525.Az

Elm və sənət adamlarının Türkiyə görüşləri - Fotolar


 

Elm və sənət adamlarının Türkiyə görüşləri - <b style="color:red">Fotolar </b>

Hər il Türkiyədə ayrı-ayrı elm sahələrinə aid müxtəlif konfrans və simpoziumlar keçirilir. Bu konfrans və simpoziumlar arasında sosial bilimlərə həsr olunmuş tədbirlər çoxluq təşkil edir.

Bu tədbirlərin əksəriyyətinin sosial-mədəni problemlərə həsr edildiyinin, burada ən çox da türkoloji məsələlərə, Türkiyə ilə türkdilli xalqların tarixi birliyi, xalq yaradıcılığı, folklor mədəniyyəti, eyni zamanda, əski  Sovetlər Birliyi dağıldıqdan sonra qarşılıqlı əlaqələrin genişlənməsi və  inkişaf perspektivləri kimi  problemlərə daha çox toxunulduğunun şahidi olduğumu vurğulaya bilərəm. Təkcə son bir-iki ay içərisində İstanbulda, Nevşehirdə, Sivasda, Diyarbəkirdə keçirilən müxtəlif tədbirlərin iştirakçısı olmuşam. Bu tədbirlərdə həmyerlimiz, istedadlı saz  və tar ifaçısı, folklorçu-alim, professor İlqar İmamverdiyev də fəal iştirak edib.

Müasir mərhələdə ictimai elmlərin vəzifələri, elmdə inteqrasiya məsələləri, həmçinin, türkdilli xalqların tarixdən gələn ortaq mənəvi-estetik dəyərlərinin ortaya çıxarılması kimi məsələlərin həllindəki meyillərin daha yaxından anlaşılması baxımından bu tədbirlərın elm adamları üçün böyük faydası var. 

Ötən ilin sentyabrında Nevşehirdə keçirilən İpək Yolu beynəlxalq simpoziumunda tədbirin təşkilat komitəsinin üzvü, türkoloji problemlər üzrə tanınmış mütəxəssis, professor Ljiljana Markoviç ilə tanış olduq.  Xanım Markoviç Serbiyanın Belqrad Universiteti filoloji fakültəsinin dekanıdır. Onun təşəbbüsü ilə mən simpoziumun Rəyasət heyətinə və yeni yaradılmış  "İpək Yolu" dərgisinin redaksiya heyətinə üzv seçildim.

Simpoziumda həmyerlilərimlə - tanınmış jurnalistlər Namiq Əhmədov və Tahir Aydınoğlu ilə də yaxından tanış olmaq imkanı qazandım. Namiq müəllimin müasir Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş məruzəsi  maraqla dinlənildi. Xatırladaq ki, Namiq müəllimin bu mövzuya aid  bir çox diqqətçəkən məqalə və kitabları da  onun bu sahədə bir mütəxəssis kimi yetişməsindən xəbər verməkdədir.

Ötən ilin aprelində Niğde  şəhərində gerçəkləşən IV Uluslararası Türk Dünyası araşdırmaları simpoziumu da çox maraqlı oldu. Simpoziumda  professor Adnan Görürün məruzəsi xüsusilə dərin maraq oyatdı. O, xalqlarımızın dostluğu və qardaşlığı ilə əlaqədar maraqlı fikirlər söyləməklə yanaşı, simpozium iştirakçılarına öz dillərində və ləhcələrində məruzə etmələrini tövsiyə etdi. Simpoziumda bir çox elm və sənət adamları ilə görüşmək imkanı qazandım. Burada tanınmış folklorçu alim, kulturoloq professor Fikrət Türkmənlə də görüşdük. Azərbaycan mədəniyyəti və folklor yaradıcılığını gözəl bilən Fikrət bəyin Azərbaycanda bir çox tanınmış alimlərlə dostluğunun və yaradıcılıq əlaqələrinin olduğu üzə çıxdı. O, tanınmış alimimiz, professor Qəzənfər Paşayevlə olan dostluğunu xatırlatdı və İlqar bəyin köməkliyi ilə telefon vasitəsilə bu iki dost insanın bir daha bir-biriləri ilə mehribanca danışmaqlarının şahidi olduq. Fikrət bəyin sadəliyi, bizim insanlara isti, doğma münasibəti hər an hiss olunurdu. 

Simpoziumun əlamətdar hadisələrindən biri də burada tanınmış elm adamı, professor Sayım Sakaoğlu ilə də tanış olmağımız idi. Bu gözəl insanın simpoziumun işində bir neçə  bölümün fəaliyyət göstərməsinə rəğmən məhz mənim kürsü başqanı olduğum   bölümə gəlməsi məni çox sevindirdi. Belə bir tanınmış və təcrübəli mütəxəssisin bizim bölümümüzdə iştirakı təbii ki, onun nüfuzunu və önəmini bir daha artırmış oldu. Bölümümüzdə həmyerlilərimizdən Avrasiya Universitetinin əməkdaşı, professor Ədalət Tahirzadənin, tanınmış jurnalist Namiq Əhmədovun iştirak etmələri də  məni çox sevindirdi. Bölümümzdə bir çox əcnəbi mütəxəssislər və elm adamları ilə birlikdə professor İlqar İmamverdiyevin və həmyerlimiz, doktor Şərqiyə xanım Atmacanın məruzələri də maraqla dinlənildi. Bu məruzələrdə xalq yaradıcılığımızın aktual  problemləri, xüsusilə, ozan-aşıq sənətinin, eyni zamanda, klassik muğamlarımızın tarixi-nəzəri problemləri işıqlandırıldı. Məruzələrin bir maraqlı yönü də ondan ibarət idi ki, burada məruzəçilər folklor yaratıcılığımıza aid nümunələri praktiki olaraq sazda və tarda dinləyicilərə təqdim edə bilirdilər və bu, iştirakçıların böyük marağına səbəb olurdu. Heç şübhəsiz, bu qəbildən olan məruzələr və çıxışlar milli mədəniyyətimizin xaricdə  tanınması və təbliği baxımından da çox faydalıdır.

Simpozium iştirakçıları arasında Qaziantep Universitetinin əməkdaşı, Türk dili və ədəbiyyatı bölümünün müdiri, doktor Behriye xanım Köksel da var idi. Sözün doğrusu, bir universitetdə çalışdığımıza və onunla vaxtaşırı simpoziumlarda görüşdüyümüzə baxmayaraq, bu zərif qəlbli və təvazökar qadının eyni zamanda, istedadlı bir şairə olduğunu, bir neçə şeir kitabının müəllifi kimi boy göstərdiyini bilmirdim. Sonralar onun məni xüsusilə təsirləndərən bir şeirinə hətta mahnı belə bəstələmiş oldum.

Ötən ilin may ayında İstanbulun Mərmərə Universitetində keçirilən simpoziumda isə Moskvadan gəlmiş tanınmış elm adamı və folklorçu alim, tərcüməçi, professor Tanzila xanım Hacıyeva ilə tanış olmaq fürsəti əldə etdim. Sonradan yaradıcılığı ilə tanış olandan sonra bu təvazökar qadının nə qədər böyük bir iş gördüyünü, bəlkə də bir şöbənin edə bilmədiyi qədər bir yükü qaldıra bildiyini anladım. Mənim Azərbaycan və türk dillərində Kalmık xalqının qəhrəmanlıq dastanı "Canqar"ı  çap  etdirdiyimi eşidəndə onun mənə münasibətinin nə qədər dəyişdiyini hiss etdim.  "Bu ağır yükün öhdəsindən təkbaşına necə gəldiniz?"  deyə təəccübünü gizlətmədi və sonradan anladım ki, "Canqar" dastanı Kalmıkiya ilə birlikdə Qırğızıstanda, Monqolustanda, Çində, hətta Baltikyanı ölkələrdə belə, tanınan və tərcüməsi edilmiş bir əsərdir.  Təsadüfi deyil ki, bu tanışlıqdan sonra Tanzila xanımın   vasitəçiliyi ilə sonralar Moskvada, Qırğızıstanda, Kalmıkiyada təşkil olunan uluslararası konfranslara, simpoziumlara, görüşlərə dəvətlər aldım.  Demə,  Tanzila xanım məndən bir çox il öncə kabardin-balkar ədəbiyyatının şah əsəri olan "Nartlar" kimi  qəhrəmanlıq dastanını rus dilinə tərcümə edibmiş. Tanzila xanımın milliyətcə Qafqaz xalqlarına, özəlliklə də karaçaylılara olan yaxınlığı və yerli dilləri bilməsi əsərin tərcüməsində böyük rol oynayıb. Onun tərcüməsində dastanın demək olar, bütün incəlikləri, spesifik xüsusiyyətləri üzə çıxarılıb. Onun dastana yazdığı geniş həcmli giriş bölümü isə müəllifin Qafqaz xalqlarının psixologiyasını, tarixini, etnoqrafiyasını, genetik köklərinin haradan gəlməsini, folklor yaradıcılığını nə qədər dərindən bildiyini sübut edir. Qısa zamanda tanış olmamıza baxmayaraq, onun mənim yaddaşımda yeni bir elmi  səhifə açdığını məmnuniyyətlə söyləyə bilərəm. Hər şeydən öncə karaçaylıların (Tanzila xanımın tərcüməsində) "Nartlar" dastanını  rus dilində oxuduqdan sonra bu əsərin nədən dilimizə, həmçinin, türk dilinə indiyə kimi tərcümə olunmadığının səbəbini  anlaya bilmədim.

Mərmərə Universitetindəki bu simpoziumun təşkilində tanınmış musiqiçi və dirijor, professor Mustafa Uslunun, həmçinin, tanınmış pedaqoq və musiqişünas alim, doktor Göktan Ayın böyük rolu olduğunu vurğulamaqla bərabər, onların eyni zamanda, musiqi mədəniyyətlərimizin inkişafı və zənginləşməsi yolunda çox faydalı sənət adamları olduqlarını da söyləməyə ehtiyacı duyuram.

Diyarbəkirdə keçirilən, rəqs sənətinə həsr edilmiş  Beynəlxalq simpozium da elm və sənət adamları ilə tanış olmaq baxımından çox yaddaqalan idi. Professor  Talip   Gül simpoziumun açılışında digər elm adamları ilə bərabər mənə də yer ayırmışdı.  Çıxışımda xalqlarımız arasındakı tarixi, mənəvi-etik, estetik bağların məlum səbəblərə, çətinliklərə baxmayaraq, bu günə kimi qırılmaması, əksinə, daha da güclənməsi və inkişafı ilə bağlı fikirlər söylədim, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin və Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin adından simpoziuma təbriklərini çatdırdım. Tədbirdə Bolqarıstanın Plovdiv şəhərinin Musiqi və Dans Akademiyasının rektoru,  professor Mirço  Vasilyev ilə tanış oldum. Onun Akademiyanın fəaliyyəti ilə bağlı öncədən  filmə alınmış  göstərisi böyük marağa səbəb oldu. Filmdə tələbələrin bir çox sənət sahəsində (musiqi ifaçılığı, balet sənəti, xor və solo ifaçılığı və s.) yüksək professionallığı, həmçinin, müəllimlərin pedaqoji ustalıqları və s. simpozium  iştirakçılarına çatdırılmış oldu. M.Vasilyevin Azərbaycanı tanıdığını, Azərbaycan xalqını çox sevdiyini  dilə gətirməsi və bu ölkə ilə mədəni əlaqələrin yaranması, xüsusilə də  incəsənət sahəsi, həmçinin, xoreoqrafiya  təmayüllü lisey və ya universitetlərlə yaradıcılıq əlaqələrinin yaradılmasının hər iki xalq üçün mənfəətli olacağına inamını ifadə etməsi iştirakçılar tərəfindən hərarətlə qarşılandı və bu, bizim üçün çox xoş oldu.

Uluslararası rəqs simpoziumunun gerçəkləşməsində doktor Mustafa Şahinin böyük əməyini də xüsusi olaraq qeyd etmək istərdim. İstedadlı musiqiçi  olan bu şəxs bizimlə xüsusi  olaraq ilgilənir, məruzələrimizin canlı və maraqlı keçməsi üçün əlindən gələni əsirgəmir, müxtəlif ölkələrdən gəlmiş sənət və elm adamlarının bir-birləri ilə tanışlığının və yaradıcılıq əlaqələrinin yaradılmasına yardım etməyi də unutmurdu.

Simpoziumda Qaziantepdə çalışan həmyerlimiz, professional rəqqasə Nazlı Bağırova da çıxış edərək Azərbaycan rəqs sənətinin xüsusiyyətlərindən söz açdı, praktiki olaraq bir çox nümunələr  nümayiş etdirdi və fərmanla ilə tətif edildi.

Ümumilikdə elmi tədbirlərin, milli və beynəlmiləl simpoziumların, konfransların keçirilməsi, məruzələrin yayıma hazırlanması, redaktə olunması,  nəhayət, həm xülasə, həm də tam halında bir fundamental kitab şəklində çapdan çıxması, konfransa gələnlərin  hotellərdə, qonaq evlərində, yurtlarda yerləşdirilməsi kimi  problemlər olduqca çətin və ciddi maliyyə tələb edən işdir.

Təsadüfi deyil ki, bəzi universitetlər bu problemləri çözmək üçün iştirakçılardan belə, dəstək istəyir, məruzələrin çap olunması, iştirakçıların yerləşdirilməsi, qarşılanması, yol xərclərinin ödənilməsi kimi problemlərin  onların hesabına ödənilməsini  nəzərdə tutmağı tərciyə edir. Lakin Türkiyədə bütün bu söylədiklərimizə diqqət yetirən, elm və sənət adamlarının dərdini-sərini, mədəniyyətimiz və elmimiz üçün dəyərini yaxından anlayan, həmçinin türkdilli xalqların mənəvi birliyi, tarixən ortaq dəyərlərinin inkişaf etdirilməsinin müasir mərhələdə olduqca  mühüm olmasını yaxşı dərk edən  bir şəxsiyyət var ki, onu həm Türkiyədə, həm də ondan uzaqlarda yaşayan bütün elm və sənət adamları çox sevir, ona olan hörmətlərini gizlətmirlər. Haqqında söz etdiyimiz bu tanınmış insan Mehmet Zəki Baykaldır. O, hər şeydən öncə Türkiyə və ondan uzaqlarda özünə hörmət qazanmış "Motiv" Halk Oyunları Eğitim ve Öğretim Vakfının  banisi, yaradıcısıdır. Bu adla bir çox sosial-mədəni tədbirlərə, xüsusilə də elmi-praktiki konfranslara, simpoziumlara imza atmış "Motiv" Türkiyədə və ondan uzaqlarda yerləşən  elm və sənət adamlarının bir araya gələ bilməsi,  ictimai elmlərin inkişaf perspektivlərinin tədqiq olunması, türkdilli xalqların sosial-iqtisadi  və sosial-mədəni problemlerinin tədqiqi ilə əlaqədar aktual məsələlərin ortaya atılmasında olduqca böyük uğurlara imza atıb. Ziya bəyin Sivasta Uluslararası Torpaq simpoziumundakı məruzəsində biz bir daha onun yuxarıda qeyd etdiyimiz problemlərin aktuallığının və müasir mərhələdə bilim adamlarının diqqətinin onlara yönəldilməsi məsələsini önə çəkdiyinin şahidi olduq. Zəki bəyin Türkiyəni, onun mənəvi mədəniyyətini dünyaya yaymaq istəyi hər simpozium və konfranslarda bəlli olur.

Zəki bəyin Azərbaycanı da çox sevdiyi bir həqiqətdir. Sivasdakı tədbirdə iştirakçılar arasında ən çox bizim alim və sənət adamlarımızın olması söylədiklərimizə sübutdur. Məsələn, sempoziumda professor Gülnaz Abdullazadə, professor İlqar İmamverdiyev, doktor Züleyxa  Abdulla, doctor Yalçın Abdulla, professor Tamilla Əliyeva, bu sətirlərin müəllifi də iştirak edirdi. Düşünürəm ki, bu müdrik,  təvazökar, işgüzar insan müasir mərhələdə mədəniyyətlərimiz  arasında qarşılıqlı əlaqə və zənginləşmə prosesində, xalqlarımızın bir-birlərinə  daha da yaxınlaşması yolunda bundan sonra da faydalı işlər görəcək, elm və sənət adamlarını sevindirəcək. Bu baxımdan Azərbaycanı, onun adət-ənənələrini, tarixini, mədəniyyətini dərindən bilən, erməni terrorizmini, soyqırımını ən yüksək tribunalardan səsləndirən bir çox elm  adamlarının adlarını da burada yad etmək istərdik. Professor Ənvər Konukçu, professor Aki Kafkasyalı, Cengiz  Alyılmaz, professor Hayati Doğanay, professor Gürsoy Solmaz, professor Adnan Ömerustaoğlu, professor Ağamüslüm Özdemir, tanınmış musiqiçi-alim Mehmet Özbek və bir çox başqaları bu sıradadırlar. Onların hər birinin sosial-siyasi və türkoloji problemlərlə əlaqədər çoxsaylı məqalə və monoqrafiyalarının Türkiyədə müasir elmin inkişafına xidmət etmələri  bir həqiqətdir. Bu əsərlərin Azərbaycanda da tanınması və gözdən keçirilməsinə ehtiyac duyulmaqdadır.

... Türkiyədə son illər elmi biliklərin tədqiqinə, xüsusilə də ictimai sahələrin - tarix və etnoqrafiya problemlərinə, sosial-mədəni problemlərə, türkoloji problemlərə, təhsil-tərbiyə problemlərinə və s. həsr olunmuş beynəlxalq simpoziumlar, konfranslar, masa arxası görüşlər söylədiklərimizi bir daha təsdiq edir. Bu kimi  elmi tədbirlər Türkiyədə dünyaya açılma prosesinin sürətlə inkişafından xəbər verir. Sevindirici haldır ki, bu tədbirlərə əcnəbi elm və sənət adamları ilə bərabər, hər zaman Azərbaycandan da nümayəndələr dəvət olunurlar.

Babək QURBANOV
fəlsəfə elmləri doktoru, professor, Qaziantep Universiteti

 





10.08.2018    çap et  çap et