləri nəticə verdi və onlar ABŞ prezidentinin yaxın ətrafına çatdıra bildilər ki, ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinə xidmət edəcək yeni layihənin mövqelərini zəiflətmək lazım deyil. Bundan başqa, Donald Trampın "Cənub Qaz Dəhlizi" ilə bağlı sərəncamı göstərir ki, ABŞ bu layihənin Rusiyanın Avropadakı layihələri ilə rəqabət aparacağını başa düşür".

R.Səttarov həmçinin qeyd edib ki, Azərbaycan bu gün iri qaz tədarükçüsü qismində fəal şəkildə dünya bazarlarına daxil olub. Bu da Azərbaycana Qərbin marağını artırır: "Əlbəttə ki, Azərbaycan qazının həcmi Rusiya qazı ilə müqayisə oluna bilməz, amma yenə də Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə tədarükü 16 milyard kubmetrədək çatdıranda bu dəhliz ölkəyə əlavə mənfəət gətirməklə yanaşı, onun Avropa bazarlarına təbii qaz tədarükçüsü kimi nüfuzunu artıracaq".

"Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev isə qeyd edib ki,  Trampın TAP-a birmənalı dəstək və ümidi Azərbaycanın bütün enerji, nəqliyyat və loqistika layihələrinə qlobal dəstək çağırışıdır: "TAP kəməri ilə bağlı ABŞ Prezidenti Donald Trampın xüsusi ümidlərini ifadə etməsi ümumən Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə ABŞ-ın prinsipial və davamlı dəstəyinin tərkib hissəsidir". Ekspert bildirib ki, Cənub Qaz Dəhlizinin bütün seqmentinin hər birinə ABŞ-ın hərtərəfli dəstək verməsi regional inkişaf, Avropanın enerji təminatının möhkəmləndirilməsi və qlobal enerji balansının yaradılmasında Azərbaycanın siyasətinə və şəxsən prezident İlham Əliyevin prinsipial tərəfdaşlıq kursuna olan böyük inamın ifadəsidir: "Tramp TAP-ı rəqabətqabiliyyətli kəmər kimi xarakterizə etməklə əslində, Azərbaycan prezidentinin qlobal enerji strategiyasında ən düzgün və perspektivli seçimlər etmək bacarığına qiymət verdi. Azərbaycanın, ABŞ-ın və Avropanın enerji təhlükəsizliyi sahəsində hədəflərinin və prinsiplərinin tam üst-üstə düşdüyü daha bir məqamı gördük. Trampın TAP-a birmənalı dəstək və ümidi eyni zamanda, Azərbaycanın bütün enerji, nəqliyyat və loqistika layihələrinə qlobal dəstək çağırışıdır. Çünki Azərbaycanın bütün layihələrinin sülhə, rifaha, dövlətlərarası ədalətli mənafelərə və təhlükəsizliyə xidmət etdiyinə cənab Tramp da əmin olub. Təkcə bu fakt Azərbaycanın beynəlxalq enerji məsələlərində nə qədər etibarlı tərəfdaş olduğunu bir daha sübut edir".

Deputat Aydın Hüseynov da hesab edir ki, İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP layihəsinə dəstək nümayiş etdirməsi Azərbaycanın həyata keçirdiyi layihələrin dünya üçün nə qədər vacib olduğunu göstərir.

Deputat qeyd edib ki, bu, eyni zamanda, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir: "Azərbaycan artıq dünyada etibarlı və strateji bir tərəfdaşa çevrilib, Azərbaycanın həyata keçirdiyi iri layihələr dünya ölkələri tərəfindən dəstəklənir və getdikcə bu layihələrə qoşulmaq istəyən ölkələrin sayı artır. Dünya liderlərinin görüşlərində TAP-ın gündəm olması prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, diplomatik səylərinin, siyasi qətiyyətinin, eləcə də Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi istiqamətində böyük fəaliyyətinin nəticəsidir".

Deputat vurğulayıb ki, digər iri layihələr kimi TAP layihəsi də siyasi dividendlərlə yanaşı, ölkə iqtisadiyyatına dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir, Azərbaycan bu layihədən həm ixracatçı ölkə, həm də tranzit ölkə kimi böyük gəlirlər götürəcək.

A.Hüseynovun sözlərinə görə, Azərbaycan artıq Avropanın təbii qaz təchizatında çox etibarlı bir ölkəyə çevrilməkdədir: "Bu həm də ölkəyə gələcəkdə böyük investisiyaların yatırılması deməkdir. Yəni bu layihədə bir çox ölkələr, eyni zamanda, transmilli şirkətlər iştirak edirlər. Həmin şirkətlərin təkcə neft-qaz sənayesinə deyil, eləcə də ölkəmizdə digər sahələrə də böyük yatırımlar edəcəyi reallığa çevrilməkdədir".

Deputat qeyd edib ki, bu layihə, həmçinin, Azərbaycanla idxalçı ölkələr arasında iqtisadi, ticari, mədəni əlaqələri daha da genişləndirəcək: "Bu layihə Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək. Bu, həm də o deməkdir ki, Azərbaycan regionda böyük güc mərkəzinə çevrilir, eləcə də Avrasiya məkanında logistik və nəqliyyat qovşağıdır".

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan "Cənub Qaz Dəhlizi" vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan "Şahdəniz-2" üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb. "Şahdəniz-2" layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub. Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə "Cənub Qaz Dəhlizi" QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib. Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.

Ceyhun ABASOV

 





10.08.2018    çap et  çap et